- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

11.22.2014

21-ci əsrdə malyariyadan əziyyət çəkmək...

“Bu ailələr ki, burda məskunlaşıb, bizim taleyimiz heç kimin vecinə deyil! Allahın belə unutduğu adamlarıq...”

Kəlbəcərin Çaykənd kəndindən məcburi köçkün düşən Səfurə Həsənova hazırda ailəsilə birgə Mingəçevirdə 2 saylı poliklinikanın köhnə binasında məskunlaşıblar. Onlardan başqa bu binada ümumilikdə yeddi məcburi köçkün ailəsi yaşayır. 

Səfurə Həsənova dörd övladını bu şəraitsiz binanın divarı, döşəməsi beton olan otağında böyüdüb. Evin pəncərəsini karton əvəz edir. Döşəməni isə əllərinə keçən köhnə xalça-palazla döşəyiblər ki, ayaqlarının altı az da olsa isinsin.


“Hamam yoxdur. Evə vanna qoyub çimirik. Tualet ümumidir, özü də o qədər adam üçün bircə dənə. Nəvələrim qanmır. Növbə yarananda gözləyə bilmirlər, evdə vannaya otururlar. Antisanitar vəziyyətdə yaşayırıq”.

Səfurə Həsənovanın sözlərinə görə, antisanitariya üzündən qızı uzun müddət malyariyadan əziyyət çəkib.

“Yoldaşım sürücü işləyirdi. Onun maaşı ilə qızımı müalicə etdirə bilmədik. 9-cu sinifdə oxuyan oğlum işləməyə başladı. Birtəhər qızımı müalicə elətdirib sağaltdıq. İyirmibirinci əsrdə, sivil bir ölkədə vətəndaşın malyariyadan əziyyət çəkməsi nə deməkdi. Deyəndə də deyirlər ki, Afrikaya baxın, şükr eləyin, daha hansı günümüzə şükr eləyək?!”.

Müsahibim deyir ki, yaşadıqları yerdə milçək, ağcaqanad, siçan, tarakan, sahibsiz it, pişik əlindən tərpənmək olmur. 

“Dərmanlara nə qədər pul veririk. Həmin dərmanlarla evi həşəratlardan təmizləyirik. Bizim aylıq nə qədər gəlirimiz var ki?! Onsuz da cüzi qazancımızı bilmirik nəyə çatdıraq. Bu da bizim üçün artıq xərcdir”.

Səfurə Həsənovanın oğlanları evlənəndən, nəvələri dünyaya gələndən sonra ailənin vəziyyəti daha da çətinləşib.

“Yoldaşım, qızım, iki oğlum, gəlinlərim, 5 nəvəm iki otağa güclə sığışırıq. Əgər buna iki otaq demək olarsa. Bir otağı karton arakəsmə ilə iki yerə bölmüşük. 12 nəfər bu daracıq yerdə çox əziyyət çəkirik”.

Qəhrəmanım deyir ki, 21 ildir heç kim onlarla maraqlanmır. 

“Deyən yoxdur ki, ölmüsünüz-qalmısınız, nə yeyib, nə içirsiniz, necə dolanırsınız? Doğrudur, məcburi köçkün ailəsi kimi bizim kommunal xərcimizi dövlət ödəyir, amma bəlli limitdə. Yaşadığımız yeri isə qızdırmağa hökumətin verdiyi enerji kifayət etmir. Hər ay cibimizdən nə qədər pul verib, karta enerji yükləyirik”.

Müsahibimin sözlərinə görə, onların məskunlaşdığı otağa əvvəllər heç su da gəlmirmiş. 12 il suyu bir kilometr aralıda yerləşən Yanğından Mühafizə İdarəsinin həyətindən daşıyıblar.

“Qonşuya neçə dəfə getmək olar? Görürdüm ki, insanları narahat edirəm. Yerli camaat binanın qarşısındakı sudan istifadə etməyə qoymurdu, deyirdilər ki, o suyu öz pulumuza çəkdirmişik. Mən də idarədən su daşıyıb 4 uşağı çimizdirib, paltarını yuyub, yemək bişirib, çay qoyurdum. Sonra birtəhər pul düzəldib biz də öz hesabımıza otağa su çəkdik”.

Səfurə Həsənova deyir ki, yaşadıqları yer ailənin bütün üzvlərini xəstə salıb. Soyuq və nəmişlik üzündən hətta qırxlı nəvəsinin ciyərlərində problem yaranıb.

“Bronxlarımız, ciyərlərimiz sıradan çıxıb. Bir tərəfdən revmatizma əziyyət verir. O da ürəyə təsir edir. Yenicə dünyaya gəlmiş nəvələrim də bir müddətdən sonra xəstəlik tapır”.

Amma onları hələ ki, bu şəraitsiz yerdən köçürmək istəyən yoxdur. Öz imkanları hesabına yeni ev almaları da mümkünsüzdür.

“Yoldaşım, iki oğlum fəhləlik edir. Fəhlə nə qədər qazanır ki? Özümüzü zor-güc dolandırırıq, biz evi necə ala bilərik?! Müraciət etmədiyim yer qalmayıb. Hər dəfə deyirlər ki, növbəti tikilən binadan sizə də mənzil verəcəyik. Beləcə 3 dəfə yeni bina tikilib, istifadəyə verilib. Biz yada düşməmişik. Ümidlə yeni tikilən dördüncü binanı gözləyirəm”.

Səfurə Həsənova məcburi köçkünlər üçün inşa olunan binaların bölgüsündən narazıdır. Onun sözlərinə görə, ev paylanarkən ailələrin hazırkı şəraiti müqayişəli olaraq nəzərə alınmır. 

“Komissiya insanların şəraiti ilə dərindən tanış olmalıdır və bundan sonra ev veriləcək ailələrin siyahısını ədalətlə hazırlamalıdır. Kimin vəziyyəti daha ağırdırsa, onlar qabağa salınmalıdır. Yoxsa ki, bizdən daha normal şəraitdə olanlar evlə təmin olunub, biz isə qalmışıq kənarda. Bu yeni tikilən binadan da ev verməsələr, burada yaşayan 7 ailə aclıq aksiyası keçirəcəyik. Bu da nəticəsiz qalsa, intihar edəcəm. Bu gün, sabah ölüb gedəsiyəm onsuz da. Heç olmasa övladlarımın evi olsun, mən də rahat ölüm”.

Qeyd: Material EPNK-in Avropa Birliyinin maliyyəsi və International Alert təşkilatının dəstəyilə həyata keçirilən "Eşidilməyən səslər" layihəsi çərçivəsində hazırlanıb. Materialın məzmumuna görə yalnız müəllif məsuliyyət daşıyır və International Alert, EPNK və donorların mövqeyilə üst-üstə düşməyə bilər.


http://civil-forum.az/meqaleler/744-21-ci-srd-malyariyadan-ziyyt-kmk.html

Комментариев нет:

Отправить комментарий