- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

9.15.2015

Rayon maşınlarına qadağa başlayır

Sentyabrın 15-də səhər saatlarından etibarən rayon qeydiyyatında olan minik avtomobillərinin gündüz saatlarında Bakıya buraxılmaması ilə bağlı qayda qüvvəyə minəcək.
Bu, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında qərarına əsasən həyata keçiriləcək.
Bir müddət əvvəl bu barədə jurnalistlərə açıqlama verən baş nazirin müavini Abid Şərifov, "sadəcə insanların təhlükəsizliyi, rahatlığı barədə düşünürük" deyə şərh verib.

Amma bu qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Təhlilçilərin fikrincə, şəhərdə tıxacı yaradan əsas səbəb rayon maşınlarının hərəkəti deyil və bu qərar vətəndaşların konstitusiya hüquqlarını pozur.

"Konstitusiyaya zidd"

Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən yol hәrәkәti yalnız yollarda tәmir vә ya abadlaşdırma işlәri görüldükdә, fövqәladә hadisә baş verdikdә, yol hәrәkәtinin tәhlükәsizliyi, insanların hәyatı vә ya әmlakı üçün tәhlükә yarandıqda, hava-iqlim şәraiti pislәşdikdә və Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş hallarda kütlәvi tәdbirlәr hәyata keçiriləndə müvәqqәti mәhdudlaşdırıla vә ya qadağan edilә bilәr.
Bu o deməkdir ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli qərarı ölkə qanunvericiliyi ilə uyğunlaşmır.
İqtisadçı Natiq Cəfərli isə bu qərarın həm Konstitusiyaya, həm də Mülki Məcəlləyə zidd olduğunu bildirir.
Konstitusiyaya əsasən vətəndaşlar ölkə ərazisində sərbəst dolaşmaq haqqına malikdir. Mülki Məcəllədə isə bildirilir ki, insanın avtomobili onun şəxsi mülkiyyəti sayılır və vətəndaşın şəxsi mülkiyyəti ilə hərəkət azadlığı var, təhlilçi deyir.
"Bakıda tıxac problemi var. Amma regionlarda yaşayan vətəndaşlara qarşı ayrıseçkilik etməklə bu problemi həll etmək olmaz", Natiq Cəfərli bildirir.
Cənab Cəfərlinin sözlərinə görə, Eurovision musiqi yarışması zamanı tıxac məsələsinin həlli düzgün idi.
"O zaman mağazaları mallarla təmin edən şirkət maşınlarına və ağır yük maşınlarına ancaq axşam saatlarında şəhərə çıxmağa icazə verlmişdi və bu doğru qərar idi", deyən iqtisadçı hazırki qərarın effektiv olacağına inanmadığını da əlavə edir.

Deputat da narazıdır

"Azərbaycanda ən yaxşı qanunların belə pozulduğuna şahidik. Təəssüf ki, bu qərar korrupsiya hallarına gətirib çıxara bilər. İşə nəzarət edən Nəqliyyat müşfəttişiliyi və Yol polisinin əməkdaşları tərəfindən korrupsiya üçün bəhanəyə çevrilə bilər", Natiq Cəfərli deyir.
Təhlilçinin fikrincə, belə qərarın tətbiqi zamanı vətəndaşın rahatlığını təmin etmək də lazımdır. Bunun üçün şəhər kənarı duracaqlardan 15-20 deqiqədən bir şəhərə gələcək avtobusların pulsuz hərəkətini təşkil etmək lazımdır.
Milli Məclisin İnsan Hüquqları komitəsinin üzvü İqbal Ağazadə fövqaladə vəziyyət olmadan "avtomobillərin şəhərə girişinə məhdudiyyət qoyula bilməz" deyir.
O bildirir ki, məsələ ilə bağlı Nazirlər Kabinetinə məktub ünvanlayaraq, vətəndaşların "konstitusiya hüququnun pozulmaslı ilə bağlı qərar qəbul edən orqanların cəzalandırılmasını və qadağanın dərhal aradan qaldırılmasını" istəyib.
"Rayon qeydiyyatlı maşınlar tıxaca səbəb olsa belə, paytaxtda səliqə yaratmağın yolu bu deyil", o deyir.

Sürücülər nə düşünür?

"Bakıda tıxac yaradan rayon qeydiyyatlı maşınlar deyil. Yoldakı maşınlara baxın hansı nömrə rayona aiddir?", bu sualı taksi sürücüsü verir. Onun fikrincə, şəhərdə tıxacın yaranmasının əsas səbəbi maşınların parkinqidir.
Müsahibimiz deyir ki, maşınların şəhərin küçələrində yolkənarı saxlaması sərbəst hərəkətə mane olur.
Digər sürücü isə deyir ki, yolkənarı maşınların bəzən bir, bəzən 2 sıra dayanmasının səbəbi əksər iş yerlərinin və universitetlərin şəhərin mərkəzində yerləşməsidir.
Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov da rayon maşınlarının tıxac yaranmasının əsas səbəb olmasını düşünmür. Onun sözlərinə görə, əsas səbəb Bakının prospekt və küçələrinin kənarında iri topdansatış və ticarət mərkəzlərinin yerləşməsidir.
O bildirir ki, qaydalara görə belə obyektlərin tikintisi zamanı maşınların parkinq meydançası mütləq nəzərə alınmalıdır. Amma bu qaydaya hazırda əməl olunmur.
"Çox vaxt sahibkar 3 sotluq ərazidə hündürmərtəbli bina tikdirərkən sənədlərdə zirzəmi qatını və ya birinci mərtəbəni parkinq meydançası edəcəyini bildirir. Amma sonra buna əməl etmir və aidiyyatlı qurumlar da gedib bu halı yoxlamır", ictimai birlik rəhbəri deyir.

Parkinq

Cənab Rüstəmov tıxac problemindən çıxış yolunu iri ticarət mərkəzlərinin və xidmət obyektlərinin şəhərdən kənara köçürülməsində görür.
Natiq Cəfərli isə şəhər mərkəzində parkinqə nəzarətin yaxşılaşdığını və bir neçə parkinq meydançasının istifadəyə verildiyini bildirir. Amma burada da qiymətlər bahadır.
"Parkinqin saatı bir manatdan hesablanır, 8 saatına isə 5 manat ödənməlidir. Hər ay üçün iş gününə uyğun olaraq 125 manat parkinqə pul xərclənməlidir. Orta aylıq əmək haqqı 400 manat olan yerdə, maaşın dörddə birini parkinqə ödəmək də sərf etmir", iqtisadçı əlavə edir.
Sabahdan etibarən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacaq və bu avtomobillərin şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılacaq. Gecə saatlarında isə bu avtomobillərin paytaxta girişi sərbəstdir, APA xəbər verir.
Duracaqlardan biri Bakı-Ələt yolunun 14-cü km-də, Lökbatan dairəsi, digəri isə Müşfiqabad qəsəbəsi yaxınlığındadır. Üçüncü duracağın tikintisi üçün də torpaq sahəsinin ayrıldığı açıqlanıb.
Oxşar hal bu ilin iyunun 12-də Bakıda baş tutan 1-ci Avropa Oyunları ilə əlaqədar yaşanmışdı. İyul ayında isə Bakıda çəkisi 5 tondan çox olan yük avtomobillərinin gündüz vaxtı hərəkətinə məhdudiyyət qoyulmuşdu.
http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150914_regional_cars_ban

Комментариев нет:

Отправить комментарий