Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ əlillərinin problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində I konfransını keçirib.
“Qarabağ qaziləri” birliyinin mətbuat xidmətindən verilən məlumata görə, konfransı giriş sözü ilə açan Qarabağ qaziləri birliyinin sədri Ehtimad Əsədov bu və digər layihələrə dəstək verdiyi üçün, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevə minnətdarlığını bildirib. Qazilərin problemlərindən danışan E.Əsədov bir çox məqamlara toxunub: “Bu layihənin əsas məqsədi Qarabağ əlillərinin, şəhid ailələrinin maarifləndirilmə yolu ilə problemlərinin həllinə yardım etməkdir. Biz onsuz də uzun illərdir bu qəbildən olan insanların probleminin həlli istiqamətində çalışırıq. Bu layihə gördüyümüz işlərin səmərəsini daha da artıracaqdır. Sözsüz ki, dövlət tərəfindən, xüsusi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Qarabağ əlillərinə, şəhid ailələrinə diqqət və qayğı göstərilir, onların problemlərinin həllinə çalışırlar. Biz də bu işdə dövlətə, müvafiq dövlət strukturlarına kömək etməyə çalışırıq. Bizim bir sıra problemlərimiz var ki, onları dəqiqləşdirib konkret qurumlar qarşısında qaldırırıq. Bizi ən çox narahat edən problem bəzi məmurların özbaşınalığı, biganəliyidir.