Hər il Avropada 62 milyon
qadın zorakılıq qurbanı olur
Avropa Təməl Hüquqlar
Agentliyinin apardığı sorğulardan bəlli olub ki, Avropada hər il 62 milyon
qadın zorakılıqla üzləşir, zorakılıq görənlərin 5 faizi cinsi istismar edilir.
Qadınlara qarşı zorakılıq faktlarının araşdırılması ilginc faktların ortaya
çıxmasına səbəb olub. Avropanın nüfuzlu elmi mərkəzlərinin apardığı
araşdırmalar Hollandiya, Finlandiya, İsveç, İngiltərə və Fransa kimi inkişaf
etmiş ölkələrin qadın zorakılığı ilə bağlı statistikada ilk yerləri tutduğunu göstərib.
Dünya üzrə qadınların
59 faizi zorakılıq qurbanı hesab edilir. Danimarkada bu faiz 52,
Finlandiyada 47, İsveçdə 46, İngiltərə və Fransada 44, Almaniyada 35-dir. Statistikaya
görə, Avropada qadınların ən az zorakılıq gördüyü ölkələr Avstriya və
Horvatiyadır – 20 faiz.
Türkiyə qadınlarının 39 faizi kişilərin zorakılığına məruz qalır.
Durum Birləşmiş Millətlər Təşkilatının da nəzarətindədir. BMT 25 noyabrı
Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü elan edib. Ancaq BMT-nin
araşdırmaları da məyusluq yaradır. Son illər maarifləndirmə və təbliğat
imkanlarının çoxalmasına baxmayaraq, qadınlara qarşı zorakılıq tatustikasında
azalma yox, artım var. BMT-ni narahat edən bir məqam isə yüksək inkişaf etmiş
ölkələrdə belə faktların çoxalmasıdır. Bir sıra sosioloqlar bu faktı Avropada
statistikanın dəqiq aparılması ilə bağlayır. İnsan haqlarının qorunmasına həm
dövlət, həm də ictimai nəzarətin yüksək olduğu Avropa ölkələrində qadınların öz
haqlarını müdafiə imkanları genişdir. Məsələn, inkişaf etmiş ölkələrdəki
qadınlar kişilərdən zorakılıq görərkən bu haqda polisə və digər məsul qurumlara
zəng vurmağı təhlükəli saymırlar. Bu informasiyaların dəqiq statistikasının
aparılması isə həm problem haqqında dolğun təsəvvür yaranmasına, həm də
hesabatlarda fazilərin yüksəlməsinə səbəb olur. Zorakılıq statistikasının belə
şaşırdıcı olmasının mental səbəbləri də var. Şərq qadınlarının adi həyat
norması kimi qəbul etdiyi bir sıra məişət hadisələri Avropa qadını üçün
azadlıqların ciddi məhdudlaşdırılması anlamına gəlir. Şərq qadınının sevə-sevə
üstləndiyi bir sıra işlər – evi səliqəyə salmaq, uşaqları məktəbə aparmaq
Avropada yalnız qadının üzərinə düşürsə, statistika bunu qadınlara qarşı
zorakılıq faktı kimi qeydə alır. Bundan başqa, boşandıqdan sonra ataların
övladları üçün aliment ödəməkdən yayınması qadına qarşı zorakılıq hesab edilir.
Avropa qanunları qadını ailəni keçindirmək üçün əlavə işləməyə məcbur edən bu
halı zorakılıq sayır.
Qonşu Türkiyədə də hər 4 qadından 1-i zorakılıq qurbanıdır. Türkiyə Ailə və
Sosial Siyasət Nazirliyinin 2014-cü illə bağlı hesabatı ürəkaçan olmayıb.
Çeşidli sosial qruplar arasında aparılan sorğulardan da eyni nəticə
alınıb. Nazirliyin hesabatında o da bildirilir ki, qadınlara qarşı zorakılıq edən
kişilər əsasən natamam ailələrdə böyüyənlərdir. Sənəddə qeyd olunub ki,
boşanmış ailələrdə böyüyən uşaqlar normal ailələrdə böyüyən uşaqlara nisbətə
daha kompleksli, daha aqressiv olurlar. Bu isə gələcəkdə onların yaxın çevrələri
ilə zor dilində danışmasına səbəb olur. Türkiyədə aparılan statistika həm də
onu ortaya çıxarıb ki, son 10 ildə meqopolislərdə yaşayanlarla yanaşı kəndlərdə
yaşayan əhali arasında da boşanmaların sayı artıb. Türkiyə hələ də boşanmalara
görə qan davaları yaşanan ölkələr sırasındadır.
Türkiyə cəmiyyətində qadınlara qarşı zorakılığın artması səbəbləri ilə
bağlı ciddi fikir ayrılıqları var. Dünyəvi düşüncə sahibləri iddia edir ki, son
illər Türkiyə cəmiyyətində dini meyllərin güclənməsi qadın haqlarının məhdudlaşmasına
səbəb olub. Bu fikri müdafiə edənlər iddia edir ki, din faktoru qadınları
sosial həyatdan uzaqlaşdıraraq onları öncə atalarının və qardaşlarının, daha
sonra isə ərlərinin və oğullarının mülkiyyətinə çevirir. Təhsil səviyyəsinin
aşağı olması bu amili daha da gücləndirir. Digər görüşün sahibləri isə düşünür
ki, ölkədə qadınlara qarşı hücumların çoxalması məhz cəmiyyətin dünyəvi model
üzərində inkişaf etməsinin nəticəsidir. Bu fikrin tərəfdarları çıxış yolunu
dini maariflənmənin daha da genişləməsində görür. Türkiyənin bir sıra rəsmi şəxsləri
də bu mövqedədir. Məmurlar çıxış yolu kimidin dərslərinin sayı artırılmasını,
İslam dininin qadına verdiyi dəyərlərlə daha geniş təbliğ aparılmasını göstərir.
Yüksək vəzifəli dövlət
məmurlarının dilindən səslənən bu tip fikirlər medianın, eləcə də vətəndaş cəmiyyəti
institutlarının ciddi təpkisi ilə qarşı-qarşıyadır. Bir sıra QHT rəhbərləri məmurları
hüquqi dövlət anlayışından uzaqlaşaraq ölkəni ortaçağ zehniyyəti ilə idarə etməkdə
suçlayır. Türkiyə mediası da məsələyə ciddi təpki verir. Ünlü köşə yazarları məmurları
Türkiyəni demokratik prinsiplərlə idarə olunan hüquqi dövlət modelindən
çıxararaq klerikal dövlət mödelinə yaxınlaşdırmaqda ittiham edir.
3 gün öncə 20 yaşlı tələbə
Özgəcan Aslanın amansızlıqla öldürülməsi isə Türkiyədə qadın zorakılığı
problemini gündəmin bir nömrəli məsələsinə çevirib. İctimai nəqliyyatda evlərinə
qayıdan tələbə qızı sürücü öncə zorlamağa cəhd edib, daha sonra öldürüb. Sürücü
atasını və qardaşının köməyi ilə cəsədi dərəyə apararaq yandırıb. Qatil cəsədi
yandırmazdan öncə əllərini kəsib. Dindirmə zamanı o, bu vəhşiliyini Özgəcanın
dırnaqlarının üzündə yara açması ilə izah edib. Türkiyənin bütün şəhərlərində
Özgəcan Aslanın vəhşicəsinə öldürülməsi ilə bağlı etiraz aksiyaları keçirilib.
Fevralın 16-da bütün qadınlar həmrəylik əlaməti olaraq küçələrə qara paltarda
çıxıb. Bu qərarı Türkiyə telekanallarında çalışan qadınlar da dəstəkləyib. Xəbər
aparıcıları daxil olmaqla bütün qadın televizyonçular efirə qara libasda çıxıb.
Türkiyədə ölüm
hökmünün bərpası ilə bağlı tələblər də səslənməyə başlayıb. Millət vəkilləri
daxil olmaqla bir sıra nüfuzlu şəxslər belə ağır cinayətlərə görə ölüm hökmünün
verilməsi tələblərini səsləndirib. Baş nazir Əhməd Davudoğlunun məsələ ilə
bağlı son çıxışından sonra bir sıra qəzetlər ölüm hökmünün yenidən tətbiq ediləcəyi
ilə bağlı versiyalar irəli sürüb. Baş nazir olayı kəskin pisləyərək bu cür vəhşilikləri
törədənlərin ən ağır cəza alacağını deyib.

Комментариев нет:
Отправить комментарий