Sosial şəbəkələrdə “sən də anlat” haştağı altında təcavüzə məruz
qalan insanların həyat hekayələri anladılır. Gözəl kampaniyadır, ictimai qınaq
üçün vacib addımdır. Amma təəssüf ki, təcavüzə məruz qalanlar, zorakılıqla üzləşənlər
arasında çox az adam tapılar ki, sosial şəbəkədən yararlansın, yaxud da bunu
yazmağa cəsarət etsin.
Bununla belə, bir
yerdən başlamaq lazımdır. Əgər gecə küçədə görünmək qadın üçün təhlükəlidirsə
(bugünlərdə iki kişi gecəyarısı küçədə qadına təcavüz ediblər), deməli,
ictimaiyyət reaksiya verməli, təhlükənin qarşısını almaq üçün addımlar
atılmalıdır. Necə ki, Türkiyədə bu etirazın şahidi oluruq.
Təəssüf, Azərbaycan
da o ölkələr sırasındadır ki, orada əksər qadınların həyatında cinsi, iqtisadi və
mənəvi zorakılıq var. Bizdə cinsi zorakılıq təkcə küçədə olmur, bunu həm də əzizlərimizin
əli ilə həyata keçirirlər. Bizdə qızları daha çox toy-düyünlə, valideynin
razılığı ilə zorlayırlar.
Məsələn, əksər
rayon və kəndlərdə zorla qız qaçırmaq adəti hələ də var. Bu, qanunla adam
oğurluğu hesab olunsa da, hələ də qızı zorla qaçırmaq, geri qayıtmağa üzü
olmasın deyə təcavüzə məruz qoymaq adəti var.
Yadımdadı, tələbəlik
illərində universitetimizin ən gözəl qızı laçınlı bir oğlan tərəfindən
qaçırılmışdı. İki dəfə qızı oğlanın əlindən aldılar, yenə fürsət tapıb qaçırdı
və elə maşındaca...
Bundan sonra “heç
vaxt onunla yaşamaram” deyən qız polis bölməsində “öz istəyi” ilə qaçdığını
söylədi.
Başqa bir tanışım
isə bir gün oğlanın evində qalmışdı, valideynləri yerini öyrənə bilməmişdilər,
ona görə geri qaytarılmadı. Bu lənətə gəlmiş mentalitetdə qaçırılan qızı geri
qaytarmaq ayıb, töhmət sayılır. Qızın fikri, günahsızlığı kimin nəyinə lazımdır
ki?
Bu ölkədə analar
var ki, 15 yaşlı qızını 40 yaşlı kişinin var-dövlətinə “ərə verir”. Özü də döyə-döyə.
Bu ölkədə atalar var ki, qızını yarımçıq təhsildən ayırıb qıfıl altında
saxlayır. Sonra da zorla, rəyi belə soruşulmadan bir əşya kimi başqasına verir.
Azyaşlıların, yeniyetmələrin ərə verilməsi faktı azdırmı? Bunlar zorakılıq
hesab olunmurmu? Sadəcə bir fərqi var, bu qızlar zurna-qaval sədası altında təcavüzə
məruz qalır, səsləri “ər evi gor evi” deyimi ilə susdurulur. İstəmədiyin adam
ya zorla yatağına girdi, ya küçədə rastına çıxdı, nə fərqi var axı?
Bu ölkədə
zorakılığa məruz qalan qadın bütün hallarda günahkardı. İnanmırsız, polis bölmələrindən
soruşun. Əgər zorlayan ərdirsə, ondan şikayət edən qadın “yaxşı qadın da ərindən
şikayət etməz. Yaxşı arvad kişinin istəyinə “yox” deməz” tənəsi ilə qarşılaşar.
Yox, əgər qadın küçədə təcavüzə məruz qalarsa, o zaman yenə ilk deyilən fikir
“gecənin o vədəsində küçədə nə işi vardı? Qısa yubka geyinəndə düşünəydi”-deyilir.
Amma bu düşüncədə
olanların heç ağlına da gəlmir ki, onlar bunu deməklə elə kişiləri
aşağılayırlar, “tut, parçala” təfəkküründə yaşayanların əslində heyvandan fərqlənmədiyini
göstərirlər.
Təcavüzə məruz
qalan qadınlar arasında başına gələnləri ən gözəl şəkildə Leyla anladıb.
Alexandra Caveliusun qələmə aldığı “Leyla”dan danışıram. Əsər gerçək həyatdan
götürülmüş bir bosniyalı qızın yaşantılarını əks etdirir. Əsir düşərgələrində
olmazın məşəqqətlərini yaşayan Leylanın həyatı adamı çox sarsıdır. Əsərdə bir
epizod var, Leyla deyir: “... Buradan sağ çıxmayacağam deyə düşünürdüm və əmindim.
Artıq başqa bir düşüncə gəlmirdi ağlıma. Kişilər mənə zibil qutusu, oyuncaq,
pislikmişəm kimi baxırdılar. İyrənc əhvalatlar anladanda “gül!” deyə emr
edirdilər. Amma buna halım yox idi. O zaman biri qollarımı tutar, digəri təcavüz
edərdi. Yarı ölü halda gülürdüm. Öldürmək onlara yetərincə maraqlı gəlmirdi. Mənə
işgəncə verməyin keyfini yaşayırdılar...”
Leyla kimi işgəncə
və təcavüz görmüş qadınlarla hələ Bosniya və Hersoqovinada olanda
rastlaşmışdım. O insanların nələr yaşadıqları haqqında təsəvvürlərim yetərincədir.
Bizdə də erməni təcavüzünə məruz qalan onlarla qadın var. Amma mental təpki bu
insanların səsinin beynəlxalq aləmə çatdırılmasına imkan vermir. Hələ indiyədək
biri açıq şəkildə ortaya çıxıb “baxın, erməni vəhşətinin bu cür qurbanı
olmuşam” deməyib. Çünki ona pis nəzərlər baxacağından qorxub. Günahsız olduğu
halda günahkar olacağından ehtiyatlanıb, dərdini içində basdırıb.
Mənə görə
dünyanın ən böyük bəlaları təcavüz qarşısında heç nədir. Təcavüz qadını təkcə
özündən deyil, bütün dünyadan iyrəndirə, onu çox rahatlıqla qatilə çevirə bilər.
Ona görə də heç bir qadının təcavüzə layiq olmadığını insanlara anlatmaq, təcavüz
olunanın deyil, təcavüzkarın ictimai qınağa tuş gəlməsinə çalışmaq lazımdı.

Комментариев нет:
Отправить комментарий