Fevralın 7-də 51-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr”
mövzusunda panel müzakirəsi
keçirilib.
”Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
”Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Sloveniyanın Prezidenti Borut Pahorun sədrliyi ilə keçirilən paneldə dövlətimizin
başçısı çıxış edib və sualları
cavablandırıb.
Prezident Borut Panor: Cənab Prezident, Sizin fikrinizcə Avropa İttifaqının genişlənməsi
imkanlarının çatışmazlığı məsələsi problemin
mövcud olduğu regionda çətinliklər yaradırmı?
Prezident İlham Əliyev: Bizə, yəni Ermənistan-Azərbaycan
münaqişəsinə gəldikdə, bu, hesab
edirəm ki, əsas məsələ deyil. Çünki bizim Avropa İttifaqına istənilən inteqrasiya
ilə bağlı perspektivlərimiz aydındır.
Prezident
Borut Panor: Bəs NATO?
Prezident
İlham Əliyev: NATO-ya gəldikdə düşünürəm ki, bu, əsasən həmin təşkilatın gündəliyində duran məsələlərdən asılı olacaq. Azərbaycan kimi ölkə və beynəlxalq təşkilatlar arasında münasibətlərdə təşəbbüs həmişə beynəlxalq təşkilatdan gəlir. Bu vaxta qədər NATO ilə Azərbaycan, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsi hər iki tərəf üçün qənaətbəxş olub. Nə NATO-nun, nə də Avropa İttifaqının danışıqlar
prosesinə birbaşa müdaxilə etmək niyyəti yoxdur. Bu iki təşkilatın rəsmiləri həmin faktı dəfələrlə qeyd ediblər. Buna görə də biz əslində, öz resurslarımıza güvənirik. 21 il bundan əvvəl atəşkəs rejimi elan olunanda Azərbaycanın əsas hədəfi dövlət və güclü iqtisadiyyat qurmaq, özümüzə güvənmək idi. Həmin vaxt bizim hələ də ümidimiz var idi ki, beynəlxalq ictimaiyyət ədaləti bərpa etmək üçün nə isə bir iş görəcək. Başlanğıcda bizim çoxlu
ümidlərimiz var idi. Bayaq qeyd
etdiyim kimi, BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurası Parlament
Assambleyasının qəbul etdiyi qətnamələr və digər beynəlxalq təsisatlar həmişə bizim mövqeyimizi dəstəkləyiblər. Lakin zaman keçdikcə biz gördük ki,
bu qətnamələr sadəcə kağız üzərində qalır və bunlar sadəcə bəyanatlardır, səfərlərdir, fəaliyyətlərdir, lakin heç bir nəticə yoxdur. Sonra biz başa düşdük
ki, dövlətimizin taleyi bizim öz əlimizdədir.
Prezident
Borut Panor: Etimadı bərpa etmək üçün ilk növbədə hansı addım atılmalıdır?
Prezident
İlham Əliyev: Hesab edirəm ki, bu, çox sadədir. İlk
addım işğal olunmuş ərazilərin bir hissəsinin Ermənistan tərəfindən geri qaytarılmasına
başlanılmasıdır. Dağlıq Qarabağ və 7 ətraf rayon işğal olunub. Beləliklə, danışıqlar prosesini davam etdirəcəyimizi nəzərə alaraq bu ətraf rayonların bir qisminin geri qaytarılmasına başlanılması mənzərəni dərhal dəyişəcək, hərbi əməliyyatlar dərhal dayanacaq, atəşkəs rejiminə tam riayət olunacaq. Biz artıq Azərbaycan ilə Ermənistan arasında bütün
kommunikasiyaların açılacağına dair təklif irəli sürmüşük. Beləliklə, Ermənistanın bizim ərazimizdən dəmir yolu vasitəsilə Rusiyaya çıxışı olacaq. Həmçinin Türkiyə də Ermənistan ilə bütün kommunikasiyalarını
açacaq. Beləliklə, biz hərbi əməliyyatların başlanması ilə əlaqədar istənilən potensial riskləri aradan
qaldırmış olacağıq və etimad qurmağa başlayacağıq.
Lakin Ermənistan bizim bütün təkliflərimizə məhəl qoymur. Çünki Ermənistan sülh istəmir. Düşünürəm ki, bu, münaqişənin həll olunmamasının səbəbi ilə bağlı ən vacib məsələlərdən biridir. Çünki bir tərəf sülh, ərazi bütövlüyünün bərpasını istəyir, digər tərəf isə sülh istəmir. Ermənistan hər şeyin dəyişməz qalmasını istəyir. Çünki onların torpaqları işğal altında deyil, onların bizim üzləşdiyimiz bir milyon qaçqın və məcburi köçkün kimi böyük problemi yoxdur. Onlar danışıqlar prosesində sadəcə imitasiya xarakterli müəyyən addımlar atırlar. Bəs nə etmək lazımdır? Necə edək ki, Ermənistan daha çox məsuliyyətli olsun? Biz beynəlxalq təşkilatlarla, ilk növbədə vasitəçilərlə bu məsələlər üzərində işləməliyik. Ermənistan rəhbərliyinə çox aydın siqnal göndərilir: İşğalı dayandırın, işğal olunmuş ərazilərin geri qaytarılmasına
başlayın. Azərbaycan bu təklifləri etdi. Biz hətta təkliflər irəli sürdük ki, Dağlıq Qarabağda
müəyyən sosial
proqramlar icra edə bilərik. Çünki oradakı insanlar çox pis vəziyyətdə yaşayırlar. Biz nəqliyyat,
energetika sahələrində əməkdaşlıq edə bilərik. Biz açığıq. Biz Dağlıq
Qarabağda yaşayan ermənilərə yüksək muxtariyyət təklif edirik. Lakin bütün təkliflərimiz qəbul olunmur.
Prezident
Borut Panor: Cənab Prezident, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində və Gürcüstan böhranında məqsədi varmı? Onun məqsədləri nədir? Bu sualı necə cavablandırardınız?
Prezident
İlham Əliyev: Bizim üçün ən əhəmiyyətlisi bu münaqişənin həll yolunun tapılmasıdır. Biz
ümid edirik ki, həll yolunun tapılmasına şərait yaratmaq üçün Minsk qrupunun həmsədrləri daha çox iş görəcəklər. Hesab edirik ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunarsa və sülh bərqərar edilərsə bu, bütün tərəflərin maraqlarına xidmət edəcək. Buna görə də əlbəttə ki, regional əməkdaşlığı artırmaq üçün biz
çoxlu işlər görürük. Məsələn, bizim Gürcüstanla ikitərəfli əlaqələrimiz regional əməkdaşlığın və Cənubi Qafqazda əməkdaşlığa necə nail olmağın çox yaxşı nümunəsidir. Əgər Ermənistan-Azərbaycan münaqişəsi öz həllini taparsa, o zaman Ermənistan enerji, təhlükəsizlik, nəqliyyatın təhlükəsizliyi kimi layihələrimizə qoşula bilər. Ümid edirik ki, Rusiya
hökumətinin də eyni maraqları var. Çünki hər bir ölkə öz sərhədləri xaricində sülh və dostluq mühitinin olmasında
maraqlı olmalıdır. Buna görə də hesab edirəm ki, münaqişənin həlli yolunun tezliklə tapılması çox vacibdir. Çünki süni gərginliklərin olması siyasətinin istənilən qonşuya fayda verməsini düşünmürəm. Qonşu sabitlikdə maraqlı
olmalıdır, regionda sabitlik isə sizin ölkənizdə və bölgənizdə sabitlik deməkdir. Rusiyanın bir hissəsi Qafqazdır və Qafqaz da böyük bir yerdir.
Burada üç ölkə var, lakin eyni zamanda,
Rusiyada çoxlu muxtariyyətlər mövcuddur və Azərbaycan ilə Rusiya Federasiyanın
Qafqazdakı respublikaları arasında güclü mədəni əlaqələr var.
Ermənistan Xarici
İşlər Nazirliyinin nümayəndəsi: Mənim sualım Prezident Əliyevədir və əlbəttə ki, Dağlıq Qarabağla bağlıdır.
Prezident Əliyevin də düzgün qeyd etdiyi kimi, Minsk qrupu çərçivəsində ABŞ-ın Fransa ilə birlikdə Rusiya ilə əməkdaşlıq etməsi ola bilsin ki, nadir haldır. Bu üç vasitəçi ölkə - ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının üç əsas
prinsipini göstəriblər. Bu üç əsas prinsip xalqların öz müqəddəratını təyinetmə hüququ, gücdən istifadə etməmək və gücdən istifadə etməklə hədələməmək və ərazi bütövlüyüdür. Vasitəçilər danışıqlar prosesinin tərəflərini həmin üç əsas prinsiplə bağlı üzərilərinə öhdəlik götürməyə çağırıblar. Ermənistan dəfələrlə bu prinsiplərin yerinə yetirilməsi ilə bağlı öz üzərinə öhdəlik götürüb. Mənim sualım cənab Prezidentədir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında əsas kimi bu üç prinsipin yerinə yetirilməsi ilə bağlı öz üzərinə öhdəlik götürməyə hazırdırmı?
Prezident
İlham Əliyev: Azərbaycan əlbəttə ki, bu münaqişənin həllində ən maraqlı tərəfdir. Çünki biz
torpaqlarımızın geri qayıtmasını istəyirik. Biz
qaçqın və məcburi köçkünlərimizin öz evlərinə qayıtmaq hüququna malik
olmasını istəyirik. Baxmayaraq ki, onların
evləri yoxdur və hər şey məhv edilib. Yeri gəlmişkən, ATƏT faktaraşdırıcı və qiymətləndirmə missiyasını iki dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə göndərib və hesabat yayıb. Bu hesabatda
göstərilir ki, hər şey – bütün binalar, qəbiristanlıqlar,
məscidlər məhv edilib. Beləliklə, işğal edilmiş ərazilər tamamilə boş torpaqlardır. Məcburi köçkünlərimiz torpaqlarına qayıdandan
sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamalı olacağıq. Buna görə də ilk növbədə bizim insanların torpaqlarına
qayıtmaq hüququ var və biz münaqişənin tez bir zamanda həll edilməsində maraqlı tərəfik.
Problem burasındadır ki, nəyə görə münaqişə öz həllini tapmır? Çünki Ermənistan
münaqişənin həll olunmasını istəmir. Ermənistanı beynəlxalq hüquq normaları ilə razılaşmağa vadar edən heç bir
mexanizm yoxdur. Hər bir münaqişənin həlli beynəlxalq hüquq normalarına əsaslanmalıdır.
Beynəlxalq hüququn bu normaları çox
aydın şəkildə BMT-nin Nizamnaməsində və Helsinki Yekun Aktında öz əksini tapıb. Helsinki Yekun Aktında ərazi bütövlüyü prinsipi və öz müqəddəratını təyinetmə ilə bağlı çox aydın tərif var. Biz
öz müqəddəratını təyinetmə prinsipinə qarşı deyilik, lakin bu
prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır.
Dağlıq Qarabağ erməniləri və Ermənistan ordusu tərəfindən qovulan Dağlıq Qarabağ azərbaycanlıları öz torpaqlarına qayıtdıqdan sonra öz həyatlarını qurmaq hüququna malik olacaqlar. Lakin bu, ölkənin ərazi bütövlüyünü pozmamalıdır.
Ermənistanın cəhd etdiyi
kimi, hər hansı bir ölkənin ərazi bütövlüyü güc tətbiq olunaraq dəyişdirilə bilməz. Üstəgəl istənilən ölkənin ərazi bütövlüyü bu ölkə ilə razılıq əldə olunmadan dəyişdirilə bilməz. Bunlar əsas prinsiplərdir. Mən yenə də deyirəm, biz beynəlxalq hüququn əsas prinsiplərinə qarşı deyilik. Lakin Ermənistan ilk
növbədə beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş
torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməni yerinə yetirməlidir.
Bosniya
və Herseqovinanın Baş nazirinin müavini: Mən bir məsələyə toxunmaq istəyirəm. Biz Srebrenitsa soyqırımının
20 illiyini qeyd edirik. Bu soyqırımları keçmişi dəyişmir, bəs onların gələcəkdə bu cür faciələrin bir daha baş verməməsi və barışığa nail olunmasındakı rolu nədən ibarətdir?
Prezident
İlham Əliyev: Sualınıza görə çox sağ olun. Siz tamamilə doğru buyurursunuz.
Elə bir vəziyyət olmalıdır ki, səhvlərdən nəticə çıxarılmalı və dünyanın digər yerlərində oxşar faciələrin yaşanmaması üçün beynəlxalq ictimaiyyət baş verənlərə biganə qalmamalıdır. Əfsuslar olsun ki, Xocalı faciəsi barədə xüsusilə Avropa ictimaiyyətində geniş məlumat yoxdur. Baxmayaraq ki, 10-dan çox ölkə Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
Bu soyqırımı nəticəsində 600-dən çox günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq qətlə yetirilib və bu insanların yeganə günahı ondan ibarət idi ki, onlar
azərbaycanlı idilər. Təəssüflər olsun ki, bu günə kimi Ermənistan bu hərbi cinayəti törətdiyini etiraf etməyib. Onlar heç üzr də istəməyiblər. Onlar Xocalıda törətdikləri ilə bağlı beynəlxalq ictimai rəyi səhv istiqamətə yönəltmək istəyirlər. Avropa və ABŞ-dakı fəal erməni lobbisinin fəaliyyəti nəticəsində onlar beynəlxalq ictimaiyyətin bu faciədən diqqətini yayındırmağa nail
olublar. Bu faciə ilə bağlı kifayət qədər məlumat yayılmamışdır, baxmayaraq ki, hər şey sənədləşdirilmişdi, lentə alınmışdı. Bu soyqırımından xilas olan adamların şahid ifadələri var. Xüsusi amansızlıqla qətlə yetirilən uşaq və qadınların lentə alınmış görüntüləri var. Ona görə də bu cür
halların təkrar baş verməməsi üçün bunu
törətmiş insanlar öncə ən azından üzr istəməli və bunun baş
verməsini etiraf etməlidirlər. Bu hərbi cinayəti etiraf etməlidirlər ki, o yenə də təkrarlanmasın. Yalnız bundan sonra barışıq ola bilər. Belə olan təqdirdə barışmaq
daha asan olacaq. Düşünürəm ki, bu,
mümkündür, çünki biz bir yerdə yaşayırdıq.
Biz ermənilərlə sülh şəraitində bir yerdə yaşayırdıq.
İndi də Bakının mərkəzində təmir olunmuş erməni kilsəsi var. Lakin Şuşada, Ağdamda
Azərbaycan məscidləri tamamilə dağıdılıb.
İlk növbədə onlar bu məscidləri
dağıtmamalı idi, amma indi onlar bunun yanlış olduğunu etiraf etməli və üzr istəməlidirlər. Sonra biz onlarla əlbəttə ki, barışacağıq, çünki gec və ya tez sülh olacaq, iki xalq yenə də birlikdə yaşayacaq.
Almaniya Bundestaqının üzvü: Mənim sualım ikili standartlarla bağlıdır. Biz demək olar ki, Krım məsələsinin müzakirəsinə bütün bir
gün həsr etdik. Əgər biz Dağlıq Qarabağ münaqişəsindən danışırıqsa
bunu Krım məsələsi ilə müqayisə etmək olar, ya yox?
Ermənistan nümayəndəsi: Mənim sualım cənab İlham Əliyevədir. Bir neçə gün bundan əvvəl ATƏT-in Minsk qrupu Azərbaycana
müraciət edərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırmışdı.
Bu müraciətin ünvanlanması təsadüfi deyil, çünki Azərbaycan tərəfi Dağlıq Qarabağla təmas xəttində və Ermənistanla sərhəddə atəşkəs rejimini
davamlı olaraq pozur. Yanvar ayından etibarən atəşkəs ən azı 3 min dəfə pozulub və nəticədə hər iki tərəfdən bir neçə nəfər həlak olub. Mənim cənab Əliyevə sualım budur ki, Azərbaycan bu cür hərəkətlərlə münaqişəni kəskinləşdirmir ki? Bu, yaxın gələcəkdə münaqişənin sülh yolu ilə həll olunması ehtimalını azaltmırmı? Bayaq
moderator belə bir sual verdi ki, bu münaqişənin həlli üçün biz
minimum olaraq nə etməliyik. Mən Azərbaycanı atəşi
dayandırmağa çağırıram.
Prezident İlham Əliyev: Mən əvvəlcə Almaniya
parlamentinin üzvünün sualına cavab vermək istəyirəm. Əlbəttə ki, Ermənistan-Azərbaycan münaqişəsinin lap əvvəlində üzləşdiyimiz problemlərdən biri də ikili
standartlar siyasəti idi. Mən çıxışımın əvvəlində qeyd etdim
ki, postsovet məkanındakı
bütün münaqişələrə eyni mövqedən yanaşılmalıdır. Azərbaycanın ərazi
bütövlüyü Ukraynanın ərazi
bütövlüyü kimi eyni dəyərə malikdir. Əgər Ukraynanın ərazi bütövlüyü möhkəm dəstəklənirsə, Azərbaycan da onun ərazi bütövlüyünü çox güclü şəkildə dəstəkləyir. Ermənistandan fərqli olaraq
biz BMT Baş Məclisində Ukraynanın ərazi
bütövlüyünün lehinə səs verdik. Ermənistan isə Ukraynanın ərazi
bütövlüyünün əleyhinə səs verdi. Bu
da Ermənistanın ərazi
bütövlüyü prinsipinə nə dərəcədə əməl etməsi ilə bağlı bu ölkənin buradakı
digər nümayəndəsinin sualına cavabdır. Onlar hətta Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs veriblər. Bu da onların yürütdüyü siyasətin nəticəsidir. Çünki bu ölkə müstəqil deyil. Onlar özləri qərar qəbul edə bilmirlər və həmişə başqalarının
arxasınca gedirlər. Lakin
ikili standartlar reallıqdır. Xüsusilə
sanksiyaların tətbiq
olunduğunu gördüyümüzdə biz özümüzə sual veririk: Nəyə görə bu
sanksiyalar Ermənistana qarşı
tətbiq olunmur? Axı onlar da eyni əməli törədiblər. Niyə onların üzərinə sanksiyalar qoyulmur? Şübhəsiz cavab budur ki, dünyada Ermənistanı bütün potensial və adekvat məsələlərdən qoruyan çox
güclü erməni diasporu var. Buna görə də ikili
standartlar siyasəti beynəlxalq gündəlikdən çıxarılan kimi Dağlıq Qarabağ münaqişəsi də tez bir
zamanda öz həllini tapacaq.
Ermənistan nümayəndəsinin atəş açılması ilə bağlı sualına cavab olaraq bildirim ki, əslində, həmişə günahı bizim
üstümüzə atmaq Ermənistan tərəfinin
taktikasıdır. Onlar bizim torpaqlarımızı işğal ediblər, beynəlxalq hüquq
normalarını pozublar, Xocalıda soyqırımı törədiblər, tarixi və dini abidələrimizi məhv ediblər və bizi günahlandırırlar. Sual isə ondan ibarətdir ki,
işğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda
nə işi var? Əgər o ölmək istəmirsə onda qoy
Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan
qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var? Gərginliyin kimin
tərəfindən artırılması ilə bağlı suala cavab olaraq mən keçən ildən bir nümunə gətirə bilərəm. Keçən il beynəlxalq vasitəçilərin fəallığı
nöqteyi-nəzərindən əlamətdar bir il
olmuşdur. Ötən ilin avqust ayında Prezident
Putin mənimlə prezident
Sarkisyan arasında bir görüş təşkil etdi.
Sentyabr ayında NATO sammiti zamanı ABŞ dövlət katibi
Kerri üçümüzün iştirakı ilə belə bir görüş keçirdi. Oktyabrın sonunda Prezident
Olland məni və prezident
Sarkisyanı Parisə dəvət etdi. Bizim
çox yaxşı və konstruktiv görüşümüz oldu. Hər iki tərəf – həm Azərbaycan, həm Ermənistan tərəfi ictimaiyyətə bu görüşün çox uğurlu keçdiyini və təmas xəttində gərginlikləri azaltmağa
çalışacağını bəyan etdi. Bundan sonra nə baş verir? Heç 10 gün keçməmiş Ermənistan işğal
olunmuş ərazilərdə, xüsusilə Ağdamda
genişmiqyaslı hərbi təlimlər təşkil edir. Onların özlərinin verdiyi məlumata görə, işğal olunmuş ərazilərdə 47 minlik ordunun iştirakı ilə təlimlər keçirilmişdir. Aviasiyadan, helikopterlərdən istifadə olunmuşdur. Üç gün ərzində bizim
ordumuz səbir edərək heç bir
reaksiya göstərməmişdir. Sonra onlar “Mİ-24” hərbi helikopterlərini bizim mövqelərimizə istiqamətləndirərək hücuma keçdilər. Bizim ordumuz helikopterləri vurmaq məcburiyyətində qaldı və onlardan
biri vuruldu. Onlar Azərbaycanı
günahlandırmaq üçün bundan bəhanə kimi istifadə etdilər. Onlar təxribatlar törədir, bizi təhrik edir,
bizi gərginliyi azaltmağa sövq etmək üçün çoxlu səylər göstərən Fransa, Rusiya və ABŞ-ın dövlət başçılarına
hörmətsizlik edirlər, heç bir məhəl qoymurlar.
Onlar hesab edirlər ki, istədikləri hər şeyi edə bilərlər və buna görə cəzalandırılmayacaqlar. Bu, əsas səbəbdir. İndi isə onlar bizi
günahlandırırlar və bizə deyirlər ki, atəş açmayaq. Mənim Ermənistana mesajım odur ki, işğalı dayandırsın.
İşğalı dayandırdığı an bizdə sülh də, qarşılıqlı ünsiyyət də, barışıq da olacaq. Bunun baş verməməsinin səbəbi odur ki,
erməni əsgəri Ağdamda, Füzulidədir.
Panel müzakirəsində Serbiyanın Baş naziri Aleksandr Vuçiç,
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Xorvatiya Baş nazirinin birinci
müavini, xarici və Avropa işləri üzrə nazir Vesna
Pusiç də iştirak ediblər.
Bununla da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri başa
çatıb.

Комментариев нет:
Отправить комментарий