- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

1.16.2015

Bir gün Qubadlıya dönmək arzusu ilə

“Qaçqınlığın imtiyazını görməsək də, tənəsini yaşayırıq
““Məcburi köçkün” ifadəsinin ağırlığını dərk etmədən bizim nə çəkdiyimizi anlamaq olmaz. Deyirlər, Allah adama daşıya bilməyəcəyi yükü vermir.Amma filankəs “qaçqın”dır sözünü eşitmək doğurdan da böyük dərddir”, - Zeynəb Məmmədova danışır.

Deyir ki, yurd-yuvamızdan didərgin düşməyimiz, başımızı soxmağa yer tapmaq üçün həftələrlə ora-bura baş vurmağımız, müxtəlif bölgələrdə, çətin şəraitdə yaşamağımız onu o qədər yandırmır. Amma “qaçqın” sözünü eşidəndə çox məyus olur. 


“Qubadlını tərk edib məskunlaşdığımız bütün yerlərdə heç vaxt birmənalı qarşılanmamışıq. Bizə qucaq açanlar da olub, üz döndərənlər də. Hətta “vətənini qoyub qaçanlar” deyib ağız büzənlər də. Amma onlar bilmirlər ki, mən Qubadlının Sarıyataq kəndindən ən son çıxan insanam. Kim öz yurd-yuvasını qoyub qaçmaq istər? Demək ki, məcburiyyət, çarəsizlik adamı istəmədiyi şeyə vadar edir”, - Zeynəb Məmmədovanın həyat yoldaşı Abbas belə deyir.

Abbas Məmmədov söyləyir ki, “qaçqınların filan imtiyazları var” kimi ironiyalı sözlər işlədib, rişxənd edənlər də az olmur. 


“Nə olsun məcburi köçkünəm. Dövlət məni yaşayış yerilə təmin etməyib, kirayədə yaşayıram, bütün kommunal xərclərimi də özüm ödəyirəm. Ev yiyəsi ödəyəsi deyil ki?! Binanın quruluşundandır nədir bilmirəm. Evimiz rütubətlidir. İsidə bilmirik. Bahalı ev kirayələməyə imkanımız yoxdu, ucuz qiymətə də bundan artıq olmayacaq ki. Elektrik qızdırıcısı, qaz bütün günü yanır. Buna pul çatdırmaq olar? Yəni, məcburi köçkünlər kommunal xərcləri ödəməsə də, mən kirayə yaşadığım üçün cibimin puluyla həmin xərcləri ödəməli oluram”.


Bu çətinliklərin içində yaşadıqca Abbas Məmmədov tez-tez Cəbrayılı, oradakı qayğısız günlərini xatırlayır. 


“Hektarlarla əkin sahələrimiz, üzümlüklərimiz var idi. Sahədə işlədikcə yaşıllıqlar gözümüzü oxşayıb, ürəyimizi açırdı. Münbit torpaqlar idi, bol məhsul götürürdük. İş insanın cövhəridir məsəli elə bil biz qubadlılar üçün deyilib. İşdən qaçan adam olmamışıq, məhsulumuzun çox olması bizi işləməyə həvəsləndirirdi. Satdığımız məhsullardan bol qazanc da götürürdük. Kefimiz kök, damağımız çağ yaşayırdıq”.


Abbas Məmmədov deyir ki, Qubadlıda evləri Həkəri çayının ətrafında, dağın qoynunda yerləşirmiş. 


“Bizə gələnlər deyirdi ki, bura cənnətdir. Adam ölə, burda qala. Həmin evdə adam heç qocalacağına inanmazdı. Amma üç övladdan heç birinin də toyunu orada etmək, həyətdə toy mağarı qumaq nəsib olmadı mənə. Nəvələrimin həmin səfalı yerlərdə ilk addımlarını atdığını görmədim. Deyəsən, orada qocalıb, ölüb, orada dəfn olunmaq da yoxdur taleyimdə. Amma mən evimi tikəndə hansı xəyalları qurduğumu Allah bilir. İndi isə heç olmasa son mənzilə evimdən getmək istəyirəm...”


Onun sözlərinə görə, Qarabağ ətrafında münaqişə başlayana qədər ermənilərlə çox xoş qonşuluq münasibətləri olub. Deyir ki, mehriban şəkildə, deyə-gülə birlikdə yaşayırmışlar.


Əbəs yerə demirlər ki, uzaq qohumdan yaxın qonşu yaxşıdır. Ermənilər Qubadlıya gəlirdi, biz Ermənistana gedirdik. Bir-birimizə lazım olanı verirdik, alırdıq. Bir-birimizə sözün əsl mənasında can yandırırdıq. Nə baş verdiyini, niyə belə olduğunu, münasibətlərin bu həddə çatmasında kimlərin günahkar olduğunu bilmirəm. Amma bir şeyi dəqiq bilirəm. Gözlənilmədən fələyin çərxi dəyişdi və arzuolunmaz vəziyyət yarandı, aramızdakı qonşuluq münasibətləri pozuldu”.


Zeynəb Məmmədov isə söyləyir ki, olan olub, keçən keçib, yenidən üzlərinin gülməsinə isə Qubadlıya geri dönüb, alınlarındakı “qaçqın” damğasının silinməsi səbəb ola bilər.


Qeyd: Material EPNK-in Avropa Birliyinin maliyy
əsi və International Alert təşkilatının dəstəyilə həyata keçirilən "Eşidilməyən səslər" layihəsi çərçivəsində hazırlanıb. Materialın məzmumuna görə yalnız müəllif məsuliyyət daşıyır və International Alert, EPNK və donorların mövqeyilə üst-üstə düşməyə bilər.

http://civil-forum.az/meqaleler/769-bir-gn-qubadlya-dnmk-arzusu-il.html

Комментариев нет:

Отправить комментарий