"Ola bilər, Rusiya bu müharibəyə göz yumsun və Azərbaycana
şans versin."
Yenə atəşkəsin pozulması haqda xəbərlər intensivləşib, yenə cəbhədən
ölüm xəbərləri gəlir.
Son bir neçə
gündə Azərbaycan 4 hərbçisini itirib, Ermənistan isə 10-dan artıq. Yaralılar
var, atəş səsi səngimir.
Yerli
ekspertlərə görə, müharibənin başlanma ehtimalı az deyil, hətta müharibə
başlanmasa da, lokal hərbi əməliyyatlar keçirilməsi çox real görünür.
“Turan” informasiya agentliyinin redaktoru Şahin Hacıyev deyir ki, son günlər baş verənlər Qarabağ məsələsində baş verən proseslərin
məntiqi nəticəsidir:
“Son bir neçə ayda vəziyyət
get-gedə gərginləşir, itkilər artır. Belə olan halda gec-tez hadisələrin
miqyası genişlənməlidir. İndiki gərginlik təbiidir. Və bunun artması tamamilə
normaldır. Biz qarşıda qısa və ya geniş hərbi əməliyyatların şahidi ola bilərik.
Ermənistan prezidenti son bəyanatında dedi ki, “biz baş verənləri cavabsız
qoymayacağıq və bu itkilərin heyfini Azərbaycandan çıxacağıq, sərhədboyu hərbi
texnikasını, hərbi hissələrini vuracağıq”. Yəni bununla da Ermənistan müharibəyə
hazır olduğunu nümayiş etdirir. İndiyədək Azərbaycanın dövlət başçısı da təxminən
eyni bəyanatlar verib. Hər iki tərəf də müharibəyə siyasi baxımdan hazır
olduğunu göstərir. Əsas addım atılacaq, ya yox, demək çətindir. Ancaq vəziyyət
nəzarətdən tam çıxa da bilər. Müharibə hər iki tərəfin istəmədiyi anda başlaya
bilər. Bu, müharibəyə çevrilməsə də, ciddi hərbi əməliyyatlar qaçılmaz ola bilər”.
Hər halda, həmsədr
ölkələr bu əməliyyatları sükut içində izləməyəcəklər, buna hansısa şəkildə
reaksiya verəcəklər.
Şahin Hacıyevin fikrincə, maraqları təmin olunacağı halda,
Rusiyanın bölgədə hərbi əməliyyatların başlanmasına göz yumması istisna deyil:
“Rusiya Qarabağətrafı 5
ya 7 rayonu qaytara bilər. Rusiyaya minnətdar olan Azərbaycan onun respublikada
hərbi bazasının yaradılmasına razılıq verə, bununla da Rusiyanın mövqeyi
Qafqazda bərpa oluna, Gürcüstan izolyasiyaya düşə bilər. Bu, Rusiya üçün əlverişli
plandır”.
Bəs Rusiyanın bu illərdə müttəfiqi olan Ermənistanın qazancı
nə olacaq? Azərbaycanlı ekspertlərə görə, bu raunddan Ermənistan itkilərlə
çıxacaq, çünki Kreml Yerevanı cəzalandıra bilər.
Bu məqamda başqa bir politoloqu Əvəz Həsənovu dinləyək. O, baş verənləri belə izah edir: “Məncə, Azərbaycan
danışıqlara təsir etmək istəyir. Azərbaycan başa düşür ki, ATƏT-in Minsk Qrupu
həmsədrləri hər iki tərəfə təzyiq edir, hər iki tərəfin kompromisə getməsini
istəyir. Bu halda Azərbaycan göstərmək istəyir ki, kompromisə status-kvo dəyişəcəyi
halda gedə bilər. Vaxtilə sabitlik naminə Azərbaycanın status-kvonun
qorunmasında marağı vardısa, indi vəziyyət fərqlidir. İndiki halda cəbhə bölgəsində
sabitlik, tərəflərin münaqişəyə münasibətində sabitlik Azərbaycana lazım deyil.
Ona görə də Bakı status-kvonu dəyişməyə çalışır, Ermənistan isə əksini istəyir.
Rusiya da Yerevan kimi Qafqazda müharibənin alovlanmasında maraqlı deyil.
Müharibə alovlansa belə, Rusiya sülhməramlılarını buraya gətirə bilməyəcək.
Rusiya bölgəyə sülhməramlı gətirmək üçün ya Qarabağı tanımalıdır, ya da Ermənistanı
vassalı elan etməlidir. Ermənistan vassal olmaq istəmir, Yerevan Avropa Birliyi
ilə danışıqları davam etdirir”.
Əvəz Həsənov
deyir ki, vəziyyət qarışıq olduğu üçün Azərbaycan da bundan istifadə etmək istəyir.
Və bu Bakı üçün çox səmərəli
ola bilər:
“Hökumət başa düşür ki,
Rusiyanın başı Suriyadakı vəziyyətə qarışıb, bu ölkə indi onun üçün daha önəmlidir.
Moskva Ukraynada da münaqişəni dondurmaq istəyir. Bu halda niyə Qarabağda
sabitliyi pozsun? Azərbaycan da fikirləşir ki, cəbhədə təzyiq Ermənistanda gərginliyi
artırar ki, bu da cəbhədə uğurlara səbəb ola bilər. Azərbaycan özünü kiçik
müharibələrə də hazırlamaq istəyir. Ola bilsin, Rusiya bu müharibələrə gözünü
yumsun və Azərbaycana şans versin. Bununla da onun vassallığını qəbul etməyən
Ermənistan hökumətini cəzalandırsın. İndiki məqamda Azərbaycanın hücumları,
hansısa kəndləri azad etməsi Rusiyanın da xeyrinədir. Məncə, bu sərfəli variant
Azərbaycan tərəfindən araşdırılır”.
Politoloq onu da deyir ki, Ermənistan hərbi baxımdan Azərbaycandan
hazırlıqlı olsa belə, psixoloji baxımdan müharibə istəmir, arxayındır və hərbi əməliyyatlar
onun üçün dərin böhran yarada bilər. “Məncə, Azərbaycan hökuməti yaxınlarda
ciddi addım atacaq”, - söyləyir Əvəz Həsənov.
Комментариев нет:
Отправить комментарий