«Briqadirimiz deyir, yarış qabağıdır, hər şey yaxşı
olmalıdır. O dedi-demədi, biz öz işimizi səliqəli görürük. Mən istəyərəm Azərbaycan
birinci olsun».
Nizami rayon Mənzil-İstismar Sahəsinin təmizlikçilərindən
olan Kəmalə Əbilova zarafatla
deyir ki, «ən çox Avropa Oyunlarına hazırlaşırıq». Həm də prezidentin keçdiyi
yollarda işlədiyindən daha çox məsuliyyət hiss edir:
«İşə səhər tezdən – saat 5- də başlayırıq. Hər yeri
yaxşı-yaxşı süpürürük, təmizləyirik, gül kimi. Saat 10-da gedirik yerimizə, bir
az çaydan-çörəkdən yeyirik. Sonra yenə çıxıb təmizləyirik. Hər tərəf tər-təmiz
olmalıdır. Çünki biz prezident yolunda işləyirik. Bizə səhv eləmək olmaz.
Qonaqlar gələndə elə olur saat 6-ya qədər yollarda qalırıq».
«180 MANAT MAAŞ ALIRIQ, YANINDA
QƏPİYİ DƏ VAR»
Kəmalə Əbilova rəfiqələrini də çağırır. Qadınlardan bəzisi
danışmağa utanır.Hənifə Eminova isə deyir, «əlim
kimi dilim də pərgardır». Avropa Oyunları qabağı öz işlərinə daha çox canfəşanlıqla
yanaşdığını bildirir. O, danışdıqca Kəmalə Əbilova da arada sözünə qüvvət
verir:
– İstəyərəm ki, bu idman yarışlarında bizim bayrağımız ən
yüksəkdə dalğalansın. Səhər 4-dən yola çıxırıq.
Kəmalə Əbilova:
– Biz ona görə işə tez başlayırıq ki, maşınlar bizi vurmasın.
Hənifə Eminova:
– Tez süpürüb işimizi qurtarırıq ki, 7-nin yarısında zibillər
götürülsün.4-ün yarısında biz gedirik. Axşam növbəsində qalanlar 6-dan sonra gəlir.
180 manat alırıq, yanında qəpiyi də var. Bu pula neyləmək olar, heç bir şey. Ürəyim
istəyəni alıb yeyə bilmirəm».
PREZİDENTƏ DEYƏRDİM...
Təmizlikçi rəfiqələr yorğun olsalar da, üzə vurmurlar,
zarafatlaşırlar. Deyirlər, gecə növbəsində işləyənlər daha çox maaş alır.
Prezidentin keçdiyi yolları necə təmizlədikləri haqqında danışanda, ciddiləşirlər:
«Prezident
keçəndə hər şey stabil qalır. Maşınlar da yoldan çəkilir. Həmin vaxt biz öz
xüsusi postumuzda qalırıq».
Hənifə Eminova deyir ki, prezidenti uzaqdan çox görüb. Deyir,
«üz-üzə görüşsəydim, ona dərd-sərimdən də danışardım»:
«Biz onu
uzaqdan-uzağa görürük. Mən prezidenti birinci dəfə bu maşını gördüyüm məsafədə
görmüşəm. Onda buralar sökülürdü, gəldi camaatla görüşdü. Mən istəyərdim ki,
prezidenti üz-üzə görüm, söhbət eləyim. Görüşsəm, əvvəlcə özünə, ailəsinə
cansağlığı arzulayaram. Şəxsi problemim haqqında onu deyərdim ki, qızımın ev
yoxdur. İki oğlu var, əsgərliklərini Ağdamda – döyüş bölgəsində çəkiblər. İndi
onlar evlənməlidirlər, evləri, işləri yoxdur. Heç nələri yoxdur. Mən öz güzəranımı
onlara həsr eləmişəm».
«HEYDƏR ƏLİYEV BİZİ QUCAQLAYARDI, SÖHBƏT
EDƏRDİ...»
Kəmalə Əbilova isə
cavanlıqda Cəlilabadda üzümçülük sovxozunda işləyib. Deyir, həmin vaxtlar
respublika rəhbəri, keçmiş prezident Heydər Əliyevlə çox görüşüb:
«Mən prezidentimizi yaxından görməmişəm. Ancaq rəhmətlik Heydər
Əliyevi 10-15 dəfə görmüşəm. Onda Cəlilabad rayonunda üzümçülük sovxozunda işləyirdim.
Heydər Əliyev onda çox gələrdi. Biz də onun görüşünə gedərdik. Bizi qucaqlayardı,
əlini başımıza çəkərdi, söhbət edərdi. 1975-76-77-ci illər idi. 80-ci illərə qədər
ildə 3-4 dəfə gəlirdi. Onda vəziyyətimiz yaxşı idi. Sovet dövrü idi. İşləyirdik,
maaş alırdıq, 13 aylıq, məzuniyyət pulu, mükafat alırdıq. Kim 500 kilo üzüm
yığırdısa, maaşdan əlavə gündə 3 manat, kim 700 kilo üzüm yığırdısa, günə 5
manat mükafat alırdı. O vaxt «Jiqulu» 5 min 500 manat idi. Evdən 5-6 adam işləyəndə,
bir ailədə 3 nəfər «Jiquli» alırdı».
Qadın xoş xatirələrdən ayrılır, önlüyünün ətəyini düzədir, bu
günə qayıdır. Deyir, prezidentin yolunu silib-süpürsə də, onu görməyib. «Görüşsəydim,
güzəranımdan danışardım» deyir:
«Prezidenti görsəydim, deyərdim bir pensiya istəyirəm, bir də
burda qalmağa yerim yoxdur. Kirayələrdə qalıram. Bir sığınacaq verərdi,
uşaqlarımla, nəvələrimlə qalardım».
Sonra tez saatı soruşurlar. Süpürgələrini götürüb
zarafatlaşa-zarafatlaşa uzaqlaşırlar.
Комментариев нет:
Отправить комментарий