- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

6.24.2015

Ermənistan hadisələrinə Azərbaycandan baxış

Ərəstun Oruclu: "Aksiyanın arxasında Moskva dayanır"

Zərdüşt Əlizadə: "Ermənistan Rusiyanın vilayətinə çevrilib"
Ermənistan paytaxtında iyunun 19-dan başlayan "Talana Yox!" aksiyası iyunun 23-də səhərə yaxın dağıdılıb. Nəticədə 237 nəfər saxlanılıb. Ermənistan mətbuatının verdiyi məlumata görə, paytaxtdakı polis idarələri dolduğu üçün saxlanılanların bir hissəsi Abovyan və Aştarak şəhərlərinin həbsxanalarına aparılıb.

Baş verənlər Ermənistan və Azərbaycan mətbuatında müxtəlif yanaşmalarla müşahidə olunur. Maraqlıdır ki, erməni mətbuatı ölkədəki durumun bu həddə çatmasında Rusiyanı suçlayırsa, Azərbaycanın hakim elitaya yaxın mətbuatı Qərbin prezident Serj Sarqsyanı devirmək planının işə düşdüyü barədə mülahizələr irəli sürür. 
Baş verənlərlə bağlı siyasi şərhçilərə müraciət etdik. 
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, Ermənistandakı 19-22 iyun hadisələrinin arxasında Qərbin dayandığı barədə iddialar Azərbaycan hakimiyyətinin sifarişi ilə dövriyyəyə buraxılıb. Bu iddialar tamamilə mənasız, bir çox halda xəstə təxəyyülün məhsulu sayıla bilər. Odur ki, belə iddiaları ancaq psixiatrlar şərh edə bilər. 
Ərəstun Oruclu deyib ki, Ermənistanda iqtisadi durum yetərincə ağırdır: "Əgər Azərbaycan kimi gəlirləri olan ölkədə iqtisadi vəziyyət ağırdırsa, eyni tip rejim tərəfindən idarə olunan Ermənistanda sosial-iqtisadi durumun ağır olması tamamilə təbiidir. Son bir neçə günün aksiyalarını isə birmənalı qiymətləndirmək düzgün olmazdı. Bu proseslərdə sosial-iqtisadi amillərlə yanaşı xarici və daxili siyasi amillərin də rolu vardır". 
Serj Sarqsyan rejiminin Rusiyanı qane etmədiyini iddia edən siyasi şərhçi fikrini əsaslandırmaq üçün Rusiya mətbuatında eks-prezident Robert Köçəryanın ciddi təbliğatının aparıldığını və eyni zamanda da Ermənistan mətbuatında Kremlin onu yenidən hakimiyyətə qaytarmaq istəyi haqda müzakirələrin getdiyini xatırlatdı: "Bu mənada aksiyanın arxasında Moskvanın dayandığını demək olar və aksiyanın adından tutmuş mahiyyətinə qədər hamısı Rusiyanın sifarişinə bənzəyir. Məqsəd isə mümkün olarsa ya Sarqsyanı devirmək, ya da bu alınmayacaqsa, növbəti il keçiriləcək prezident seçkilərində onun adamının seçilməsinə yol verməməkdir. Yəni Köcəryanı yenidən hakimiyyətə gətirmək üçün sosial-iqtisadi və siyasi zəmin hazırlanır. Nəzərə alaq ki, eks-prezidentin ölkədə kifayət qədər dayaqları da var, özü də həm hakimiyyət, həm də müxalifət  daxilində. Məsələn, "Çiçəklənən Ermənistan" Partiyası daim Rusiyaya bağlı olub və bu partiya Erməni Milli Konqresi ilə müttəfiqlik də qurub. Onları bir araya gətirən amil isə Rusiyanın təsiridir və orda da eyni sxem üzrə bir vaxtlar Azərbaycanda olduğu kimi vahid müxalif düşərgə yarandı. Sonra məlum olanda ki, koalisiya Köçəryanı hakimiyyətə gətirməyə çalışır, Sarqsyan repressiyalara əl atdı. Hətta repressiyalar o həddə çatdı ki, "Çiçəklənən Ermənistan" Partiyasının sədri, oliqarx Gagik Tsarukyan istefa verib siyasətdən getdiyini bəyan etdi. Bir daha deyirəm, baş verənlər Rusiyanın planlarıdır, məqsəd də Sarqsyan hakimiyyətini gələn il keçiriləcək seçkilərə çatmamış maksimum zəiflətməkdir".
 Müxalifətin aksiyalara seyrçi yanaşmasına gəlincə, siyasi şərhçi deyib ki, Ermənistanda qərbyönümlü müxalifət artıq yoxdur: "Qərbyönümlü müxalifət Erməni Milli Konqresi sayılırdı, bu qurum  isə Rusiyayönümlü partiya ilə ittifaq qurmaqla birmənalı şəkildə mövqeyini dəyişdi. Paruyr Ayrikyanın qrupu isə partiya deyil, kiçik bir qrupdur. Keçmiş prezident Ter-Petrosyanın mövqeyinə gəlincə, o, Erməni Milli Konqresinin lideri kimi "Çiçəklənən Ermənistan" Partiyası ilə əməkdaşlıqdadır, bunun başlıca səbəblərindən biri də maliyyə asılılığıdır. Beləliklə, Rusiya Ermənistanda siyasi spektri bütövlükdə nəzarətə götürüb və nə qədər ironik olsa da, bu ölkədə Rusiyanın yeganə opponenti elə Sarqsyan hakimiyyətinin özü sayıla bilər".
Həmkarından fərqli olaraq Zərdüşt Əlizadə 19-23 iyun hadisələrində xarici amilin olduğunu düşünmür.
Zərdüşt Əlizadə Ermənistanın artıq dövlət olmadığını və Rusiyanın bir vilayətinə çevrildiyini deyir: “Rusiya Ermənistanı nəzarətdə saxlamaq üçün iqtisadi, hərbi və Qarabağ amilindən istifadə edir. Əhalinin çox kasıb, həyat səviyyəsinin aşağı olduğu şəraitdə elektrik qiymətinin artırılması avtomatik olaraq digər sahələrdə də qiymət artımına təsir edir. Düzdür, etiraz edirlər, amma Ermənistan cəmiyyətinin quruluşu elədir ki, heç nə dəyişməyəcək. Çünki onlar özlərini qəfəsə salıblar, qəfəsin bir divarı Qarabağ münaqişəsi, bir divarı “Böyük Ermənistan”, o biri divarı tarixləri və s. Yəni bu ölkə üçün çıxış yolu yoxdur və bu millət ölümə, zavala məhkum millətdir. Etiraz etsələr də, alternativləri yoxdur, müxalifəti hakimiyyətdən fərqli deyil, satqındır və hamısı Qarabağ həmləsindən yoğrulub”.
http://www.meydan.tv/az/site/politics/6620/Erm%C9%99nistan-hadis%C9%99l%C9%99rin%C9%99-Az%C9%99rbaycandan-bax%C4%B1%C5%9F.htm

Комментариев нет:

Отправить комментарий