- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

6.22.2015

O illərin uşağı

Bu günlərdə Tiflis kafelərinin birində bir amerikanlı ilə tanış oldum. O, iki il müddətində “Peace Corps” –un layihəsi çərçivəsində Azərbaycanda, Zaqatala şəhərində yaşayıb. Söhbətin bir yerində, bir də ayıldım  ikimiz də Dağlıq Qarabağ, onun insanlara vurduğu ağır maddi-mənəvi ziyan barədə danışırıq. Onun mənə dediyi sözləri olduğu kimi sizə çatdırıram: “Emin, bu müharibədə kimin haqqlı və ya haqqsız olduğunu qoyaq qırağa. Mənim dostum Ağcəbədidə, Taxta Körpü deyilən yerdə çalışırdı. O, orada insanların hər gün torpaqlarına geri dönəcəklərinə inandıqları, əvvəlki yerlərində necə xoşbəxt olduqlarını haqqında məni harda gördü, tutub danışırdı. Sən təsəvvür edirsənmi, dövlətin hər il insanlara “növbəti ilə torpaqları qaytaracağıq”  şəklində ümid verməsi nə deməkdir?! “This is insane!” “This is horrible!”.
Onun dilinə gətirdiyi cümlələr qulağımda uçuşur və məni öz xatirələrimə aparır. Adam haqlıdır, heç bir etirazım yoxdur. Mən səninlə tamamilə razıyam deyib, özümün də məcburi köçkün olduğumu, altı yaşımda Laçından necə çətin və qorxulu formada çıxdığımızı buna danışıram. Əslində ona danışmıram, özüm öz keçmişimi refleksiya edirəm, özüm-özümü təmizləməyə çalışıram, məni indiki mən edən durumu anlamağa çalşıram. Hayatımın hər bir anında, müharibənin təsirini daşıdığım bu iyirmi doqquz illik həyatımı anlamağa, dərk etməyə çalışıram.
Bu cümlələri yaza-yaza bunun media orqanı üçün lazım olub-olmadığını, nəticə olaraq adi bir insanın xatirələrinin kimlər üçünsə maraqlı olub-olmayacağını sorğu-sual edirəm. Amma məsələnin önəmli tərəfi odur ki, bu təkcə mənim fərdi faciəm və problemim deyil, minlərlə mənim kimi insan bunu yaşayıb və onun çox az bir qismi yazıya köçürülüb. 
Mən müharibə uşağıyam.
Bakıda 4 nömrəli Slavyan Universitetinin yataqxanasında yaşayırıq. Beş insan, iki balaca otaqda. Şəxsi ərazidən, intim dünyadan söhbət belə gedə bilməz. Hamı hər kəsin eyibini, yaxşı və pis tərəfini görür. Hərdən naqolay durumlar yaşanır. Həmin anlarda hamı qızarır, başını aşağı salır, bəzən yarımçıq gülümsəyir, amma düşdükləri durum hər kəsə aydın olduğu üçün, hamı bir-birini anlayışla qarşılayır və hadisə tez də unudulur. Bəzən isə dözülməz olur, otağı dəyişmək kimi bir lüksun yoxdur, evdən çıxıb hara gəldi, gedirsən.
Qəfil yadıma düşür, uşaqlıqda bir dəfə zibilxanadan evə sınıq-salxaq maşınlar gətirmişdim, buna görə anam məni bərk döymüşdü. Yazının bu yerində Platonovun “Çevenqur” romanında niyə bu cümlələrin altından xətt çəkdiyimi xatırlayıb, xətlədiyim yerləri bir daha oxuyuram, çünki bu cümlələr mənim uşaqlığım haqqındadır: ”Dvanov evə su içmək üçün evə girir, orda oyuncaqlarla yox, xəyalları ilə oynayan kasıb uşaqları görür”. Bu, qırmızı xəttlə həyatıma yazılıb.
244 saylı Bakı şəhər məktəbinin üçüncü mərtəbəsi, 2 saylı Laçın rayon məktəbi üçün ayrılıb. Dərslərimiz 11-ci sinifi bitirənə kimi günorta saat ikidə başlayıb, fasiləsiz olaraq axşam saat 5-də bitirdi. Tənəffüs yoxdur, dərslərdən təngnəfəs oluruq. Hər sinifdən bir dənədir. Bir də, on bir də təkdir, A, B, C sinfi kimi şeylər bizə yaddır. Arada imkan olanda birinci, ikinci mərtəbələrdə qaynaşan şəhər uşaqlarına maraqla tamaşa edirik. Bizi görən kimi “qaçqınlar!” deyə bağıran bir neçə dəcəli olur. İbtidai sinifdə bu sözlər sağ qulağımdan girib, sol qulağımdan çıxır, sözlərdə nəsə alçaldılma var, amma uşaq üçün ətrafdakı  yenilik o qədərdir, bu sözlər təsir etmir.
Zaman keçdikcə, mən böyüdükçə qaşlarım çatılır, alnım qırışlı, ətrafa qəzəb siqanalları ötürə-ötürə gəzməyə başlayıram. Çünki yaşım 16-dır, əks cinsə maraq yaranıb, sinifdəki qızlar bacı kimidir, onlar maraqlı deyil, çölə can atırsan, bizə ekzotik gələn şəhər məktəbinə... Şəhər məktəbində yuxarı sinifin dərsləri günorta saat birdə bitir. Çoxlu, fərqli görünüşlü, geyimli qız var. Saat birə qalmış məktəb darvazasının qarşısında yığışan topa “qaçqın” oğlanları şəhər qızlarına baxmağa gəlirlər. Amma zərbə özünü çox gözlətmir. Onlar səni tanıyır, bilirlər ki, “qaçqınsan”, yataqxanada qalırsan. Şansın sıfırdır. Qaşlar təbii ki, çatılar.
Evdə. Atam bütün günü xəbərləri izləyir, şərhlər göydə uçuşur. Kişinin əsas dərdi Dağlıq Qarabağ və Laçındır. Elə anamın da. Hər dəfə xoşagəlməz vəziyyət yarananda, evə pul olmayanda, qonaq gələndə evin kiçikliyindən şikayətlənən anam ermənilərin qarasına söyür. “Gül kimi evimiz vardı, böyük, geniş, həyəti”...Atam müharibə iştirakçısı olub, 4 il döyüşüb. Sonra evə gələndə, ilk sözü bu olub: “torpaqları satdılar”. Bununla onun mövzusu qapanmır, barışa bilmir, elə hey o torpaqlar və onun satılmasından danışır. Hələ də mövcudluğunu sürdürən indiki höküməti söyür. Şərəfsizdilər, bir kəlmə.
Yaddaşımdadı atamın dedikləri... evdəki ab-hava, kasıblıq, anamın ağlamaları, atamın qəzəb qarışıq-gücsüzlük yağan baxışları.  Ev nisgil, qəzəb, nifrət doludur. Elə ona görə də, çox yaşamadılar. Arada doqquz aylıq fərqlə ikisini də itirdik. Bacımla tək qalmışıq, aradan illər keçib, amma onların danışdığı mövzulara bir daha heç zaman qayıtmadıq. Çünki onların yarımcanlılığın biz özümüzdə yaşatmaq, davam etdirmək istəmirdik. Bunu untmağa çalşırıq. Ayrı-ayrı, hərə öz bucağında...
Deyə bilmədiyim çox şey qalır, çox intim şeylərdir. Danışmaq ayıbdır.
Dostlarımdan biri, bu yaxınlarda bir layihə çərçivəsində konfiktdən əziyyət çəkən gənc nəslin müsahibələrini alıb, nəşr etdirirdi. Ona müsahibə verən bir başqa köçün düşmüş dostum danışır: “qaçqın düşəndə, atam bütün sərvətini itirdi. Ruhi xəstəlik tapdı. Paranoyak olmuşdu, hətta evdə də tək qoymaq olmazdı. Qarabasmaları olurdu, onu kiminsə izləyib, öldürəcəyini düşünürdü. Mənim səkkiz yaşım var idi, evdə işləyən yeganə adam anam idi. Hər gün səhər altıda işə getmək üçün səhərlər anam məni də oyadır, atamla birgə anamı işə aparırdıq. Qayıdanda küçələr hələ də qaranlıq olurdu, atam ətrafdan qorxduğu üçün mənim əlimdən bərk-bərk yapşırdı. Əlim ağrıyırdı. Mən də qorxurdum, o da...”
Eyni layihə və bu dəfə sevdiyim biri danışır : ”qaçqın düşəndə, evdəki erməni söhbəti əksik olmurdu. O qədər qorxurdum ki, ermənilərin Bakıya kimi gəlib, bizi öldürəcəyini düşünürdüm. Bunun üçün gizlənmə, döyüşmə planı qurmuşdum: bacımı şkafda gizlədəcək özüm isə bıçaqla ermənini öldürəcəm”. Söhbət bitmir, ölənə kimi yadımda saxlayacağım cümlələri dilinə gətirir: “Məktəbdə hər dəfə iyirmi yanvar və Xocalı faciəsi ilə bağlı bizə rəsmlər çəkməyi tapşırırdılar. Bunu bizə məcbur edirdilər. Müəllim məndən qan, uşaq ölümlərini təsvir edən nəsə istəyirdi. Mən isə həmişə ev və orda yaşayan ailəmi təsvir edirdim. Rəsmdən qiymətim həmişə iki olub...”.
Dostlarım və sevdiklərim müharibəyə nifrət qusurlar. Faciələrinin fərqindədirlər. Yaşadıqları mənəvi və maddi terroru unutmağa və yeni həyata başlamaq istəyirlər amma...
TV-lər hər gün və hər saat cəmiyyəti total terrora məruz qoyur. ANS hər saatdan bir “müharibənin alnımıza yazıldığını” elan edir. Hökümətin hər il verdiyi ümidlər işğında torpağın geri qayıtmaması insanları artıq laqeyd edib. Daha dəqiq, insanlar bu terrordan qurtulmağa çalışır.
Ağlıma qəribə fikirlər gəlir: Şadlıq sarayları ( əyləncə) ilə TV, radio və medianın terroru arasında sıx əlaqə var. Onlar terrorun şiddətin artırdıqca insanlar daha çox şadlıq sarayı tikir və toy edir. Bu görünməyən və başa düşülməyən etiraz formasıdır.
Mənə paradoksal gələn durum: müharibəni görmüş heç kim, onun bir daha başlanmasını istəmir. Azərbaycanda müharibə tərəfdarlarının çoxu müharibə ilə birbaşa yox, dolayı təması olan insanlardır. Hərdən düşünürəm, onlar nəyə can atdıqlarını özləri də dərk etmir.
Total faciə, 700 mindən çox insan, ağır maddi, dərin mənəvi böhran yaşayır. Nəsillər dayanmır, indi sayları daha çoxdur. Dövlətin kasıb vaxtında qaçqın və məcburi köçkün düşmüş insanarın yerləşdirilməsi düzgün aparılmadı. Dövlət varlandı, bu, yenə baş vermədi. Dağlardan gələn insanlar aran rayonlarında yaşamağa başladı. İsti onların axırına çıxdı. Əksəriyyət heç 60 yaşı keçə bilmədi. Maddi yardımlar məmurların mədələrinə getdi. Bu yazıda bu haqqda yazıb, bu insanların faciəsini çirkəndirmək istəmirəm.  Cəhənnəm olsunlar. Onlar çoxdan, lap çoxdan mənim mənim üçün insan olmaqdan çıxıblar.  
Hələ də, ailələri, cəmiyyət, dövlət baba yarımçıq dünyalarını bu gənclərə, uşaqlara yükləyirlər. Bu terror durdurulmalıdır.
Hərdən düşünürəm, dövlətlərin revanşizmi ilə indi hamının geridəqalmış vəhşi adət kimi qınadığı qan düşmənçiliyi arasında hansı fərq var ki?
https://www.meydan.tv/az/site/authors/6553/O-ill%C9%99rin-u%C5%9Fa%C4%9F%C4%B1.htm

Комментариев нет:

Отправить комментарий