- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

7.14.2015

İKİ OĞLUNUN BAŞI ERMƏNİ MƏZARI ÜSTÜNDƏ KƏSİLƏN XOCALILI ANANIN AZƏRBAYCANDA YAŞADIĞI MÜSİBƏT

Məmmədova Anaxanım Heydərəli qızının həyatında iki dəfə yaşadığı torpaqlardan didərgin düşmək yazılıb. Öncə Qərbi Azərbaycandan Xocalıya qaçan Anaxanım xanım və ailəsi öncə əsir düşüb, sonra həyat yoldaşı və iki övladının başı erməni qəbri üzərində kəsilsə də, digər övladları ilə bərabər bir zəncinin meyiti ilə dəyişdirilərək, Azərbaycana təhvil verilib. Xocalı ilə bağlı video görüntülərdən adlarını bilmədən tanıdığımız o insanlardan biridir Anaxanım Məmmədova. Bəlkə də, oğlu Əhməd sevdiyi qızı qaçırmasaydı, onun hekayəsini heç bilməyəcəkdik. Sevib-sevildiyi qızı qaçırdığına görə, 8 il həbs cəzası alıb.
Yenicag.az-a müsahibə verən Anaxanım Məmmədova “üç oğlumu və həyat yoldaşımı erməni öldürdü, əsirlikdə əlindən mismarlanan bu oğlumu da özümüzünkülər məndən almaq istəyir” deyə, fəryad edir. Yaxşısı budur, ananın şikayətini öz dilindən dinləyək:
“Biz Məmmədovlar ailəsi 1988-ci ildə ermənilər bizi yurd yuvamızdan didərgin salana qədər Qərbi Azərbaycanın Göyçə mahalında yaşayırdıq. Böyük oğlum 1973-cü il təvəllüdlü Məmmədov Sərvər Məmməd oğlunu Qərbi Azərbaycanda faciəvi şəkildə itirdik. 9 nəfərdən ibarət ailəmiz Xocalı şəhərinə pənah gətirdi. Ancaq ermənilər burada da bizə gün üzü vermədilər. Xocalı şəhərində əli silah tutanlarımız vətənin keşiyində durdular. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə soyqırım günü ermənilər Xocalıya növbəti hücum etdilər. Həmin zaman ailəvi olaraq ermənilər tərəfindən girov götürüldük. Girovluqda olan zaman oğlum Məmmədov Əhməd Məmməd oğlunu əlindən güllə ilə vuruldu. Digər oğlumu əl qumbarası ilə yaralamışdılar. Mən isə kürəyimdən yaralı idim. 1 həftə əsirlikdə qaldıqdan sonra biz Məmmədovlar ailəsi 5 üzvünü erməni tərəfdən döyüşən zəncinin meyiti ilə dəyişdilər. Ümumilikdə 80 nəfər azərbaycanlını dəyişdilər. Biz ailə üzvümüzdən 5 nəfər də var idi. İki övladım, 1976-cı il təvəllüdlü böyük oğlum Məmmədov Söhbət Məmməd oğlu, 1975-cil təvəllüdlü oğlum Möhlət və həyat yoldaşım Məmmədov Məmməd Rəhim oğlu əsirlikdə qaldı. 2007-ci ilə qədər bunların sağ olduğunu ümidlə gözləyirdik. 2007-ci ildə MTN-nin ATV telekanalıda çəkdiyi canlı şahidlərin dilindən ibarət olan sənədli filmdə məlum oldu ki, mənim həyat yoldaşım Məmmədov Məmməd Rəhim oğlunu və oğullarım Söhbət və Möhlətin başlarını ermənilər elə erməni qəbrinin üstündə qurbanlıq qoyun kimi kəsiblər”.

“Qaçırmasan, intihar edəcəm”
Ana qeyd edir ki, “Bu gün ki, sizə müraciətim ondan ibarətdir ki, bu cür faciəni yaşamış bir ailənin övladı olan Əhməd öz bacım nəvəsi Vəliyeva Aliyə Aqil qızı ilə evlənmək məqsədilə ilə qaçırmağa cəhd edib. Xanımın istəyilə bu iş baş tutub. Xanım buna SMS-də yazıb ki, mən səni istəyirəm. Bunlar 8 ildir ki, bir-birilərini sevirlər. Bunu hər iki tərəfin ailəsi bilir. Sadəcə qızın atası Vəliyev Aqil Talıb oğlu polis rəisi olduğuna görə aciz bir qaçqın ilə qızının evlənməyini rəva görməyib. Uzun müddətdən sonra mənim oğlum da ailə qurmuşdu. Həmin xanım oğlumun ailəsini dağıtdı. Özü də sonradan ailə qursa da, boşanıb. Bir müddət keçəndən sonra yenidən oğlumla rastlaşıb sevgilərini davam etdiriblər. Ondan sonra qız xahiş edib ki, onu qaçırsın. Əks halda oğluma intihar edəcəyini bildirib. Bir neçə də bu cür oğlumu hədələyib. Hətta o zaman bu xanım zəhər içib canına qəsd etmək istəyirmiş. Qızın ailəsi narazı idi bu nikaha qarşı idi. Bu səbəbdən də 2014-cü il yanvarın 14-ü tarixində qız mənim oğlumdan onu qaçırmağını xahiş edib. Qız, Tibb Universitenin nəzdində ki klinikada peditar olaraq çalışır. Və o oğluma deyib ki, gəl iş yerimin qarşısından məni şou şəklində qaçır. Qardaşım da xanımın dediyinə inanaraq, yoldan taksiyə əyləşərək, əmisioğluna( red-Məmmədov Zaman Fəraməz oğlu) zəng edir. Əmisioğlu ilə danışıq zamanı oğlum bildirir ki, o ailə qurmaq istəyir və qızla yazışmaları ona göstərib. Əmisi oğlu da buna inanıb. Bu səbəbdən də qızı qaçırmaq üçün ona kömək etməsini xahiş edir. Tibb Universitetinin qarşısına gələrkən Qobustanda yaşayan kiçik oğlum Ruslan telefon vasitəsilə qəfildən ona zəng edərək Bakıda olduğunu bildirir və Əhmədlə şəxsi işi olduğunu bildirərək ondan yanına gəlməsi xahiş edir. Ruslan hadisədən xəbərsiz halda Əhmədin yanına gəlib. Elə həmin an xanım işdən çıxanda oğlum razılaşdırılmış qaydada xanıma yaxınlaşaraq güc tətbiq edir və maşına əyləşdirir. Bu zaman xanım yıxılır. Ruslan ona kömək edir”.
“Qızın ailəsində vəzifəli polislər olduğu üçün bizə zülm edirlər”
Anaxanım Məmmədova bildirir ki, “Oğullarım bunun adam oğurluğu olduğunu bilməyiblər. Çünki, onların savadı olmadığından belə bir iş həyata keçiriblər. Qızın atası 25 il müəyyən rayonlarda polis rəisi kimi çalışdığına görə, geniş ətrafı olduğu üçün hər yerdə bizim səsimizi susdurdular. Əmisi Ədalət Vəliyev hazırda Qaradağda polis rəisinin müavinidir. Digər əmisi Adil Vəliyev  Azərbaycan Daxili Su Hövzələrinin Balıqartırma Departamentinin sədridir. Dayıları da böyük vəzifələrdədir. Hamısı uzun müddət hüquq-mühafiəz orqanlarında yüksək vəzifələrdə çalışıb. Qızın qardaşı Vəliyev Füzuli Biləsuvar rayonunda prokuror köməkçisi vəzifəsində çalışır.  Bəzi qohumları var ki, onların adlarını belə çəkməyə belə qorxuruq. Çünki onlar çox yüksək postları tuturlar. Bu səbəbdən də hər an bizi məhv edə bilərlər”.

Gözü yaşlı ana Ali baş komandana üz tutdu
“Mən xahiş edirəm ki, müraciətimi Ali Baş Komandanımıza çatdırasınız. Biz hər zaman dövlətimizə güvənmişik. Həmişə dövlətimiz bizə qayğı göstərib. Bugün ki, gündə də dövlət qayğısı ilə yaşayırıq. Hazırda Qobustan rayonun Mərəzə qəsəbəsində məskunlaşmışıq. Bugün də dövlət qayğısı üzərimizdədir. 2012-ci ildə evimiz yandı. Sağ olsunlar ki, yenidən bərpa etdilər. Bir sözlə dövlətimizdən çox razıyıq və ona görə də canımıza qəsd etmirik.  Belə getsə, bunu da edəcəm. Bugun sizə müraciətim odur ki, bizim cənab prezidentimiz, Cənab Ali Baş Komandanımız bütün çıxışlarında dövlət məmurlarına tapşırıq verir ki, vəzifələrində sui-istifadə etməyin. Ermənilər 100 il əvvəl ki, müsəlman qəbirlərini eşib çıxarıb dünyaya sübut etmək istəyirlər ki, türklər bizə qarşı belə soyqırım həyata keçirib. Amma hal hazırda soyqırıma məruz qalmış, əsirlikdə hər cür qeyri-insani rəftarlar görmüş azərbaycanlı biri  ailə qurmaq məqsədilə qız qaçırıb. Bəyəm qəbahətdirmi ki, qaçqın biri hansısa məmurun qızını sevsin. Bu dədə-babalarımızda qalan adət-ənənədir. Bugün qızın qohum əqrabası vəzifələrindən sui-istifadə edirlər. Hara dövlət məmurun qəbuluna getsək də, hansısa bir vasitə ilə bizm səsimizi susdururlar. Bugün burada qanun pozuntusundan söhbət getmir. Burda kimlərinsə vəzifəsində sui-istifadə etməsindən söhbət gedir. Bizə deyirlər ki, sizin hamınızı məhv edəcəyik. Bunlara vəzifə verilibdir ki, soyqırım yaşamış bir ailəni tapdalasınlar?! Mən Prezidentimizə müraciət edirəm ki, bunu bilsin ki, dövlət məmurları ciddi qanun pozuntusuna yol verirlər. Bir şəhid anası kimi Respublika Prokurorluğuna müraciət edirəm ki: Sizmi tapşırıq verirsiniz ki, bizləri qəbul etməyəsiniz? Yoxsa işçiləriniz sizə düzgün məruzə etmirlər? Poçt vasitəsilə xəbərnamə də göndərmişəm. Saysız-hesabsız teleqramlar var. Hamısı cavabsızdır. Məhkəmələr süründürməçilik həyata keçirir. Hamısı bizim başımıza oyun açır. 2015-ci il 17 yanvar tarixində  Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev övladlarımı haqsız yerə 8 il azadlıqdan məhrum edib. Taksi sürücüsünə və digərlərinə 8 il şərti cəza verdilər. Düşmən dediyimiz erməni bizə rəhm edərək bizi evdə yandırmadı. Bəzi ailə üzvlərimizi azadlığa buraxdı. Amma bizim işə baxan hakim tapşırıqla haqız hökm çıxardı. Haqsız hökm çıxarmağına baxmayaraq bu gün də onlara dəstək verir”-deyə, ana qeyd edib.
Anaxanım xanım deyir ki, “Apelyasiya Məhkəməsinə müraciət etmişik. Burada 4 proses gedib. Sonradan zərərçəkmiş şəxsin nümayəndəsi Apelyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulova deyir ki, bəs mən də şikayətçiyəm. Vaqif müəllim də öz növbəsində bildirib ki, bəs siz 20 gün müddətində apelyasiya şikayəti verməli idiniz. Zərəçəkmişlər də əsasız şəkildə iddia edir ki, bəs biz şikayət vermişik. Bunlar məhkəmini dayandırdılar. Ali Məhkəməyə müraciət etdilər. 4 ay keçdi. 4 aydan sonra Ali Məhkəmə bunların verdiyi şikayəti əsassız saydı. Ağır Cinayətlər Məhkəməsinə geri qaytardılar. Necə oldusa Ağır Cinayətlər Məhkəməsi müddəti küçmiş əsassız bu şikayəti bərpa etdi. Qohum məmurlarının köməyi yoxdursa müddəti keçmiş şikayəti təzədən necə bərpa etdilər?! İndi də Apelyasiya məhkəməsi günü günə satır. Soruşuram ki, ay oğlum mənim imkanın yoxdu gedib-gəlməyə. Bizi get-gələ salırsınız? Bunu nə səbəbə gecikdirirsiniz?  Əsaslandırır ki, Vəliyeva Aliyə xanımın məhkəmədə iştirak etməyə vaxtı yoxdur. Nə zaman gələrsə o zaman da prosesi davam etdirərik”.
Üç oğlunu erməniyə qurban verən ana bu oğlunu da itirmək istəmir və Prezidentdən baş prokurora onu qəbul etməsi göstəriş verməsini istəyir: “Sizdən şəhid anası kimi xahiş edirəm ki, Respublika Prokurorluğuna göstəriş verəsiniz ki,  məni qəbul etsin. 1 il yarımdır ki hər ay qəbul günü orada olsamda bilinməyən  səbəbdən ya özü ya da işçiləri görüşməyə imkan vermirlər. Respublika Prokurorluğunda bir çox məmurun qəbulunda olmuşam. Onların hamısına yanlış məruzə ediblər. 27 yaşlı Aliyəni azyaşlı kimi qələmə veriblər. Orada bizimlə danışıqda xanımın azyaşlı olmadığını,onun 27 yaşı olduğunu bildirmişik. Bir sözlə bizim haqqımızda çox pis rəy veriblər. Başıma gələnləri danışdıqdan sonra hamısı mənə yalan vədlər verdilər. Respublika Prokrorluğununu qəbuluna girməyin də qeyri-mümkün olduğunu bildirirlər.  Məhkəmə proseslərinin hər birində  də bütün prokurorluq qızı öz doğması kimi müdafiə edir.  Sizdən xahiş edirəm ki, Respublika Prokuroru məni qəbul etsin”.
Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc edə bilərik.
“Azad Azərbaycan” telekanalında Xocalı soyqırımı ilə bağlı yayımlanmış sənədli filmdə bu ailə haqqında da geniş məlumat verilir. Həmin videonun  7 dəqiqə 25-ci saniyəsindən sonra Anaxanım Məmmədovanın oğlanları başlarına gələn faciəni danışırlar:
http://yenicag.az/iki-oglunun-basi-erm%C9%99ni-m%C9%99zari-ustund%C9%99-k%C9%99sil%C9%99n-xocalili-ananin-az%C9%99rbaycanda-yasadigi-musib%C9%99t-sok-video/

Комментариев нет:

Отправить комментарий