- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

7.29.2015

Rusiyaya qazanc üçün gedənlərin ailələri necə yaşayır...

BBC-nin Düşənbədəki müxbiri Anora Sarkorova tacik əməkçi miqrantların həyatından yazıb.
A.Sarkorova bildirir ki, miqranların Rusiyadan göndərdikləri pullar milyonlarla tacik ailəsinin dolanışığını təmin edir. Lakin ataların aylarla evdə olmaması övladlar üçün acınacaqlı vəziyyət yaradır.
Çox vaxt da belə olur ki, atalar özlərinə uzaq qürbətdə yeni yuva qururlar. Belə uşaqlar adətən özbaşına böyüyür, müstəqil olaraq pul qazanmağa çalışır və küçənin qəddar qaydaları ilə üzləşirlər.
Əslində atılmış analar övladlarının tərbiyəsi ilə təkbaşına məşğul ola bilmir, uşaqları internat məktəblərə verirlər.

Rəsmi məlumatlara görə, Tacikistanın əməyə yararlı əhalisinin dörddə biri xaricdə miqrant kimi yaşayır.
Ölkə iqtisadiyyatının bu miqrantların ailələrinə göndərdikləri pula ehtiyacı var.
2013-cü ildə tacik miqrantlar vətənə ümumilikdə 4,2 milyard dollar pul göndəriblər ki, bu da Tacikistan ÜDM-nin az qala 50 faizini təşkil edir.
Səfillər
Bir neçə il bundan əvvəl parlament ölkənin ailə qanunlarına əlavələr edib. Bu düzəlişlərin bir qismi də miqrant fəhlələrin uşaqlarına aiddir.
Bu qanunlara görə, baxımsız qalan həddi-büluğa çatmamış uşaqlar xüsusiləşdirilmiş uşaq müəssisələrinə göndərilə bilərlər.
Bu qanun əlavələri qəbul edilərkən Tacikistan hökuməti ilk dəfə olaraq ölkədə sahibsiz uşaqlar probleminin mövcudluğunu da etiraf etdi.
Sahibsiz uşaqların 80 faizinin azı bir valideyni var, çox hallarda isə hər iki valideyn olur. Lakin bir qayda olaraq bunlar miqrant uşaqlarıdırlar.
“Uşaqlar, qaçqınlar və kövrək vətəndaşlar” ictimai təşkilatının rəhbəri Mavcuda Raxmonovanın dediyinə görə, bu uşaqlardan bəziləri nə yazmağı, nə də oxumağı bacarır. O deyir ki, çox vaxt tənha analar uşaqları təkbaşına böyüdə bilmirlər.
“Belə uşaqlar küçələrə düşür, hətta sahibsiz olsalar da ailələri üçün çörəkpulu qazanırlar. Onların qayğıya ehtiyacları var və əgər biz indi onlara kömək etməsək, bunun çox ciddi nəticələri olacaq” - deyir Raxmonova.
Artıq bir neçə ildir ki, Tacikistan hökuməti uşaqlar tərəfindən törədilən xəta və cinayətlərin artmasından narahatlıq ifadə edir.
Bunlar bir qayda olaraq xırda xuliqanlıq, narkotik alveri və hətta fahişəlik kimi qanun pozuntularıdır.
“Məyusluq içində tənha”
5 yaşlı Masrur Şodiyev atasını heç vaxt görməyib. Atası hələ o doğulmazdan əvvəl Rusiyaya gedib. Moskvada miqrant ata özünə yeni ailə qurub və köhnə ailəsinə köməyi dayandırıb.
Masrurun anası ata evinə qayıdıb. İndi uşağın qayğısına qohumları qalırlar.
Masrurun hələ bəxti gətirib: onu internat məktəbə veriblər. Hər halda nəzarətsiz deyil, amma üzünü görmədiyi atası üçün bərk xiffət çəkir.
“Atamı çox görmək istəyirəm. Anam mənə onun haqqında danışıb, mənə fotolarını göstərib. Mən babama “ata” deyirəm. Amma əsl atamı istəyirəm. İstəyirəm ki, dostlarıma onu göstərim, onlar da görsünlər ki, mənim atam var” - Masrur deyir.
Araşdırmaçılar deyirlər ki, miqrant uşaqların, xüsusilə də ataları tərəfindən atılmış uşaqların sosial davranışında və psixoloji vəziyyətlərində ciddi problemlər yaranır.
“Miqrantların uşaqları çox vaxt depressiyadan və yalnızlıqdan əzab çəkirlər. Bu, xüsusilə də atılmış ailələrin 15-18 yaşlı qız uşaqlarına aiddir” - Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında deyilir.
Həmin hesabatın müəllifləri iddia edirlər ki, belə ailələrdə 11-14 yaşlarında olan oğlan uşaqları aqressiv olurlar.
Yoxsulluğun girdabında
Ərləri tərəfindən atılmış qadınlar deyirlər ki, yoxsul yaşayır, öz əkib-becərdikləri ilə qidalanırlar. Bəzən onlara qohumları, QHT-lər və beynəlxalq təşkilatlar kömək edirlər.
Elə həmin hesabatda deyilir ki, miqrantların 3-də biri heç vaxt vətənə qayıtmayacaq.
14 yaşlı Düşənbə sakini Kamol Caborov atası qazanc dalınca gedəndən və ailəyə yardımını dayandırandan bəri işləyir.
Kamol bu vaxt ərizndə yükdaşıyan, maşınyuyan və qəzetpaylayan işləyib.
“Atam qəfildən evə pul göndərməyi dayandırdı. Çox çətin idi. Anam və balaca qardaşımla köməksiz qalmışdıq. Elə onda işləməyi qərara aldım. Əlbəttə, çətin idi. Mən də dostlarımla futbol oynamaq istəyirdim, amma işləmək lazımdı. Axı evdə məni gözləyənlər vardı. Əgər evə pul gətirməsəydim, ac qalardıq. Amma məktəbi atmadım. İşlə çətin tutur, amma əlimdən gələni edirəm” - Kamol deyir.
Bir çox miqrantlar Rusiyada yeni ailə qururlar
Lakin miqrant uşaqları arasında məktəbə gedə bilməyənlər daha çoxdur. Belə uşaqların məktəbli forması, dəftərxana ləvazimatı almaq üçün pulları olmur.
Tacikistanda uşaq əməyinin ləğvi üçün qəbul edilmiş qanun işləmir. Odur ki, Düşənbə bazarlarında cır-cındır içində gəzən uşaqlar - piştaxta arxasında şirniyyat satan qızlar, maşın yumaq üçün vedrə daşıyan oğlanlar adi mənzərədir.
Atılmış qadınlar
Miqrantların evə göndərdiyi pullar milyonları aclıqdan xilas edir, lakin minlərlə qadını tənha qoyur.
Tənha gənc analar üçün daha çətindir. Onların əksəriyyəti kənd yerlərindəndir və təhsilsizdir. Boşanmadan sonra onların əksəriyyəti işsiz və pulsuz qalır.
Son vaxtlarda beynəlxalq təşkilatlar atılmış miqrant arvadlarına dəstək üçün çox iş görür.
Dövlət də belə qadınlar üçün qısamüddətli tikiş, bərbər və şirniyyatçı kursları açır.
Ən böyük miqrant axını olan kənd yerlərində qadınlar, uşaqlar və ahıllar əsas işçi qüvvəsinə çevrilirlər.
Rusiyada yeni miqrasiya qaydaları Tacikistandan gələnlərin və onların ailələrinin həyatını çətinləşdirib
Rusiya Miqrasiya Xidmətinin məlumatına görə, hazırda bu ölkədə 1,8 milyon Tacikistan vətəndaşı var. Bunların böyük əksəriyyəti işçi miqrantlardır. Tacikistanın öz canlı əmək ehtiyaları 2,2 milyon nəfərdir.
Rusiyada iqtisadi vəziyyətin ağırlaşması ilə bağlı miqrantlar barədə qəbul edilmiş yeni qanun və qaydalar gəlmə əməkçilər üçün böyük çətinliklər yaradır.
Tacikistan Əmək və Məşğulluq Nazirliyində bildirirlər ki, 2015-ci ildə ölkədən gedən miqrantların sayı 14 faiz azalıb. Bununla birlikdə ölkəyə gələn pul da azalıb və deməli, bir çox ailələrin maddi durumu pisləşib.
Lakin miqrantların əksəriyyəti rublun dollara nisbətdə ucuzlaşmasına baxmayaraq Rusiyanı tərk etməyiblər.
Həənd indi onlar öz yaşayışlarına daha çox pul xərcləməli olurlar.

http://virtualaz.org/cemiyyet/51213

Комментариев нет:

Отправить комментарий