“Bəzi insanların həbsdə
saxlanması yaxşı hal deyil”
Parlament
seçkisi ilində, xüsusilə də seçkilərə 90 gündən də az zaman qalması şəraitində
Azərbaycanın siyasi gündəmini tamam ayrı mövzular zəbt edib. Uzaq-yaxın
demokratik ölkələrin təcrübəsində isə seçkilər ölkə vətəndaşının taleyüklü məsələsi
olduğu üçün aparıcı mövzu olur və digər məsələlər arxa plana keçir. Böyük
Quruluş Partiyasının (BQB) sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a müsahibəsində
bu situasiyanın obyektiv və subyektiv səbəbləri barədə danışdı.
- Azərbaycanda seçkilərin
son illərdə daha ajiotajsız keçməsinin səbəbi müxalifətin ildən-ilə gücünün
azalması ilə bağlı olsa da, digər faktorları da diqqətdən qaçırmamalıyıq. Çevrəmizdəki
ölkələrdə baş verənlər insanları daha təlatümsüz, qarşıdurmasız dəyişiklik barədə
düşünməyə alışdırmış. Hətta siyasiləşməmiş insan qrupları belə, hansısa sərt
dirənişin idarəolunmaz xaosa çevrilməsi qorxusu içindədir. Ona görə də siyasətdənkənar
çoxluğun siyasətə bulaşmamaq barədə səssiz qərarı hiss olunur, bu səssizlik isə
bütün hallarda hakimiyyətin xeyrinə işləyir və ona görə də seçki ilinin necə
hiss olunması ancaq iqtidarın istək və davranışı ilə əlaqələndirilir. Yəni
iqtidar istədikdə canlanma olacaq, istəməzsə, hər şey köhnə qaydasında gedəcək.
- Siz özünüz də
partiya sədrisiniz. Nədən siyasi partiyalar gözləmə mövqeyindədir? Sanki hakim
partiya müxalifəti, müxalifət də YAP-ı gözləyir. Bu, normaldırmı?
- Azərbaycanda partiya
demokratiyası zəif səviyyədə olduğuna görə onların edə biləcəyi cəhdlərin cəmiyyət
həyatına əhəmiyyətli təsiri olacağını düşünmürəm. Əgər partiyalar öz proqramı və
kadr arsenalı ilə bir siyasi institut kimi seçki rəqabətinə qoşula bilmirsə, o
zaman onların inkişafı üçün ciddi bir stimul yaranmır. Proporsional seçki
sistemi partiyanın cəmiyyətə açılımıdır, onunla daha məsuliyyətli təmasıdır və
hər şeydən öncə rəqabətə davamlılıq potensialının yoxlanışıdır.
Partiyanın məqsədi həm də hakimiyyətə gəlməkdir, hakimiyyətin də bir qolu qanunverici
orqandır. Hökumət koalisiyası imkanı yox, müxtəlif təftiş-nəzarət qurumlarında
təmsilçilik imkanı yox, fraksiya yaratmaq imkanı yox, o zaman partiyaların
sistemli fəaliyyətindən daha çox, fərdlərin partiya adından çalışması, mövqe
qazanması daha qalıcı bir reallığa çevrilir. Hətta hakim partiyanın özü də
siyasi proseslərə yön vermək imkanına sahib deyil, çünki qanunverici orqanda
partiya modeli kimi deyil, dövlətin idarə olunmasına yardım etməklə kifayətlənən
məhdud bir fəaliyyəti öz üzərinə götürüb. Bu isə partiya demokratiyasının
inkişafına mənfi təsir göstərir.
“Hətta hakim partiyanın özü də siyasi
proseslərə yön vermək imkanına sahib deyil”
|
- Seçkilərin nəticələrinin
tanınması bu dəfə ənənəvi qaydada müzakirə və mübahisə predmetinə çevrilə bilərmi?
Hakimiyyət ATƏT və Avropa Şurasına seçkini müşahidə üçün dəvət göndərib, lakin
beynəlxalq qurumlarla münasibətlər heç də normal deyil. Bu mənada seçkisonrası
situasiyanı necə təsəvvür edirsiniz?
- Bu məsələdə hakimiyyətin
arqumentləri Avropa qurumlarından daha güclüdür. Təbii ki, Avropa qurumlarından
uzaqlaşmaq bizim üçün doğru seçim olmazdı, hətta qarşılaşdığımız ədalətsizliklərin
miqyası böyük olsa belə. Bu məkandan biz fayda və dəstək gözləməsək də, orada
mövcudluğumuz əleyhimizə olan total hücumları, Ermənistanın daha imtiyazlı bir
mövqeyə çıxarılmasına mane ola bilir. Bununla belə, Avropa oyunları zamanı istər
Avropa İttifaqının, istərsə də Avropa Şurasının açıq qərəzli mövqe nümayiş
etdirməsi bu qurumların Azərbaycan üzərində etimadını və təsirini xeyli
azaltdı. Əvvəllər hətta neytral insanda belə az da olsa ümid vardı ki, Azərbaycanda
insan haqlarının vəziyyəti buradakı təmsilçiləri narahat edir və səmimi şəkildə
müəyyən nöqsanların ortadan qaldırılmasını istəyirlər, lakin indi baxış bucağı
xeyli dəyişmiş oldu. İnsan haqları artıq Avropa qurumları üçün alver vasitəsindən
başqa bir şey kimi sezilmir. Üstəlik də Ermənistanı işğalçı dövlət kimi tanıyaraq
sanksiyalar tətbiq etməkdən yayınan bu qurumların, halımıza necə yanmasını görməkdə
çətinlik çəkmərik. Ona görə də bu qurumların müşahidə edib-etməməsinin və ya
verdiyi rəyin hansısa problem yaradacağını inandırıcı saymıram.
- Yəqin ki, şəxsən seçkidə
iştirak qərarınız var. Bəs, dairə seçimində necə, dəyişiklik ola bilərmi?
- Seçkidə iştirak etmək
niyyətim var. Hələlik yeni dairə barədə düşüncəm yox, seçicilərini daha yaxşı
tanıdığım dairədə resurslarımın daha güclü olduğunu düşünürəm.
- KXCP-nin
qurultayında sizi görmədik. Uzun illər bir partiyada fəaliyyət göstərdiyiniz
keçmiş cəbhədaşlarınızın ali tədbirində iştirak etməməyiniz nə ilə bağlı idi?
- Dəvət olunmuşdum,
sadəcə, rayondaydım, sırf texniki səbəbdən iştirak etmədim. Ancaq Mirmahmud bəyə
dəvət edərkən təbriklərimi çatdırdım.
- Hakimiyyətdən əfvlə
bağlı gözləntilər özünü doğrultmadı. Hazırda Tofiq Yaqublunun səhhətində
problemlər yaşanır. Belə bir situasiyada təklifiniz nədir?
- Dəfələrlə bəyan
etmişik ki, Tofiq Yaqublu kimi bir Qarabağ qazisinin, həm də müxalifət
partiyasının sədr müavininin bu qədər həbsdə saxlanması yanlışdır və onun
azadlığa buraxılmasını iqtidarın ən doğru qərarlarından biri olacağına
inanıram. Təəssüf ki, səsimiz eşidilmir, ancaq ölkənin imici üçün hansı motivlə
olursa-olsun, bəzi insanların həbsdə saxlanması yaxşı hal deyil.
- Qənimət Zahidin,
Emin Millinin qohumlarının həbsi, ikincinin qohumlarının isə ondan imtina bəyanatından,
yəqin, sizin də xəbəriniz var. Sizcə, nə baş verir, belə vəziyyət Azərbaycan üçün
nə vəd edir?
- Siyasi və ictimai fəaliyyətdə
belə presedentlərlə qarşılaşmaq olur. Ancaq burada qohumların hansı motivlərlə
imtina etməsi maraqlıdır. Belə bir hüquqi prosedur yoxdur, bu sadəcə bir qınaq
prosedurudur. Bu da qohumların seçimidir, hər halda daha sağlam qohumluq əlaqəsi
olan insanlarla bağlı belə hadisələr baş vermir. Yaxşı hal deyil, ancaq
ictimai-siyasi fəaliyyətlə məşğul olan insanlar belə sürprizlərdən sığortalana
bilməzlər.
- AZAL-dakı qiymətlərdən
siz də şikayətlənmişdiniz. Doğrudanmı, prezident iradəsindən də yuxarıda iradə
sahibi var? Cahangir Əsgərov kimə və nəyə arxayındır?
- Burada sadəcə iki
prinsipdən biri işləməlidir: özüm çox qazanım, vətəndaş cəhənnəmə və yaxud da
özüm normal qazanım, vətəndaş da xidmətimdən razı qalsın. Hələlik birinci
prinsip seçildiyindən, həm prezidentin iradı, həm də bizlərin tənqidi bu şirkəti
ikinci prinsip üzərində işini qurmağa çağırışdır. Ümid edək ki, ora-bura
oyalanmadan bu cağırışı ciddi qəbul edəcəklər və vətəndaşa qarşı soyğunçuluğa
son qoyacaqlar.
- Qarabağa sülhməramlıların
yerləşdirilməsi, Azərbaycanda Avrasiya Hərəkatının yaradılması və bu kimi məsələlər
gündəmin əsas müzakirə mövzularına çevrilməkdədir. Bütün bunlar real təhlükədən
xəbər verir, yoxsa keçici polemikalardır?
“Avropa qurumlarından uzaqlaşmaq bizim
üçün doğru seçim olmazdı, hətta qarşılaşdığımız ədalətsizliklərin miqyası
böyük olsa belə”
|
- Artıq real təhlükədən
xəbər verməyin yeri yoxdur. Real təhlükə qapıdadır və bu yanğını hansı küləyin
haraya daşıyacağı riskini bütün insanlarımız görməlidir. Bu gün Azərbaycanda hər
bir insanın əsas hədəfi sadəcə hakimiyyət naminə deyil, birbaşa öz marağı naminə
sabitliyi qorumaqdır. Elə məsələlər var ki, orada tərəddüdsüz uzlaşma yolu
seçilməlidir. Qarabağda sülhməramlıların yerləşdirilməsi terminini yaxına
buraxmaq indiki halda ölkəmiz üçün təhlükəlidir. Sülhməramlılar torpaqlar
işğaldan azad olunduqdan sonra ancaq Azərbaycanın razılığı ilə Ermənistanla
bütün dövlət sərhədi boyunca yerləşdirilə bilər. Avrasiya Hərəkatının isə ciddi
bir qurum olaraq yaradılması barədə məlumatım azdır. Hər halda başqa ölkələrə
işğalçılıq üçün dəvət göndərməyə çalışan qüvvələrə cəmiyyət olaraq sərt mövqe
göstərməliyik. Bu Vətənə toyda iştirak üçün xaricdəki dostların dəvəti
hamımızın ürəyincədir, lakin müstəqilliyimizə toy tutmaq üçün xaricə dəvət göndərənlərin
nikah tortunu yemək olmaz.
- Fazil bəy, son günlər
avtomobil qəzalarında və dənizdə həlak olanların sayı sürətlə artmaqdadır.
Normalda bu fəlakətlərdən xilas yolları ümummilli müzakirələrə səbəb olmalıdır.
Lakin biz hətta Qarabağ cəbhəsindəki itkilərimizi də ümummilli diskussiyaya
çevirə bilmirik. Sizin bu kimi bədbəxt hadisələrdən sığortalanmaq üçün konkret
təklifiniz varmı? Özü də həlak olanların əksəriyyəti gənclər, potensial
döyüşçülər...
- Bu, çox üzücü bir
haldır və hər dəfə insanların bu kimi qəzalarda doğan faciəsini eşidərkən, nəyinsə
yerində olmadığını düşünürsən. Bütövlükdə hər bir insan özünün qoruyucusu
olmalıdır. Bir çox hallarda bu insanlar öz məsuliyyətsizliklərinin, səhlənkarlıqlarının
qurbanına çevrilirlər. İçkili dənizə girmək, maşın sürmək, canqurtarıcı köynəyi
geyməkdən imtina etmək, maşında kəmər taxmağa xor baxmaq xoşagəlməz nəticələr
doğurur. Ancaq bir reallıq var ki, insanların hamısı qaydalara əməl etsəydi,
dünyamız da fərqli olardı. Bütün hallarda yorulmadan profilaktik xəbərdarlıq tədbirləri
görülməlidir. İnsanlara öz həyatına dəyər verməyə alışdırmalıyıq.
O zaman başqasının da
həyatına anlayışla, hörmətlə yanaşarlar. Yanımızda siqaret çəkən gəncə,
maşınından zibil atan sürücüyə, vəhşicəsinə spirtli içmiş qohumumuza,
tanışımıza, yolda xuliqanlıq edən kimsəyə yaxınlaşıb irad bildirməyi öz vəzifə
borcumuz hesab etməyənə qədər laqeydlərin, dəyərsizlərin çoxluğu altında əzilməyə
davam edəcəyik. Həm də o halda Qarabağ cəbhəsindəki hər itkini də öz ailə
üzvümüzün itkisi kimi qəbul etmək əxlaqından da çox-çox uzaq olacağıq.
Комментариев нет:
Отправить комментарий