Vaşinqton Dağlıq
Qarabağı qaytarır? ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin
Moskva səfərindən sonra “İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır”
deyə konkret mövqe nümayiş etdirməsi bir sıra suallara yol açdı.
Ötən həftə baş verən
proseslər də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni proseslərin
baş verdiyini göstərir. Xüsusilə iki səfər diqqət çəkdi.
Azərbaycan müdafiə
naziri Zakir Həsənov Moskvaya səfər etdi. Bakı ilə Moskva arasında ikitərəfli
münasibətlər yüksək səviyyədədir və bu cür səfərlər normal hal hesab olunur.
Lakin Rusiyanın forpostu olan Ermənistanın müdafiə nazirinin birinci müavini
David Tonoyanın eyni ərəfədə Vaşinqtona getməsi diqqətlərdən yayınmadı.
İlkin versiya belədir:
Qarabağ münaqişəsi ilə bağlı yeni situasiya yaranıb və Azərbaycan rəhbərliyi
ölkənin çıxarları baxımından manevrlərini genişləndirir. Ermənistan ordusunun
ikinci şəxsinin Vaşinqtona səfəri isə ilk baxışdan mərkəzdənqaçma olaraq dəyərləndirilə
bilər. Bu fonda Bakının daha ağıllı manevr etdiyini deyə bilərik.
Lakin Ceyms Uorlikin məlum
sözlərindən sonra Vaşinqtonun münaqişəyə yanaşmalarının dəyişməsi haqda
ehtimallar da unudulmamalıdır. Görünür...
a) Vaşinqton münaqişənin
həllində maraqlıdır. Ukrayna böhranından sonra post-sovet məkanında dondurulmuş
münaqişələrin “açılması” istiqamətində prosesə hələ ötən ildən start
verilmişdi.
b) İşğal olunmuş 7
rayon Azərbaycana qaytarılır və Dağlıq Qarabağın statusu məsələsi gündəmə gəlir.
Erməni ordusunun ikinci şəxsinin Vaşinqtona çağırılması da nələrinsə
hazırlanması və razılaşdırılması ilə bağlıdır.
Hazırlanan nələrsə məhz
sentyabr ayında BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək
sessiyasında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə qədər
razılaşdırılmalıdır. Məhz həmin görüşdə təkliflər prezidentlərin önünə
qoyulmalıdır. Rusiya prezidenti Vladimir Putinin də həmin sessiyada iştirakını
nəzərə alsaq, deməli, proses birtərəfli yox, Ağ Ev və Kreml tərəfindən ssenariləşdirilir.
Amma nə? Erməni
mediası iddia edir ki, ABŞ Dağlıq Qarabağ üzrə beynəlxalq sülhməramlı qüvvələrin
yaradılması haqda BMT-nin yeni qətnaməsinin qəbulunda maraqlıdır. Tonoyanın
ABŞ-a səfəri də bununla bağlıdır. Onun Nyu-Yorkda BMT-nin sülhməramlılar üzrə
xüsusi nümayəndəsi ilə görüşməsi də ehtimalları artırır. Sülhməramlıların
Qarabağa yerləşdirilməsi Bakıya sərf edirmi? Bu məsələ artıq uzun müddətdir
ki, gündəmdədir. Xüsusilə Rusiya öz qoşunlarını burada yerləşdirmək niyyətindən
heç vaxt əl çəkməyib. Lakin Bakı buna heç vaxt icazə verməyib. Çünki bu, üzdəki
düşmənin geri çəkilməsi və pərdəarxası qüvvənin ortaya çıxması, beləliklə,
müharibəin daha böyük güclə aparılması deməkdir.
Lakin indiki
situasiyada sülhməramlılar Azərbaycana o vaxt sərf edər ki, işğal olunmuş ərazilər
geri qaytarılır, öz evlərindən qovulmuş qaçqın və məcburi köçkünlər geri
qaytarılır, Dağlıq Qarabağın statusu Azərbaycanın tərkibində həll olunur və
yalnız BMT səviyyəsində olan sülhməramlılar müvəqqəti olaraq regionda təhlükəsizliyin
qorunmasını həyata keçirirlər. Amma bu məsələ gündəmə gələndə rəsmi Bakı haqlı
olaraq BMT-nin dörd qətnaməsini əsas gətirəcək ki, belə olanda da İrəvan öz
qeyri-konstruktiv mövqeyindən əl çəkmək istəməyəcək. Hər-halda situasiya
hazırda mürəkkəb olaraq qalır və sentyabrda məsələyə aydınlıq gələ bilər.
Burada Vaşinqton və
Kremlin hansı maraqlardan çıxış etməsi də diqqət çəkir. Birləşmiş
Ştatların işğal olunmuş torpaqları Azərbaycana qaytarmaq mövqeyində olduğu
görünür. İndiyə qədər bu tipli çıxışlar daha çox söz oyunu idisə, hazırda bunun
real olduğunu düşünə bilərik. Xüsusilə, Vaşinqtonun enerji savaşında qurduğu
ssenarilərin gerçəkləşməsində Bakıya ehtiyacı böyükdür və güman ki, Azərbaycan
rəhbərliyi ərazi bütövlüyü məsələsini Ağ Ev təmsilçilərinin qarşısında irəli
sürüblər. Vaşinqton münaqişəni həll etməyə həm də ona görə maraqlıdır ki, Ermənistan
blokadadan çıxacaq, uzaq perspektivdə olsa belə Rusiyanın boyunduruğundan
qurtulacaq və Gürcüstanı ələ alan Birləşmiş Ştatlar Cənubi Qafqazın iki ölkəsi
arasındakı problemi həll etməklə regionda hakim qüvvəyə çevriləcək.
Rusiyanın buna razı
olması hələ də sual altındadır. Hesab etsək ki, Moskva ərazilərin qaytarılması
və BMT sülhməramlılarının Qarabağa yeridilməsinə razıdır, o zaman sual yaranır:
Rusiya öz xoşu ilə regiondakı gücündən niyə imtina edir, yaxud burada onların
hansı maraqları var? Bu sualın cavabı hələ ki açıq olaraq qalır. Yalnız onu
ehtimal edə bilərik ki, Rusiya hazırda düşdüyü çətin vəziyyətdən çıxış yolları
axtarır və Şərqi Avropa, həmçinin, Şərqdə mövcud gücünü saxlamaq üçün Cənubi
Qafqazdan imtina edir. Yəni “Əli xilas etmək üçün barmağı qurban vermək”
prinsipi.
Bizə düşənsə Nyu-York
görüşündən sonra açıq qalan suallara cavab tapmaq imkanının yaranacağına ümid
etməkdir.
Комментариев нет:
Отправить комментарий