- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

8.24.2015

Təcili yardım binasında yaşayan məcburi köçkün ailələri

Göz açdığın ocaqdan körpəliyindən bəri nəm iyinin gəlməsi, suyun, elektrik enerjisinin fasilələrlə verilməsi, evin divarlarının torpaqlanması, tozun çoxluğundan tez-tez öskürmək adi həyatın bir parçasına çevriləndə, yaşın az olsa da, uşaq kimi yaşamırsan...
Bakı şəhəri 9-cu mikrorayonda yerləşən yarımçıq Təcili yardım binasında illərdir məcburi köçkün ailələri yaşayır.

Bina ərazisini gəzərkən burada doğulub, elə buradaca böyüyən uşaqlarla hər addımda qarşılaşırsan. Kimisi hələ körpədir, kimisi artıq məktəbi bitirib.
Onları birləşdirən əsas mövhum yarımçıq binanın uşaqları olmasıdır...
Bu üç körpədən ən balacasının 1, ən böyüyünün isə 7 yaşı var. Əfsanə bu il məktəbə gedəcək, Fatimə isə uçuq binada qayğısızca, uşağlığından zövq almağa çalışır.
Onların anası 9 yaşında olarkən Qarabağ müharibəsində "əsir düşüb". Leyla Səyyadova deyir ki, əsir düşdüyü zaman əsgərlərdən biri onu silahın qundağı ilə vurub. Buna görə onun fiziki məhdudiyyəti var. Uşaqların qeydinə lazım olduğu kimi baxa bilməməyi onun üçün ağırdır.
Ataları Tanrıverdi Səyyadov da Qarabağ müharibəsinin döyüşçüsü olub. O isə böyrək xəstəliyindən əziyyət çəkdiyi üçün işləyə bilmir. Həyat yoldaşı uşaqlara baxa bilmədiyi üçün bu vəzifəni də o öz üzərinə götürüb.
7 yaşlı Əfsanə sentyabrda başlayacaq məktəb üçün çox həvəsli olsa da, valideynləri maddi problemlərə görə onun həyəcanını paylaşa bilmirlər. Bu onları narahat edən məsələlərin birincisi deyil. Uşaqlar nə normal qidalana, nə də ki təhlükəsiz yerdə oynaya bilir.
Maddi çətinliklər 2 yaşlı Miryusifi sağlamlığından edib. Bu erkən yaşında o, Hepatit C xəstəsidir. Atası onun uşaq xəstəxanasında yoluxduğuna əmindir. O deyir ki, həkimlər Miryusifin müalicəsi üçün lazım olan iynənin birinin 500 manata olduğunu bildiriblər. Ailənin ümumi gəliri isə cəmi 170 manatdan ibarətdir.
Ailənin yaşayacaq yeri olmadığından 3 ay küçələrdə və müxtəlif parklarda gecələyib. Buna görə onları dəfələrlə polis məntəqəsinə aparıblar.
Nəhayət bir neçə ay öncə bu binada məskunlaşıblar. Hazırda 10 kvadratmetrlik bir otaqda 5 nəfər yaşayır.
Bu binanın sakinləri gələcəkdə tikiləcək köçkünlər üçün nəzərdə tutulmuş bina və qəsəbələrə köçürüləcək. Səyyadovlar ailəsinin ən böyük arzusu ev olsa da, yeni mənzillərdən onlara pay düşməyəcək. Çünki ər və ya arvad məcburi köçkün deyilsə, onlara bu evlərdən düşmür. Tanrıverdi bəy isə əslən Şamaxılıdır...
Qış ayları 6 yaşlı Əflatun üçün yağan qar, evə çox soyuq hava dolmasın deyə qapıların hər zaman bağlı olması və yalnız evdə oynaya biləcəyi aylardır. Ötən qışı isə Əflatun uzun zaman unutmayacaq...
Televizora baxdığı yerdə evin uçması və onu dağıntıların altından qonşuların çıxarması, üşüməsin deyə dağılmış evin yanında anasının balaca ocaq qalaması...
Cəbrayıl rayonundan olan məcburi köçkün ailəsi 2007-ci ildən bu binada yaşayır. Əflatunun anasının uşaqlığı da rahat keçməyib. O, çadır şəhərciyində böyüyüb.
Ailə həyatı qurduqdan sonra Bakıya üz tutan cütlük bu binanı taparaq öz əlləri ilə burada ev tikiblər. Bir neçə il sonra isə ev uçub. Qonşuların köməkliyi ilə yandakı digər yarımçıq otağı ev halına salıblar. Burada isə onları iri və xırda gəmiricilər narahat edir.
Əflatunun ayaqlarını bit-birə yeyib, dərisi qırmızı şişkinliklərlə doludur. Anası deyir, “burda insan yaşamaz, amma biz yaşayırıq”.
Evlərinin bu hala gəlməsinin səbəbi isə daha hündür mərtəbədə yerləşən eyvanın uçmasıdır.
Bu təhlükəli yerdə Əflatun qonşuluqda yaşayan digər uşaqlarla oynayır, qaçır, şənlənir.
Anası hadisədən Qaçqınkomun xəbəri olsa da, bir tədbir görülmədiyini deyir. Bir neçə il öncə bu binadan bir neçə ailə müxtəlif köçkün qəsəbələrinə köçürülüb. Digər ailələrə isə Avropa Oyunlarından sonraya söz verilsə də, hələlik bir xəbər yoxdur.
Balaca Əflatun öz dostları ilə yarımçıq binanın ikinci mərtəbəsində, bir neçə ay öncə uçmuş evin yanında natəmizlik, zibil yığıntıları və müxtəlif küçə heyvanlarının müşayətilə oyun oynayır.
Anaları uşaqlarını bütün gün bağlı qapı arxasında saxlaya bilmədikləri üçün onların bu təhlükəli yerdə oynamasına mane olmadıqlarını deyirlər.
Bu sadalananlar binanın yaşayış üçün təhlükəli olmasının tək sübutu deyil. Sakinlər deyir ki, binanın bir çox hissəsi yarıtikili olduğundan buraya hər gecə narkotik istifadəçiləri yığışır.
Bundan başqa evlərə oğurluğa gələnlər də çoxdur. “Buna görə də, evi uzun müddət yiyəsiz qoya bilmirik”, deyir qadınlar.
Söhbət zamanı analar hər 5 dəqiqədən bir övladlarının adını yüksək səslə çağırırlar. Bu da uşaqların hər hansı bir təhlükə ilə üzləşmədiyinə əmin olmaq üçündür...
Aynur Hüseynova – bina sakinləri arasında tez-tez adı hallanan xanımdır. Onlar Aynurun uzun saçlarından demək olar ki hər gün danışırlar... O qonşular ki, həmin uzun saçları faciəli gündə pilləkan boyu toplamışdılar.
2007-ci ilin sentyabrı. 5-ci mərtəbədə yaşayan Aynuru qohumu və qonşusu kömək üçün çağırır. Bu isə gülərüz Aynurun kiməsə kömək etmək üçün son cəhdi olur. Ayağı sürüşən Aynur bir göz qırpımında 6-cı mərtəbədən 1-ci mərtəbəyə düşür və həmin anda həyata göz yumur...
Həmin vaxt Sumqayıt Dövlət Universitetinin Tarix fakultəsinin tələbəsi olan Aynurun yalnız 21 yaşı vardı.
Xocavənd rayonundan məcburi köçkün olan ailə hazırda Müşviq qəsəbəsində məcburi köçkünlərin köçürüldüyü binalardan birində yaşayır.
Aynurun yarımçıq binada yaşayan qohumu Sevda xanım hələ də onun ölümünə inana bilmədiklərini deyir. Sevda xanımın sözlərinə görə, anası Aynura cehiz bəzəsə də, o ailə qurmaq haqqında düşünmürmüş. Arzusu isə universiteti bitirdikdən sonra iş tapmaq və ev almaq imiş...
Aynur tutacaqları möhkəm olmayan bu pilləkanların yeganə qurbanı deyil. Qonşuların dediyinə görə, bu binanın çox körpə sakini pilləkanlardan yıxılaraq müxtəlif dərəcəli xəsarətlər alıb.
Bir uşağın böyüməsi üçün ən vacib mövhum...
“Uşaq hüquqları konvensiyasına görə bir uşağın sağlam böyüməsi üçün əsas şərt keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının olması, normal qidalanması, ailə mühitində böyüməsi, erkən yaşlarından zorakılığa məruz qalmaması və əməyinin istismar olunmamasıdır. Amma əgər onların yaşaya biləcəkləri evləri yoxdursa, digər faktorları həyata keçirmək mümkünsüzdür”, bunu Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının sədri Nazir Quliyev deyir.
Cənab Quliyevin sözlərinə görə, ev o qədər mütləq bir mövhumdur ki, onun vacibliyinin hər hansı bir konvensiya və ya qeyri-konvensiyada qeyd olunmasına ehtiyac yoxdur.
“Hətta beynəlxalq təcrübədə belə bir yanaşma var ki, ailənin kirayədə yaşaması və ya borclu olması uşaqlara qarşı zorakılıqdır. Çünki bu hallarda ailə daxilində daimi gərginlik olur və bu aqressiyadan uşaqlar da əziyyət çəkir”, - sədr əlavə edir.
Bütün bu baş verən hallardan xəbərdar olan Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsindən isə hazırda Bakıda məcburi köçkünlərin yerləşdirilməsi üçün binaların tikilmədiyi bildirilir.
Bu isə o deməkdir ki, hələ bu uşaqlar sağlam və xoşbəxt həyatın ancaq xəyalları ilə yaşaya bilərlər...
http://www.bbc.com/azeri/azerbaijan/2015/08/150820_unfinished_building_refugees

Комментариев нет:

Отправить комментарий