- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

10.31.2014

Ədalətsiz ev bölgüsü


“Evim olmadığına görə ailəm dağıldı, indi Tər-Tərin mərkəzində 3 kvadratmetrlik otaqda yaşayıram, buna yaşamaq demək olarsa”, - dərindən ah çəkib bizi qaldığı otağa dəvət edir. Balaca, pəncərəsindən içəri gün düşməyən, təmirsiz və rütübətli daracıq otaqda yaşayır. Bura otaq demək də mümkün deyil. Ev əşyası yalnız bir çarpayıdan ibarətdir. Mətbəxi, hamamı hətta tualeti belə olmayan bu otaqda sağlamlığını vətənin müdafiəsi üçün itirən Qarabağ müharibəsi əlili İsmayıl İsmayılov yaşayır...

İsmayıl İsmayılov 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə yaralanıb. 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Onun sözlərinə görə, vətənin ən ağır günlərində ön cəbhədə olub: “Milli Ordu hələ formalaşmamışdı. Mən Tər-Tər polisinin tərkibində ən ağır döyüşlərdə iştirak eləmişəm. 1992-ci ildə yaralandım, sağlamlığımı itirdim”.

İsmayıl bildirir ki, 2 övlad atasıdır: “İndi oğlum Naxçıvanda hərbi xidmətdədir. Evim yoxdur, kirayə ev tutmağa isə imkanım əl vermir. Aldığım pensiya dərmanlarıma çatmır. Evsizlik üzündən yoldaşım uşaqları da götürüb atası evinə gedib”.

İ. İsmayılov deyir ki, 2006-cı ildən ev növbəsindədir: “Evlər tikiləndə ilk növbəyə duranlardan biriyəm. Lakin mənzillər paylananda məlum oldu ki, növbəmi arxaya salıblar. İcra Hakimiyyətinə etdiyim müraciətlər cavabsız qaldı. Evlərin paylanması üzrə komissiya isə hər dəfə bizi aldadır”.

İ.İsmayılovun döyüş yoldaşı İnqilab Sultanov 7 nəfərlik ailə üzvü ilə birlikdə Bakıda Masazır qəsəbəsində kirayədə yaşadığını bildirir: “Heç kirayə pulunu ödəyə bilmirik. Ailəmizdə yalnız oğlum işləyir. Bu qədər adam bir tək onun qazancına baxır”.

İ. Sultanov deyir ki, təqaüd kartlarını lombarda qoyub, nəğd pul götürüb: “O pulu müalicəmə xərcləmişəm. İndi təqaüdümə borcumu silirlər. Üstəlik qızımı köçürəndə də bankdan kredit götürmüşdüm. Ödəyə bilmədim. İndi məhkəməyə veriblər”.

İ. Sultanov da uzun illərdir ev həsrətilə yaşayır, amma növbəsi çatmır ki, çatmır: “Ev paylananda növbəni və ədalətli bölgünü gözləmirlər. Kimin adamı varsa onu qabağa salırlar. Necə ola bilər ki, məndən sonra növbəyə yazılanlara, evi olanlara ev verilir, mənə verilmir. 51 yaşımda küçələrdə qalmışam. Evə ərzaq almağa belə pul tapmıram. Mənim yaşayışımı görən hansı gənc indən belə vətənini qorumağa gedər?!”

Hafiz İsmayılov həm fərdi, həm də müharibə əlili kimi mənzil almaq üçün növbədə durduğunu söyləyir. Onun sözlərinə görə 1994-cü ildə Səhlabad kəndinin kolxozunun qərarı ilə ona fərdi yaşayış sahəsi ayrılıb: “Kolxozun idarə heyətinin qərarı ilə mənə torpaq verilib. Qərar təsdiqlənib. Torpağın mənə verilməsi barədə sənədim var. Amma indi İcra Hakimiyyəti iddia edir ki, sənəd qanunsuzdur. 3 uşağım var. Agır xəstəyəm. Hazırda Rusiyada olan qardaşımın evində yaşayıram. Onlar da artıq geri qayıdırlar. Harda yaşamalıyam? Səkkiz ildi müharibə əlili kimi də ev növbəsindəyəm. Amma ev paylananda növbəyə yox, başqa şeylərə fikir verirlər. Kimin adamı, imkanı var ona verirlər evi. Bizim kimi adamsız və kasıb əlilər kənarda qalır”.

Qarabağ müharibəsi əlili Nürəddin Kərimov da səkkiz ildir ki, ev növbəsindədir: “1992-ci ildə 2 dəfə yaralanmışam. 2-ci dəfə yaralandıqdan sonra sağlamlığımı itirdim. Müharibədən sonra evləndim. Ailəmiz böyük olduğu üçün ata evindən çıxıb, əkin sahəsində balaca bir daxma tikdim. Uzun müddət orada ailəmlə birlikdə qaldım. Uşaqlar böyüyüb məktəbə gedəndə atamgil mənim ailəmi öz evlərinə köçürdülər. İndi də ata evində qalıram. Yaşlı valideynlərim isə əkin sahəsindəki daxmada yaşayır”.

N. Kərimovun sözlərinə görə, onun ev növbəsini uzatmaq üçün sənədlərini qəsdən it-bata salıblar : “2006-cı ilin dekabrında ev növbəsinə yazıldım. 2007-ci ilin yanvarında lazımı sənədlərin hamısını komissiyaya təqdim etdim. Lakin evlər paylananda məlum oldu ki, sənədlərim yoxdur. Ev paylama komissiyasının sədri Tofiq Kərimov sənədlərimin olmadığını bildirdi. Təkidlərimdən sonra sənədlərin bir qismini tapdılar”.

N. Kərimov sənədlərinin itirildiyi üçün məhkəməyə müraciət edib : “Amma məhkəmələr İcra Hakimiyyətinin xeyrinə qərar çıxardılar. Mənsə evsiz qaldım”.

Evsiz qalan Qarabağ müharibəsi əlillərindən bir neçəsinin sözlərinə görə, Tər-Tərdə əlillər və şəhid ailələri üçün tikilən 16 mənzili binada 2 Qarabağ əlili və 1 şəhid ailəsi yaşayır, qalan 13 mənzili kirayəyə veriblər. “Deməli həmin 13 nəfərin evə ehtiyacı olmayıb. Halbuki evlər ilk növbədə ehtiyacı olanlara verilməlidir”, - Hafiz İsmayılov deyir.

Tər-Tər rayonunun baş memarı, ev növbəsi komissiyasının sədri Tofiq Kərimov isə Qarabağ müharibəsi əlillərinin iddialarını qəbul etmir : “Evlər növbəlik prinsipi ilə verilir. Növbəni icra hakimiyyəti tutur. Heç kimin də növbəsi pozulmur”. T. Kərimov qeyd edir ki, Nurəddin Kərimovun iddiası doğru deyil: “O məhkəmələrə müraciət etmişdi. Lakin iddiası təmin edilmədi”. T. Kərimov bildirdi ki, İsmayıl İsmayılovun yaşayış şəraiti ilə tanışdır: “Bu yaxınlarda Tər-Tərdə 54 mənzilik ev paylanacaq. İsmayıl İsmayılova oradan ev verilməlidir. Digər əlillərə də növbəsi çatanda ev veriləcək. Fərdi yaşayış evləri üçün bu il vəsait ayrılmayıb. Ümid edirəm 2015-ci ildə vəsait ayrılacaq və növbədə olan əlillərin problemi həll ediləcək”.

Qarabağ Qaziləri Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu bildirir ki, ev bölgüsündə neqativ hallar mövcuddur: “Ev növbələri icra hakimiyətləri tərəfindən tərtib olunur və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Təəssüf ki, rayon icra hakimiyyətlərində ev növbələri tutularkən qanunsuzluqlara yol verilir. Bir şəxsin bir neçə ev alması halı olub. Növbədən silinənlər olub. Bir çox hallarda şəhid ailəsi və müharibə iştirakçısı olmadan ev alanlar olub. Ev verilməzdən əvvəl geniş araşdırma aparılmalıdır. İlk növbədə imkansız, evə ehtiyacı olanlara ev verilməlidir. Səlim Müslimov əhalinin sosial müdafiəsi naziri təyin olunandan sonra bir sıra məslələrdə müsbət addımlar atılıb. Lakin ev növbəsi problemi qalmaqdadır. Buda daha çox icra hakimiyyətlərinin günahı üzündən baş verir”.

Qeyd: Material EPNK-in Avropa Birliyinin maliyyəsi və International Alert təşkilatının dəstəyilə həyata keçirilən "Eşidilməyən səslər" layihəsi çərçivəsində hazırlanıb. Materialın məzmumuna görə yalnız müəllif məsuliyyət daşıyır və International Alert, EPNK və donorların mövqeyilə üst-üstə düşməyə bilər.

Комментариев нет:

Отправить комментарий