- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

10.31.2014

Mülkiyyətə çevrilməyən prezident hədiyyəsi


“Bu yer bizə 1997-ci ildə verilib. Suraxanı rayonu Bahar qəsəbəsində Qarabağ qazilərinin təsərrüfatla məşğul olması üçün verilən torpaqdan söhbət gedir. Sənədi keçmiş mer Rafael Allahverdiyev imzalayıb. 2001-ci ildə Qarabağ Əlilləri Cəmiyyəti dağıldı. Onun varisi Vətən müharibəsi Veteranları, Şəhid ailələri İctimai Birliyi yarandı. Təsərrüfat bölündü. İndi biz bu təsərrüfatdan istifadə edə bilmirk”, –1-ci qrup Qarabağ qazisi Loğman Paşayev deyir.


Hövsan qəsəbəsində yerləşən ərazidə bir qrup Qarabağ əlili nə vaxtilə onlara verilən torpaqdan istifadə edə, nə də həmin ərazinin keçmiş sənədlərini yenisi ilə əvəz edə bilirlər. Onların sözlərinə görə, bir müddət öncə həm Suraxanı Rayon İcra Hakimiyyətində, həm də Bakı Şəhər İcra Hakimiyyətində olublar.

“Biz ictimai birliyin sədri Etimad Əsədov, Firudin Allahverdiyevlə birgə Hacıbala Abutalıbovun qəbulunda olduq. O, bizim yanımızda Suraxanı rayonunun icra başçısı İlqar Abbasova göstəriş verdi ki, lazımi sənədlər göndərilsin. İ.Abbasov da göndərdi. Həmin məktubun nömrəsi də məndə var. İndi o sənədlər imzalanmır ki, biz torpağımızda təsərrüfatla məşğul olaq. Həmin ərazi 4 hektara yaxındı və 186 nəfər arasında bölünüb. Hərəyə cəmi 2 sot torpaq düşür”, – Paşayev bildirir.

Digər 1-ci qrup Qarabağ əlili Səyyad Gülüşov vaxtilə qanuni şəkildə onlara verilən torpaq sahəsində hələ də evsiz olan əlil və şəhid ailələrinin özlərinə ev tikə bilmədiyini vurğuladı: “Həmin yeri fərdi şəkildə əlillər arasında bölmüşük. İndi sənədlərimiz dəyişməlidi. Qarabağ qazilərinin içində hələ də evi olmayanlar, övladlarını evləndirib ev sahibi edə bilməyənlər var. Bizə 2 otaqlı ev verirlər. O iki otağa da gəlin gətirib sığışmaq olmur. Bİzə də söz vermişdilər ki, sənədin dəyişdirilməsi məsələsinə baxacaqlar. Həmin ərazi də Neft Şirkətinin balansında olmayan, dörd tərəfi tikilən ərazidi. Ordakı tikililərin çoxu qanunsuzdur, ancaq onlara bir söz deyən yoxdu, məhz biz tikinti aparanda sökürlər”.

Suraxanı rayon icra hakiminin humanitar məsələlər üzrə müavini Bərxudar Bərxudarovun sözlərinə görə, qazilər Torpaq Komitəsindən kadastr almalıdırlar. Əgər sənədləri qaydasında olarsa işə müsbət baxıla bilər. O bildirir ki, ərazi Qarabağ əlillərinə məxsus deyil:

“Qazilər Dövlət Torpaq Komitəsindən kadastr alıblarsa günü sabahdan bura gələ bilərlər. Biz də problemlərini həll edərik. Onlar Prezident Aparatına da müraciət edirlər. Qazilərə aid torpaq sahəsi orda yoxdu. Onlara deyilib ki, torpaqla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsinlər. Torpağın yeganə mülkiyyətçisi Bakı Şəhər İcra Hakimiyyətidi. Ora torpaq ayırarsa biz böyük məmnuniyyətlə onlara hər cür xidmət etməyə hazırıq”.

Sanki qapalı dairəyə düşən qazilər Hacıbala Abutalıbovdan razılıq alsalar da İcra Hakimiyyətindən onlara tikinti aparmaq üçün icazə verilmədiyini deyirlər. Suraxanı rayon İcra Hkaimiyyəti razılığın şifahi yox, yazılı şəkildə edilməli olduğunu bildirib.

“Mənim oğlum var. Bu gün-sabah toyudu. Mən gəlini hara gətirəcəm? Onu mütləq kirayə çıxarmalıyam, çünki evimdə yer yoxdu. Hələ bundan sonra daha bir oğlum da var”, – deyə 2-ci qrup Qarabağ əlili Akif Balayev gileylənir.

Vaxtilə Qarabağ döyüşçülərinə, əlillərinə, eləcə də şəhid ailələrinə verilən ərazinin bir tərəfində südçülük ferması, digər tərəfində kərpic zavodu, qarşısında yaşayış qəsəbəsi salınıb. Sahənin pay torpaqlara bölündüyü bəzi yerlərdə qismən, bəzi yerlərdə tamamən dağıdılan hasarlardan bilinir. Burada tikinti apardıqları zaman qazilər döyüldüklərini də deyirlər. Onlardan biri Loğman Paşayevdi.

Suraxanı rayonunda yaşayan qazilərin daha bir problemi də onlara dövlət tərəfindən verilən evlərin rəsmiləşdirilməməsidir. Veteran, əlil, şəhid ailələrinin artıq 6 ildir məskunlaşdığı 14a saylı bir bloklu binanın sakinlərinə küpçə verilməməsini rəsmilər Nazirlər Kabinetinin qərarının olmaması ilə əlaqələndirib. Digər 14b saylı binaya köçürülən sakinlər isə 7 aydı evlərin qazlaşdırılmadığından gileyləndilər.

“Burda elə adamlar var ki, evinə gəlin gətirib. Amma nə gəlinlərini, nə doğulan nəvələrini öz mənzilinə qeydiyyata saldıra bilmirlər. Belə çıxır ki, əlil ölsə mənzilləri geri alacaqlar. Deyirlər ki, prezident hədiyyə verib. Bu o deməkdir ki, istəsələr hədiyyəni bizdən alacaqlar?”, – Eldar Səfərovun anası hiddətini bildirir.

“Uşaqları qeydiyyata alsalar da, nəvələri almırlar. Qeydiyyata alınanlar ancaq əlilin özü və ailə üzvlərdi. Mənim 2 oğlum var, 2 gəlin gətirmişəm. Nə gəlinlərimi, nə də nəvələrimi qeydiyyata almayıblar. Bu evi ala bilim deyə küpçəli evimi dövlətə təhvil verdim. İki otaq idi. Əvəzində mənə 3 otaq verdilər. İndiki evə isə qeydiyyata salsalar da küpçə vermirlər. Bu nə deməkdir, başa düşmürük”, – 2-ci qrup Qarabağ əlili İslam İsmayılov belə deyir.

İcra məmuru B.Bərxudarov əlillərin Prezident tərəfindən onlara hədiyyə olunan evlərə küpçə ala bilmədiklərilə bağlı problemi təsdiqlədi:

“Hövsan qəsəbəsində Qarabağ əlilləri və veteranları üçün 81 mənzilli 2 bina tikilib, istifadəyə verilib. Hazırda 3-cü binanın tikintisi davam edir. Istəyirik ki, həmin ailələrin ev problemi həll olunsun. Burda da bir məsələ var ki, 2009-cu ildə yeni Mənzil Məcəlləsi qəbul olundu. Yeni qanun qəbul olunduqdan sonra köhnə qüvvədən düşdü. Nazirlər Kabinetinə də Prezidentin sərəncamına əsasən 2 ay vaxt verilib ki, normativ hüquqi sənədləri hazırlayıb icrası üçün yerlərə göndərsin. O normativ sənədlər bu günə qədər yerli icra orqanlarına daxil olmayıb. Dəfələrlə bununla bağlı Nazirlər Kabinetinə müraciət etmişik”.

Şöbə müdiri bildirdi ki, normativ sənədlərin olmaması vətəndaşların növbəyə götürülməsində icra strukturlarına problemlər yaradıb. B.Bərxudarov rəhmətə gedən vətəndaşlar olduqda onun adında olan daşınmaz əmlakın digər ailə üzvünün adına keçirilməsində çətinlik çəkdiklərini də vurğuladı:

“Birinci bina 2009-cu ildə istifadəyə verilib. Məcəllə qəbul olunandan 2-3 ay sonra. Biz onlara sənəd verə bilmirik. Çünki biz bilmirik ki, yeni məcəllədə order ləğv olunduqdan sonra evlərin sənədi hansı formada, necə olacaq? Əlillərin özünü belə pasport qeydiyyatına çətinliklə salmışıq. Normativ sənədlər qəbul olmadığına görə mənzillərlə bağlı hansısa əməliyyatı həyata keçirmək mümkün deyil”.

Qarabağ münaqişəsi zamanı əlil olanların özləri, şəhid olanların ailə üzvləri dövlət tərəfindən verilən evlərə sənəd almaq üçün yerli icra hakimiyyətindən tutmuş Nazirlər Kabinetinə, əlaqəli nazirliklərə, hər yerə müraciət etdiklərini dedilər. Ancaq heç yerdən müsbət cavab ala bilməyiblər.

“Bizə deyirlər ki, evlərin özəlləşməsi ilə bağlı sosial kirayə haqqında müqavilə imzalanmalıdı. Nazirlər Kabinetinin qərarı var. Bunun üçün isə hələ qərar çıxmayıb. Əvvəlki qərarı da ləğv ediblər. İndi bunu bəhanə gətirirlər ki, kabinet qərar verməyib. İnanmaq olmur. Qərar qüvvəyə minməmiş əvvəlki qərar ləğv olunmur. Bunlar ikisini də dayandırıblar. Qanun yoxdu. Nə order verirlər, nə icarə müqaviləsini bağlayırlar. Verilən torpaqdan da istifadə üçün imkan vermirlər. Neyləyək? – sualı qazi İslam İsmayılov verdi.

Məsələ ilə əlaqədar Nazirlər Kabinetinin (NK) mətbuat xidməti ilə əlaqə saxlasaq da onlar sualın mətbuat xidmətinə yox, bütövlükdə NK-ya aid olduğunu söylədilər və məsləhət gördülər ki, quruma sorğu göndərilsin. Bakı Şəhər İcra Hakimiyyətilə telefon əlaqəsi yaradıb sualı səsləndirsək də cavab ala bilmədik.

“Elə bil biz bu ölkənin vətəndaşları deyilik. Dövlətin qanunları bizə şamil olunmur. Bu cür haqsızlıq ola bilməz. Məqsədləri nədir başa düşmək olmur. Məktub icra hakimiyyətindən çıxıb hara gedir tapmaq olmur. Heç aidiyyatı üzrə də ünvana çatmır. Mən hakimiyyətdən narazılıq eləmirəm, ancaq fakt göz qabağındadı”, - Suraxanı rayon Qarabağ Qaziləri, Veteranları İctimai Birliyinin sədr müavini, 2-ci qrup Qarabağ əlili Zakir Əbilov dedi.

Qeyd: Material EPNK-in Avropa Birliyinin maliyyəsi və International Alert təşkilatının dəstəyilə həyata keçirilən "Eşidilməyən səslər" layihəsi çərçivəsində hazırlanıb. Materialın məzmumuna görə yalnız müəllif məsuliyyət daşıyır və International Alert, EPNK və donorların mövqeyilə üst-üstə düşməyə bilər.

Комментариев нет:

Отправить комментарий