- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

11.10.2014

“Bir həftə sonra güllələnməli idim...”

“Birdən güllə dəydi. Huşumu itirdim. Sonra bilmirəm nə oldu. Heç yaralandığımı doğru-dürüst anlamadım. Huşsuzdum, üzümü kimsə şillələyirdi. Gözümü zorla açdım. Qarayanız biri idi. Elə bildim özümüzünkülərdir. Gördüm ətrafımdakılar başqa dildə danışır. Anladım ki, işlər pisdir...”

Bunları ömrünün iki ilini əsirlikdə keçirən Aqil Əhmədov deyir. Danışdıqca əllərinin qeyri-iradi titrəyişi, baxışlarının uzaq naməlum nöqtələrə zillənməsi onun həyəcanını, yaşanmışların içində buraxdığı xofu sezdirir. 

Əslən Zaqatala rayonundandır. Deyir ki, 1995-ci ildə elə Zaqatala Rayonunda hərbi komissarlığa çağırılıb. Ordan da həmin dövrdə Səlyanda yerləşən Xüsusi Təyinatlı Hərbi hissəyə yönləndirilib. Həmin hərbi hissədən də 1997-ci ildə 8 nəfərlik qrupla kəşfiyyata göndərilib. Aqil Əhmədov deyir ki, Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin tapşırığı ilə qrup şəklində xüsusi döyüş tapşırığını yerinə yetirərkən əsir düşüb. Elə orada öyrənib ki, özü ilə kəşfiyyata çıxan digər 7 yoldaşı həlak olub.

“Yarama baxdılar, bir həftə, ya on gün müalicə etdilər. Sonra saldılar kameraya. Bura “izolyator” desək daha doğru olardı. Pəncərəsi yox idi. Orada məni boş dəmir çarpayı, qara divarlar gözləyirdi. Quru dəmirin üstündə yatırdım. Üstümə atmağa heç bir əski parçası da yox idi, çox üşüyürdüm. Sonralar “Qızıl Xaç” gətirib ədyal verdi. Ondan sonra canım bir az isindi”.


Aqil Əhmədov deyir ki, 8 kvadrat metrlik kamerada bir neçə ay tək yaşayıb:

“Bir-iki ay təklikdən sonra yanıma bir neçə azərbaycanlı əsir gətirdilər. Gülməli də olsa sevinirdim. Söhbət etməyə adamlar olacaqdı. İki ay hər şeydən danışdıq. Sonra mövzu bitdi. Sonra daha bir nəfər də gətirdilər. Sevinirdik ki, yeni mövzu olacaq. Gələcəyimizdən, görəcəyimiz işlərdən danışırdıq. Sonra əsirlikdə olduğumuzu xatırlayıb məyus olurduq... Mən indi danışdıqca hər şeyi yenidən yaşayıram”.

Yenə gözlərini naməlum nöqtəyə zilləyib susur. Deyir, həyəcanlıyam, olanları tam izah edə bilmirəm. Biraz düşünüb yenə söhbətə davam edir:

"Arada kitab verirdilər, oxuyurdum. Əlimə nə keçsə oxuyurdum. Az-az oxuyurdum ki, bitməsin. Darxırdım, ancaq məşğuliyyət tapa bilmirdim. Təsəvvür edin ki, divardakı daşların sayına qədər bilirdim...”

Daha sonra o məşum günü xatırlayır. Həmin gün ki, haqqında ölüm hökmü çıxarılır:

“Deyəsən, 98-ci ilin fevralı idi. Hava soyuqdu. Ətraf aləmdən təcrid edildiyimizdən bilmirəm dəqiq nə vaxt idi. Mənim əsirlikdə məhkəməm oldu. Məhkəmə güllələnmə qərarı çıxardı. Bir həftə sonra güllələnəcəkdim. Beləcə gələcəyə olan bütün ümidlərimi itirdim”.

Məhkəmə qərarından sonra onu yenə kameraya gətirilir. Ölməyi gözləmək, öləcəyin günü bilmək nə deməkdir?! Aqil Əhmədov nəfəs ala biləcəyi son həftəsinin başlanğıcında elə də narahatlıq keçirmir, “bir həftə bir igidin ömrüdür” deyə düşünür. Öləcəyi günü bilən insan üçün bir həftə də qənimətdir. O, həftənin tamamında ailəsinə məktub yazır, son vəsiyyətini etdiyi bir məktub. Həmin məktubdan yanındakı yoldaşlara da bir nüsxə verir. “İşdir, hansınız əsirlikdən xilas olsanız, ailəmə verərsiz” deyir...

“Mənə verilən bir həftəni bir Allah bilir necə keçirdim. Heç yatmırdım - nə gecə, nə gündüz. Məhkəmənin verdiyi müddət başa çatdı. Hazır gözləyirdim ki, indi gəlib aparacaqlar məni güllələməyə. Ancaq heç kim gəlmədi. Bir neçə gün də “indi gələrlər, bu saat gələrlər”səksəkəsilə keçdi. Dəhlizdə ayaq səsləri eşidəndə düşünürdüm ki, bu mənim son anlarımdır. Özümə deyirdim vaxtdır, hazırlaş, gedirsən... Gözüm kameranın qapısında qalmışdı”.
Beləcə bir il ötür. Və 1999-cu ilin martında gözlənilən an gəlir, o qapı açılır:

“Dedilər əşyalarını topla, gedirsən. Dedim vəssalam, bu da son. Gözlərimi bağlayıb kameradan çıxardılar. Hara getdiyimizi bilmirdim. Amma heç bir müqavimət göstərmirdim. Sakitcə deyilənlərə əməl edirdim. Düşünürdüm ki, bir güllədir, dəyəcək, vəssalam. Gözlərimi açanda neytral zonada idik. O tayda bizimkiləri gördüm, başqa əsirlə dəyişdirilirdim. Gözlərimə ianmadım, həyacandanmı, ya sevincdənmi ayaqlarım tutuldu”.

Aqilə gözlədiyi ölümün əvəzinə həyat və azadlıq verilir. 

“Məni geri alandan sonra hospitala yerləşdirdilər. Əsir düşəndə çəkim 70 kiloqramdan çox idi, geri qaytarılanda isə 49”.

Amma əsirlikdən xilas olmaqla Aqil Əhmədovun dərdi bitmir. Bu dəfə başqa problemlərlə mücadiləyə başlaylr. Bədənində qalan güllə səhhətində ciddi problemlər yaradıb, amma dediyinə görə, müalicəsinə əncam çəkən yoxdur:

“Tam rahat nəfəs ala bilmirəm. Güllə batır içəridən. Daxili orqanlarımı da zədələyib. Bu İş qabiliyyətimi də itirmişəm. Hazırda birinci qrup əliləm. Güllənin çıxarılması lazımdır. Riskli əməliyyatdır. Bizim xəstəxanalar üzərinə götürmür. Mənə Türkiyənin Gülhanə xəstəxanasına geməyi tövsiyyə edirlər”.

Aqil Əhmədov deyir ki, Gülhanə xərclərini qarşılamağa imkanı çatmır. Dövlət hesabına dövri müalicələr alsa da, bu onun problemini kökündən həll etmir. Deyir, Türkiyədə müalicə xərclərinin qarşılanması üçün Zaqatala rayonunun icra hakimiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və digər qurumlara yazılı müraciət etsə də, hələ ki heç bir instansiyadan müraciətinə cavab gəlməyib. 

Aqil Əhmədovla bağlı Müdafiə Nazirliyinə sorğu yolladıq. Nazirlik sorğuya heç bir cavab vermədi. 

Hərbi ekspert Üzeyir Cəfərov Aqil Əhmədovun müalicəsi üçün dövlətin yardım ayırmağa borclu olduğunu bildirir. 

“O şəxsi qazanc dalınca gedərkən əlil olmayıb. Hərbi xidmətdə əsgərlik borcunu yerinə yetirərkən yaralanıb və əsir düşüb, sağlamlığından olub. Dövlət qurumları onun müalicəsinə hərərəfli yardım göstərməyə borcludurlar. Bu məsələdə Müdafiə, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri birbaşa məsuliyyət daşıyırlar”.

Üzeyir Cəfərov dövlət qurumlarını ayrıseçkilik etməkdə günahlandırdı. Bildirdi ki, bəzi dövlət qurumları onlara basqı olmadığı halda üzərlərinə düşən vəzfəni layiqincə yerinə yetirmir.

Keçmiş kəşfiyyatçı Aqil Əhmədovun indi tək istəyi var. Tezliklə müalicə olunmaq, bədənində 17 il bəslədiyi güllədən, həyatını qaraldan ağrılardan xilas olmaq. “Əsirlik ondan nələri alıb” deyə soruşduqda isə bir xeyli fikrə gedib cavabı belə oldu:

“38 yaşım var. Subayam. Ailəm, məktəbə gedən uşaqlarım ola bilərdi. Sağlamlığım əldən gedib. Dövlətin təqaüdü ilə dolanıram, işləyə bilmirəm. Amma işləyib özüm qazana bilərdim. Dövlətin verdiyi qəpik-quruşa gözümü dikməzdim...”

Qeyd: Material EPNK-in Avropa Birliyinin maliyy
əsi və International Alert təşkilatının dəstəyilə həyata keçirilən "Eşidilməyən səslər" layihəsi çərçivəsində hazırlanıb. Materialın məzmumuna görə yalnız müəllif məsuliyyət daşıyır və International Alert, EPNK və donorların mövqeyilə üst-üstə düşməyə bilər.

Комментариев нет:

Отправить комментарий