- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

11.10.2014

“Biz yaxşı qonşu idik...”

Mingəçevirdəki Taun Əleyhinə Şöbənin böyük darvazasından içəri girəndə məni yaşlı bir qadın qarşıladı. Hal-əhval tutdum. Nənənin qulağında aparat var, zəif eşidir, “nə xəbər alırsan, ucadan soruş” dedi. Nə üçün gəldiyimi izah etdim. Ağca nənə jurnalist olduğumu bilən kimi məni tələm-tələsik yaşadıqları balaca otağa apardı. Sual verməyə isə heç ehtiyac qalmadı. “Bilsən başım nələr çəkib...” deyib söhbətə başladı. Kəlbəcərdən necə köçkün düşməklərindən, burada hansı çətinliklərə qatlaşmalarından tutmuş övladlarına kreditlə toy etməyinə kimi...
“Kəlbəcərin Zülfüqarlı kəndindən ən son çıxan ailələrdən biri də bizik. Ona görə qapını örtməyə belə macal tapmadıq. Mən, yoldaşım və yeddi övladımız birtəhər gəlib Bakıya çıxdıq. Ordan da bizi Bərdəyə göndərdilər”.

Qəhrəmanım deyir ki, Bərdədə yerli əhali onun kimi doğma evindən köçkün düşənlərə çox kömək edib, yemək, paltar veriblər. Bir müddət qohumlarının evində qalıblar. Amma bir müddət sonra daracıq evdə insanları daha artıq narahat etməmək üçün Mingəçevirə gəliblər.

“Mingəçevirdə qaldığımız ilk evdə 7 ailə birlikdə yaşayırdıq. Çox çətin idi. Taun Əleyhinə Şöbədə yer tapan kimi bura gəldik. Balaca otaqda məskunlaşdıq. Elə 21 ildir burada yaşayırıq”.

Ağca Hüseynova söyləyir ki, döşəmənin və divarların kafel olması onu xəstə salıb. Evi nə qədər qızdırsalar da, kafelin soyuğunun, otağın nəmliyinin qarşısını almaq mümkün olmur.

“Məndə revmatizma yarandı, ciyərlərimdə problemlər başladı. Uzun müddət yataq xəstəsi oldum. Birtəhər ayağa qalxmışam. Amma hər ay aldığım pensiyamı yenə də müalicəmə xərcləyirəm. Həkimlər deyirlər ki, sağalmaq istəyirsənsə burada yaşama. Bəs mən hara gedim?...”

Müsahibim deyir ki, övladlarını yerbəyer etdiyinə görə çox sevinir. Nəvələri ona yaşadığı çətinlikləri qismən unutdurur.

“Bankdan kredit götürdük uşaqları evləndirmək üçün. Hərəsi bir yerdə məskunlaşıb. Yanımdakı oğlum evlənəndən sonra diktlə otağı böldük. Arakəsmənin bir tərəfində biz yatırıq, o biri tərəfində onlar”.

Ağca nənə onunla birlikdə yaşayan gəlinindən razılıq edir. Deyir ki, “gəlin ocağa gələr” misalı, onlarla bərabər ailənin bütün əzablarına qatlaşır. Mətbəxin olmaması isə gəlinin yükünü daha da artırır.

“Qapının ağzına qaz plitəsi qoymuşuq. Yayın istisində, qışın soyuğunda, yağışda, küləkdə gəlin yeməyi orada bişirir. Evdə körpə uşaq var. Gecə oyanır, çay, su, yemək istəyir. Gəlin məcburdu ki, gecənin bir aləmi çölə çıxa, uşağın yeməyini hazırlaya gətirə. Üzü qışa gedir. Vəziyyət daha da çətin olacaq”.

Ağca nənə üzümə gülümsədi. Gözlərindəki kədəri, yaşadığı çətinlikdən təngə gəlməsini gizlətməyə çalışdı. Dərindən bir ah çəkdi. Dedi ki, “bala, başını şişirtmək istəmzədim. Amma mətbəxin olmaması bir dərd, tualet, hamamın olmaması ayrı bir dərddir”.

“İndiki dövrə baxma. Bizim zamanın qadınları utancaq olur. Burada məskunlaşan ailələrin hamısında təzə gəlin var. Həm idarənin işçiləri, həm də burada məskunlaşanlar bir tualetdən istifadə edir. Məcburuq ki, ancaq işçilər gələnəcən və işçilər gedəndən sonra tualetdən istifadə edək. Kişilərə nə var ki?! Biz qadınlar həya edirik”.

Qəhrəmanım su qızdırıb, evə vanna qoyub yuyunmaqdan bezdiyini söyləyir. Deyir ki, çimənəcən lap zülüm çəkirlər. 

Əvvəl vedrələrlə suyu evə daşıyırıq, istini ayrı, soyuğu ayrı. Çiməndən sonra da həmin çirkli suyu yenə də vedrələrlə çölə daşıyırıq. Pulumuz olsaydı, tualet cəhənnəm, heç olmasa hamam və mətbəx tikərdik”.

Ağca nənənin ömür-gün yoldaşı Mahmud baba isə məni lap mat qoydu. Yaşadıqları çətinliklərə, qarşılaşdığı problemlərə rəğmən çox şən, zarafatcıl və həyat dolu adamdır. Əlindəkilərlə qane olmağı bacarır. Deyir ki, hər şey keçmişdə qaldı, 21 ildir belə yaşayırıq. Amma gələcəyə ümidlə baxmaq lazımdır.

“Kəlbəcərdə kolxoz sədri, ferma müdiri işləmişəm. Yaxşı mal-qaram, qoyun-quzum, hektarlarla əkin sahələrim, geniş evim-eşiyim olub. Onların hamısını Kəlbəcərdə qoyub, evimdən çıxmaq məcburiyyətində qaldım. İndi neyləyək? Özümüzü öldürməyəcəyik ki? Birtəhər yaşamaq, dolanmaq lazımdır, gileylənmək yox”.

Mahmud baba ermənilərlə olan münasibətlərini də xatırlayır. Deyir ki, yaxşı qonşuluq münasibətlərimiz olub, bir-birimizi çox istəmişik. Biz ermənilərin, onlar da bizim xeyrimizə, şərimizə yarayıb.

“Erməni məclislərində bizə xüsusi masa açılırdı. Biz müsəlmanıq axı. Ona görə həmin süfrəyə içki, donuz əti qoyulmazdı. Ümumiyyətlə bizim rahatlığımız, onlardan razı qalmağımız üçün əllərindən gələni edirdilər”.

Qəhrəmanım deyir ki, ermənilərin çox yaxşı ustalıq, sənətkarlıq qabiliyyəti olub. Ona görə də evini azərbaycanlı deyil, erməni ustalara tikdiribmiş.

“Biz erməni sənətkarlardan araba, kotan alırdıq. Onlar da bizdən mal-qara, taxıl alırdılar. Hətta satdıqlarımızdan bir-birimizə pay da verirdik. Biz həqiqətən yaxşı qonşu olmuşuq, həm də digər xalqlara da nümunə olacaq qonşuluq münasibətlərini yaşadırdıq”.

Mahmud baba söyləyir ki, işiylə əlaqədar uzaq yerlərə gedəndə, gecəyə düşəndə çox vaxt yol üstündə olan ermənilərin yaşadığı Vəng kəndində gecələməli olurmuş. İstənilən bir qapını döyürmüş, tanımadığı bir erməni ailəsinin qonağı olub, orada gecələyib, sonra yoluna davam edirmiş.

“Məni çox yaxşı qarşılayıb, yaxşı da yola salırdılar. Uğurlu yol diləyib, işimin avand olmasını söyləyirdilər”.

Müsahibim gileylənir ki, bu iki qonşu xalqın arasına kim və niyə girdi, kim mərdiməzarlıq etdi, bilmir. Amma bircə şeyi dəqiq bilir ki, bu mehriban qonşuluq münasibətlərini düşmənliyə çevirməyi, bu iki xalqı bir-birinin gözündən salmağı bacardılar. 

Mahmud baba deyir ki, indi həyatdan ancaq bir gözləntisi var, uzun ömür, sağlam can.

“Təqaüdümü alıram, yeməyə bir tikə çörək tapıram, başımı soxmağa pisdən-yaxşıdan yerim var. Yəqin növbə çatanda ev də verərlər. Bircə azar-bezar uzaq olsun, Kəlbəcəri yenidən görməyə ömrüm yetsin, vəssalam. Daha mənə heç zad lazım deyil...”

Qeyd: Material EPNK-in Avropa Birliyinin maliyy
əsi və International Alert təşkilatının dəstəyilə həyata keçirilən "Eşidilməyən səslər" layihəsi çərçivəsində hazırlanıb. Materialın məzmumuna görə yalnız müəllif məsuliyyət daşıyır və International Alert, EPNK və donorların mövqeyilə üst-üstə düşməyə bilər.

Комментариев нет:

Отправить комментарий