- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

11.22.2014

Yarımçıq binalar, yarımçıq talelər...

"Nəm dəsmalı sıxanda necə su tökülürsə, əlimizi divara vuranda da yağışın suları evimizin içinə elə süzülüb axır". 
Bunu Pirşağı qəsəbsəində yerləşən sovet dövründə "Santexmontaj" adlanan qurumun yarımçıq qalmış sanatoriyasında məskunlaşan Şuşa şəhər sakini Azər Cəfərov deyir. 

Qarabağ müharibəsi nəticəsində doğma Şuşasından, ev-eşiyindən didərgin düşmüş Azər Cəfərov hazırda həyat yoldaşı və 5 övladı ilə birlikdə 30 kvadratmetrlik şəraitsiz otaqda məskunlaşıb. O, deyir ki, aidiyyatı orqanlara dəfələrlə müraciət etməsinə baxmayaraq, dərdinə əlac qılan olmayıb: 


"İndiki zamanda çoxuşaqlı ailəni dolandırmaq asan deyil, yaşayış səviyyəmiz çox bərbaddır. Özünüz bizim hansı şəraitdə yaşadığımızın şahidi oldunuz. Bizim nə yayımız yaydır, nə də qışımız qış. Dar otaqda yeddi nəfərlə birgə bir saat oturmaq olmur, biz illərlə beləcə yaşayırıq. İnsan kimi yatıb-dura bilmirik. Yeməyimiz də, yatmağımız – hamısı bir otaqdadı...”

Azər Cəfərovun sözlərinə görə, burda məskunlaşdıqları vaxtdan bəri Şuşa rayon icra hakimiyyətindən bir dəfə də olsun onların vəziyyətilə maraqlanan olmayıb. Başqa yerə köçürülmələrinin vacib olduğunu deyən həmsöhbətimiz onu da bildirdi ki, hazırda sanatoriya binası qəzalı vəziyyətə düşüb və insanların burada yaşaması onlar üçün həyati təhlükə kəsb edir. 

“Bina dənizin lap kənarında yerləşdiy üçün nəm, rütubət də öz sözünü deyir. İllərdir təmir üzü görməyən, daima rütubət içində qalan binanın betonu da, armaturu da çoxdan aşınıb, divarlar çat-çatdır, istənilən vaxt uçub-dağıla bilər. Hava yağışlı-boranlı olanda indi bina aşacaq deyə ürəyimizi yeyirik".

Sovet quruluşu zamanı santexniklər üçün nəzərdə tutulan bu yarımçıq binanın aqibəti torpaqlarından didərgin düşmüş insanların taleyinə çox bənzəyir. Müharibə onların gələcək arzularını yarımçıq qoydu və Bakıya pənah gətirən bu insanlar həyata keçməyən arzuları ilə birlikdə yarımçıq qalan tikilidə yaşamağa məcbur qaldılar... 

Sovet dövründən istirahət zonası kimi məşhur olan paytaxt Bakıdan 10-12 km. aralıda yerləşən Pirşağı qəsəbəsində müxtəlif təyinatlı sanatoriyalar çoxdur. Hazırda onların hamısı müharibə nəticəsində torpaqlarını, ev-eşiklərini itirmiş məcburi köçkünlər üçün sığınacağa çevrilib. "Santexmontaj"a məxsus bu sanatoriya da onlardan yalnız biridir. Bu sanatoriyanın binası da digərləri kimi istifadə müddətini çoxdan aşıb. Binanın fasad görünüşü müharibənin xarabalıqlarını xatırladır.
Əslən Xocalıdan olan 47 yaşlı Ceyran Həsənova bildirir ki, təxminən iki il əvvəl hanıssa dövlət qurumundan binaya baxış keçirilib:

"Gəlib ölçüb-biçib, siyahıya alıb getdilər. Ondan sonra bizimlə daha maraqlanan olmadı. Kanalizasiya sistemi bərbad vəziyyətdədir. Binanın arxasındakı çatlara baxıb, bizim necə təhlükə altında yaşadığımızı görə bilərsiniz. Dəniz qırağında yaşayırıq, havalar soyuyan kimi qara günlərimiz başlayır. Qazımız yoxdur. Elektrik xətləri pis gündədir, tez-tez işıqlar sönür. İşıq sönəndə də həyat bitir burda. Nə çay qaynada, nə yemək bişirə, nə otaqları isidə bilirik. Burada yaşayan məcburi köçkünlər müharibənin ağrılarını yaşamış insanlardı. Canımızı götürüb bura paytaxta sığınmışıq, burda da iztirablarımız bitmir... ".

65 yaşlı Fizzə Cəfərova deyir ki, onlar yaxşı-pis ömürlərini yaşayıblar, amma bu acınacaqlı şəraitdə yeni-yeni nəsillər yetişir. Normal təhsil almaq, təlim-tərbiyə görmək, hətta sağlam böyümək imkanı olmadan. Fizzə Cəfərova müharibə zamanı itirdiklərinin tam kompensasiyasının mümkün olmadığını da anlayır, amma 20-25 il ərzində bu cür qeyri-insani şəraitdə yaşamalarını da böyük haqsızlıq, ədalətsizlik hesab edir. 
"Şuşada 5 otaqlı evim, hər cür şəraitim var idi. Havası təmiz, səfalı yurdumdan görün nə cür bir yerə köçməyə məcbur olmuşam. Biz bu binada xəstəlik tapmışıq. Televiziyalar bütün günü təbliğ edir ki, ölkə inkişaf edir. Əgər ölkə inkişaf gedirsə, onda biz hansı ölkədə yaşayırıq?! Mərkəzdəki göydələnləri camaata göstərmək lazım deyil, gəlib görsünlər köçkünlər, qaçqınlar nə vəziyyətdədir”, - deyə Fizzə Cəfərova gileylənir. 

Şuşa rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əkbər Hacıyev Şuşa sakinlərinin etirazına cavab olaraq deyir ki, məcburi köçkünlərin iddiaları həqiqəti əks etdirmir: 

"Çünki icra hakimiyyətinin nümayəndələri onlarla maraqlanırlar. Orada bizim icra nümayəndəmiz var. Vaxtaşırı onların problemləri barədə icra hakimiyyəti qarşısında məsələ qaldırır. Biz də vəzifəmizə uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məlumat veririk və onlar bu məsələni diqqətdə saxlayıb, köməklik göstərirlər. Amma elə məsələlər var ki, onların həllində bir az ləngimə baş verir. Onların da həllinəəyyən zaman lazımdır”. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildiriblər ki, indiyə qədər məcburi köçükünlər üçün 87 müasir qəsəbə salınıb:

"210 min məcburi köçkünün məət şəraiti yaxşılaşdırılıb. Bütün bu, məsələlər hazırda davam etdirilir. Bununla bağlı dövlət proqramı çərçivəsində işlər gedir. Yəni, hazırda Bakı şəhəri və bölgələrdə hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var ki, onların da mənzil, məət şəraitinin yaxşılaşdırlması üçün davamlı tədbirlər həyata keçirilir. Dediyiniz sanatoriyada yaşayan ailələrin köçürülməsinə gəldikdə isə, yataqxanalarda, sanatoriyalarda, tikintisi yarımçıq qalmış binalarda yaşayan insanların hamısı mərhələli şəkildə dövlət proqramına uyğun olaraq köçürüləcəkdir. Amma bu gün onların köçirilməsi gündəmdə deyil". 

Sözardı:

Material çapa hazırlanan zaman paytaxtda Bakı Slavyan Universitetinin Dərnəgüldə yerləşən məcburi köçkünlərin məskunlaşdığı 1 saylı yataqxanasının 4-cü mərtəbəsində döşəmə uçub. Lent.az-ın məlumatına görə, hadisə nəticəsində Ağdam rayonundan məcburi köçkün Elmidar Ələkbərov 4-cü mərtəbədən 3-cü mərtəbəyə yıxılıb. Yaralı Kliniki Tibbi Mərkəzə aparılıb.

Qeyd: Material EPNK-in Avropa Birliyinin maliyy
əsi və International Alert təşkilatının dəstəyilə həyata keçirilən "Eşidilməyən səslər" layihəsi çərçivəsində hazırlanıb. Materialın məzmumuna görə yalnız müəllif məsuliyyət daşıyır və International Alert, EPNK və donorların mövqeyilə üst-üstə düşməyə bilər.

http://civil-forum.az/meqaleler/742-yarmq-binalar-yarmq-talelr.html

Комментариев нет:

Отправить комментарий