- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

12.29.2014

Evsizlikdən evlənə bilməyənlər

“Bir otağa üç adam zorla sığışırıq, gəlini hara gətirək?!”
Sevda R
əşidqızı, MingəçevirMingəçevirdəki “Kür” mehmanxanası bir zamanlar turistlərin, şəhərə üz tutan qonaqların ən sevimli məkanı idi. Xudmani, rahat otaqları xeyli xoş günlərə, sevincli anlara şahid olub. İndi mehmanxananın o bəxtəvər çağlarından əsər-əlamətt qalmayıb. Qırıq pəncərələri, uçuq-sökük divarları, otaqların içindəki nimdaş əşyalar tərk edilmiş viranəni xatırladır. Amma tərk edilməyib. Mehmanxana otaqları hazırda dolanışığından, acınacaqlı yaşam şəraitindən gileylənən acı insan talelərininin məskənidir. 20 ildən çoxdur ki, bu mehmanxanada Qarabağ müharibəsi zamanı ermənilərin nəzarətinə keçən rayonlarlardan gələn məcburi köçkünlər məskunlaşıb. 

Vəsilə Əliyeva Ağdamdan Mingəçevirə pənah gətirəndə oğlunun beş yaşı varmış. Artıq 21 ildir ki, “Kür” mehmanxanasının sakinidir. Biricik oğlunu burada böyüdüb, məktəbə, universitetə buradan yola salıb. Elə buradaca evləndirməli olub.

“Gözümün ağı-qarası bircə balam var. Mən də sağ ikən oğlumun toyunu görmək istəyirdim. Yoldaşımın maaşı ev almağa yetmir. Məcburi köçkünlər üçün tikilən binalardan bizə də mənzil veriləcəyi günü gözləsəydik, gərək nəvə, nəticə üzünə həsrət qalaydıq. Məcburiyyətdən gəlini bura gətirdik. Oğlumun toyunda həm sevinirdim, həm də içim qan ağlayırdı...”


Qəhrəmanım deyir ki, ailənin bütün həyatı bir otaqda cərəyan edir. Dörd böyük insan bir otaqdan həm mətbəx, həm salon, qonaq, həm də yataq otağı kimi istifadə edir.


“Toydan sonra gənclər tək qala bilsinlər deyə günlərlə gedib qohum evində qalırdıq. Yaxın günlərdə nəvəm dünyaya gələsidir. Bundan şad xəbər ola bilərmi?! Amma məni dərd götürüb. Fikirləşirəm ki, bu uşaq harada iməkliyəcək, harada ilk addımlarını atacaq. Özümüz balaca, darısqal otaqda iki ayağımızı yan-yana qoymağa yer tapmırıq”.
Vəsilə Əliyeva deyir ki, övladını normal şəraitdə böyütmək qimət olmasa da, nəvəsini eyni vəziyyətdə böyütmək istəmir. Doğma yurd-yuvasına qayıtmaq onun üçün xülya kimi görünsə də, heç olmasa məcburi köçkünlər üçün Mingəçevirdə tikilən binaların birində mənzil sahibi olmaq arzusundadı.

Gülüstan Rzayeva da iki oğlu ilə birgə “Kür” mehmanxanasında yaşayır. O da Ağdam sakinidir. Ağdamın işğalından sonra bir müddət İmişlədə, daha sonra isə Ağcabədidə məskunlaşıblar. Həyat yoldaşı rəhmətə gedəndən sonra isə iki körpə oğluyla Mingəçevirə gəlib.


“Köçkünlükdən sonra Mingəçevirdə yerləşdirilən Ağdam Rayon Tibb Məntəqəsində kiçik tibb bacısı kimi çalışmağa başladım. Bundan başqa dərzilik də edirdim. Düzü, əlimin zəhmətilə balalarımı pis dolandırmırdım. Buradakı çətinliklərə, şəraitsizliyə də birtəhər dözürdüm. Övladlarımla ovunurdum, onlar mənə hər şeyi unutdururdu. Amma yenidən ev-eşik sahibi olmağa nə öz gücüm yetmədi, nə də dövlət dəstək olmadı”.


Övladlarını böyüdüb. Əllərini çörəyə çatdırıb. Artıq onlar da evə qazanc gətirirlər. Bir tək dərdləri var, o da evsizlik. Gülüstan Rzayeva deyir ki, yaşının bu çağında hələ də “qaçqın” damğasıyla mehmanxana küncünə sığınmağı həzm edə bilmir. Ən əsası isə oğlanları artıq evlənmək yaşını ötür, evlənmək üçünsə ev lazımdı... 


“Zaman ötdü, övladlarım böyüdü, qayğılarım artdı. İndi geniş, rahat, şəraitli mənzilə ehtiyacım var. Axı qocalıram. Ömrümün bu çağında yaxşı yaşayış, normal güzəran axtarıram. Gəlin gətirməliyəm, nənə olmalıyam. Amma hara, necə gəlin gətirim?!”


Gülüstan Rzayeva deyir ki, övladlarının gözaltısının olub-olmamasından belə xəbərsizdir. Çünki oğlanları da yaşadıqları şəraitin fərqindədirlər və bu mövzuda heç danışmırlar. Söhbət açılan kimi isə məsələdən yayınmağa çalışırlar. Aldıqları maaşla kirayə ev tutmaq mümkün deyil. Üç nəfərin güclə sığışdığı otağa gəlin gətirməyi isə ağıllarının ucundan belə keçirmirlər.


“Bu mehmanxanada yaşı 35-i ötmüş, amma evlənməmiş cavanlar çoxdu. Qorxuram ki, mənim övladlarım da onların sırasına düşər. Deyəsən, oğul toyunda oynayıb, nəvəmin əlindən tutub gəzintəyə çıxmağa ömrüm yetməyəcək”.


Mehmanxanadan çıxanda burada məskunlaşan insanların sual dolu baxışlarına tuş gəldim. Sonra da bir-birinin ardınca dilə gəlib “Sən jurnalist adamsan, bilməmiş olmazsan, bizi nə vaxt evlə təmin edəcəklər?” sualını verdilər. Əslində “filan vaxt” deməyi çox istərdim. Ancaq... “Çox təəssüf bilmirəm, amma tezliklə bu şad xəbəri eşidəcəyinizə ümid edirəm”, dedim. 


Qeyd: Material EPNK-in Avropa Birliyinin maliyy
əsi və International Alert təşkilatının dəstəyilə həyata keçirilən "Eşidilməyən səslər" layihəsi çərçivəsində hazırlanıb. Materialın məzmumuna görə yalnız müəllif məsuliyyət daşıyır və International Alert, EPNK və donorların mövqeyilə üst-üstə düşməyə bilər.



Комментариев нет:

Отправить комментарий