- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

12.29.2014

Bağçada “ev” quranlar

“Bizi köçürsəydilər, bizim də canımız dincələrdi, bağça da bizdən qurtulardı”

Sevda R
əşidqızı, Mingəçevir

Gözlərini dünyaya Ağdamda açdığına, Ağdamın havasını udub, torpağında gəzdiyinə görə özünü çox xoşbəxt hesab edir. Niyə də etməsin? Ömrünün ən qayğısız anlarını, xoşbəxt günlərini, sevincli məqamlarını, uşaqlığını, gəncliyini, hətta ilk sevgisini Ağdamda yaşayıb. Orada ailə həyatı qurub, ata olub, ən xoş arzuları orada həyata keçib. Amma 20 ildən çoxdur Ağdamın üzünə həsrət qalıb. 

“Harasa qonaq getsəm də, mütləq həmin gün evimə qayıdırdım. Özümü heç yerdə rahat hiss etmirdim. Amma 1993-cü il, iyulun 22-i gecə saat 3-də Ağdamı birdəfəlik tərk etmək məcburiyyətində qaldıq. Pənah gətirdiyimiz Bərdə rayonunda üç gün yaşadıqdan sonra Mingəçevirə üz tutduq”, - Əbülfət Məmmədov danışır.

Deyir ki, onlarla birlikdə Mingəçevirə yurd-yuvasından didərgin düşən çox adam pənah gətiribmiş. Hər kəs çarəsiz vəziyyətdə başını soxmağa yer axtarırmış. Yerli camaat isə onlara birmənalı yanaşmayıb. Elə həmin gündən alınlarına “qaçqın”, “vətənini qoyub qaçan” damğası vurulub. Öz doğma vətənlərində özlərini yad hiss ediblər. 


“İnsanların dediklərini, söylədiklərini qulaq ardı edib, yaşamaq üçün yer tapmaq lazım idi. Ucuz qiymətə şəaitsiz bir evi kirayə tutdum. Heç bir yerdə işləmirdim. Həm özümün, həm də ailə üzvlərimin ehtiyaclarını qarşılamalı idim. Amma öhdəsindən gələ bilmədim. Kirayə pulunu ödəyə bilməyəndə ev yiyəsi bizi evdən çıxartdı”.


Bundan sonra Əbülfət Məmmədov həyat yoldaşı və 4 övladı ilə birlikdə küçədə qalmamaq üçün Mingəçevirdəki uşaq bağçalarının birində boş otaq tapıb, ora yerləşiblər. Hələ də uşaq bağçasındakı həmin otaqda yaşayırlar.


“Bura da ilk gündən necə idisə, hələ də eyni cürdü, hətta daha da betərdi. Yağış, qar yağanda su tavanın çatlarından otağın içinə axır. Daman yerlərə qab-qacaq düzürük. Bina o qədər köhnədi ki, sonuncu dəfə nə vaxt təmir gördüyü bəlli deyil. Biz bura yeni köçəndə də elə bağça pis vəziyyətdə idi. Yenə də arada-sırada əlimə pul düşdükcə damı qırladıb eləyirəm ki, çox əziyyət çəkməyək”.


Çətinliklə də olsa Mingəçevirdə bir iş tapıb, qazancı çox olmasa da, övladlarını böyüdüb, boya-başa çatdırıb. Dörd uşağından ikisinə ali təhsil verə bilib. Digər iki övladını oxutmağa isə imkanı çatmayıb. Ali təhsili baş vurmuş övladları artıq işləyirlər. Əbülfət Məmmədov deyir ki, övladlarının işləməyi ona təsginlik verir. 


“Övladlarım işdən evə gələndə, aldıqları maaşla bizə maddi dəstək olmağa çalışanda yaşadığım çətinlikləri, əzab-əziyyəti unuduram. Elə bilirəm ki, bütün dünya mənim olur...”


Deyir və əlavə edir ki, ailənin üç üzvü işləsə də, maddi ehtiyacları ödəməkdə çətinlik çəkirlər. Çünki aldıqları maaş yüksək deyil, bağçadakı şəraitsizlik də əlavə xərclərin yaranmasına səbəb olur.


“Burada qaz yoxdur. Pul verib qaz balonu almışam. Hər ay bunu doldurmağa pul lazımdırmı? Bağçanın otağı geniş, pəncərələri böyükdür. Otağı qızdırmaq müşkül məsələdir. Bütün günü elektrik qızdırıcısı dayanmadan işləyir. İsti suyumuz yoxdur. Bu qədər adamın yuyunması üçün su isitməyə enerji çatar? Dövlətin məcburi köçkünlərə verdiyi güzəştli enerji limitini keçirik. Buna görə də cibimizdən pul ödəyib karta enerji yüklədirik”.


Qəhrəmanım deyir ki, bazar gününü səbirsizliklə gözləyirlər. Çünki yalnız həmin istirahət günü bağçada sakitlik olur. Bağça otaqlarının yarısında köçkünlər məskunlaşsa da yarısı hələ də uşaq bağçası kimi fəaliyyət göstərir. 


“Səhər tezdən uşaqların səsi, müəllimlərin, valideynlərin hay-küyü... Əslində biz gəlib bağçanı tutmuşuq, anlayıram. Amma biz də əlacsızlıqdan burdayıq. Hamımız insanıq, xəstələnirik, heyimiz-amanımız olmur, iki dəqiqə uzanıb, gözümüzü yumub, istirahət etmək istəyirik. Amma mümkün olmur səs-küydən. Ev evə sığmaz deyirlər. Biz isə bağçaya sığınıb ev olmağa çalışırıq. Çox çətindi... Bizi köçürsəydilər, bizim də canımız dincələrdi, bağça da bizdən qurtulardı”.


Qeyd: Material EPNK-in Avropa Birliyinin maliyy
əsi və International Alert təşkilatının dəstəyilə həyata keçirilən "Eşidilməyən səslər" layihəsi çərçivəsində hazırlanıb. Materialın məzmumuna görə yalnız müəllif məsuliyyət daşıyır və International Alert, EPNK və donorların mövqeyilə üst-üstə düşməyə bilər.


http://civil-forum.az/meqaleler/757-baada-ev-quranlar.html

Комментариев нет:

Отправить комментарий