- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

1.16.2015

“Vaqon evlərin” sakinləri

Ərazinin sahibi 20 il səbr edib, indi deyir ki, çıxın...”

Mingəçevirin Sağ Sahil adlanan ərazisində hər tərəfi qamışlıqla əhatə olunmuş səmtsiz bir yerdə gözə yalnız paslanmış bir darvaza görünür. Həmin darvazanın birləşdiyi panel hasarlar isə hər an uça biləcək vəziyyətdədir, neçə yerdən bərkidilmiş dirəklərin ümidinə qalıb. Darvazanın o tayında ev əvəzinə köhnə dəmir vaqonlar düzülüb. Bu vaqonlarda 20 ildən artıqdır ki, Kəlbəcərdən məcburi köçkün düşən üç qardaş məskunlaşıb, öz ailələrilə birgə...
Əsədov qardaşları fəhləliklə ailələrini zor-güc dolandırırmışlar. Amma ortancıl qardaş Arif Əsədovun sözlərinə görə burdakı şəraitsizlik üzündən böyük qardaşı ağır xəstələnib və cavan yaşında dünyasını dəyişib, kiçik qardaşı isə sağlamlığı ilə bərabər iş qabiliyyətini də itirib. İndi hər üç ailənin məsuliyyəti Arifin çiyninə çöküb. Üç ailədə ümumilikdə yeddi uşaq böyüyür. 

“Evin hər tərəfi dəlmə-deşikdi, qışda evi qətiyyən isitmək mümkün olmur. Elə bu soyuqlar ucbatından yoldaşımın ağ ciyərlərində iltihab yarandı. İmkansızlıqdan normal müalicə də eləyə bilmədik, vərəmə keçdi. Zamanla qara ciyəri də sıradan çıxdı, xəəng olduğunu anladıq. Bu iki ağır xəstəlik balalarımı atasız qoydu...”, - böyük qardaşın həyat yoldaşı Sevil Əsədova danışır.

Sevil Əsədova deyir ki, həyətdəki panellərdən biri oğlunun üstünə aşıb. Uşağın başı ciddi zədələnib, qabırğaları sınıb. Nə həyat yoldaşının, nə də oğlunun müalicəsinə dövlətdən dəstək də olmayıb, müalicənin xərcini özləri çəkiblər.

“Sözdə guya dövlətin xəstəxanaları pulsuzdu. Amma qapıdan içəri girəndən, çıxana kimi pul paylayırsan. Tibb işçiləri nə varlı bilirlər, nə kasıb, nə qaçqına baxırlar, nə köçkünə...”


Həyat yoldaşını itirəndən sonra ailənin çox ağır şəraitdə olduğunu, övladlarını zor-güc dolandıra bildiyini deyən Sevil Əsədova dövlətin verdiyi cüzi müavinətin heç nəyə yetmədiyini bildirir:


“Atasızlığa görə iki övladıma ümumilikdə 100 manat müavinət ödənir. 50 manat da məcburi kömkün olduğumuz üçün çörək pulu alırıq. Övladlarım ikisi də tələbədir. 150 manatla onları oxudum, yaralanan oğlumun müalicəsini davam etdirim, yemək alım, bax mən yazıq nə edim?!”


Əsədovanın yaşadığı vaqona ayağımı basar-basmar az qala topuğa qədər suya batdım. Sən demə, Sağ Sahilin bütün qurunt suları bu həyətə yığılır. Vaqonların döşəməsi də artıq çoxdan çürüdüyü üçün yerdən çıxan su evin içinə dolur. 

Üç evi əvəz edən üç vaqonun içindəki mənzərə demək olar ki, eynidir. Vaqonun bir kənarında elektrik qızdırıcısı, onun da qarşısında çaydan və dəmlik. Burada qaz və isti su olmadığı üçün vaqon sakinləri qış aylarında xüsusilə əziyyət çəkirlər. Hər ehtiyacları üçün lazım olan suyu da həyətdən daşıyırlar.
“Qışda bizi buz kəsir. Yayda da alışıb yanırıq. Həyətdə ağac əmələ gətirə bilmirik ki, kölgəsində oturaq. Nə qədər çalışsaq da burada ağac bitmir ki, bitmir. Ağacın belə bitmədiyi yerdə yaşamaq nə deməkdir?! Özünüz düşünün”, - bu sözləri evin kiçik gəlini Mehriban Əsədova deyir.

Onun sözlərinə görə, nəmişlik və rütubət üzündən onun həyat yoldaşı da neçə ildir ki, böyrək xəstəsidir. Müalicəylə problemi aradan qaldıra bilmədikdə isə əməliyyat edilməli olub və böyrəyinin birini kəsib götürüblər. İkinci böyrəyindəki problemlər də davam edir. 


“Xəstəliyinə görə həyat yoldaşım əmək qabiliyyətini də itirib. Hazırda 40 manat əlil təqaüdü alır. 60 manat da ailəmizə çörək pulu verilir. 100 manatla üç uşaqlı, beş nəfərlik ailə necə dolana bilər? Daha xəstə ailə başçısının müalicəsindən danışmıram. Lap başımı itirmişəm...”


Hər tərəfi qamışlıqla əhatə olunduğundan həyətə tez –tez ilanlar, çaqqallar doluşur. Və vaqonlarda yaşayan ailələr üçün həyati təhlükə yaradır. 


“Qorxudan hava azca qaralandan sonra uşaqları həyətə buraxmırıq. Bir gün birimizi ilan çalacaq, ya da çaqqal gəmirəcək deyə ürəyimizi yeyirik...”
Arif Əsədov deyir ki, az qala hər ay kanalizasiya daşır və bütün həyəti çirkab suyu basır. Hətta üfunətli su içməli suya da qarışır.

“Sağ Sahilin kanalizasiya sistemi bu həyətdən keçir. Demədiyim, müraciət etmədiyim yer qalmayıb. Amma təmizləmirlər, baxmırlar. Özüm əlacsızlıqdan cibimdən pul verib kanalizasiya sistemini təmizlədirəm. Bircə mən işləyirəm. Öz ailəmlə yanaşı iki qardaşımın ailəsi də mənim yedəyimdədir. Mənim nə qədər gəlirim var ki, əlavə şeylərə də pul xərcləyim? Hər dəfə daşanda təmizlətməyə imkanım olmur. Nəticədə iyrənc mənzərəylə üz-üzə qalırıq”.


Əsədovlar ailəsinin məskunlaşdığı həmin bu ərazinin fərdi sahibi də varmış. Arif deyir ki, adını çəkmək istəmədiyi o şəxs 20 il səbr edəndən sonra nəhayət, ərazisinin boşaldılmasını istəyir:

“Adam bizə yaxşılıq edib, ərazisini tutduğumuz üçün bizə güldən ağır söz deməyib. Amma daha hara qədər gözləsin?! Deyir, ev növbəsinə durun, ev alın, çxıb gedin ərazimdən. Mən də öz sahəmdə bir iş görüm”. 


Arif Əsədov əlavə edir ki, evlə təmin olunmaq üçün dəfələrlə aidiyyatlı qurumlara müraciət ediblər. Amma müraciətləri cavabsız qalıb. Heç kim onlarla maraqlanmayıb:


“Adamlar tanıyıram özlərinin evi var. Ancaq onlara yenidən ev veriblər. Bizim yaşadığımız yer göz qabağındadır. Amma məcburi köçkünlər üçün tikilən binadan bizə mənzil vermirlər ki, vermirlər. Bu üç ailə çoxluqmu edir? Döyüləsi bütün qapıları döymüşük. İndən belə hara, kimin üstünə gedək?...”


Arif Əsədov deyir ki, bəndələrdən bir haray yoxdur, ümidi Allaha qalıb: 


“Bəlkə yeri-göyü yaradan bizə bir qapı aça. Biz də bu gen dünyada bir gün görək. Özümüz cəhənnəm, heç olmasa Allahın uşaqlarımıza yazığı gəlsin...”


Qeyd: Material EPNK-in Avropa Birliyinin maliyy
əsi və International Alert təşkilatının dəstəyilə həyata keçirilən "Eşidilməyən səslər" layihəsi çərçivəsində hazırlanıb. Materialın məzmumuna görə yalnız müəllif məsuliyyət daşıyır və International Alert, EPNK və donorların mövqeyilə üst-üstə düşməyə bilər.



Комментариев нет:

Отправить комментарий