- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

1.16.2015

Günü 5 manata mövsümi işlə dolananlar

“Qızımı 4-cü sinifdən, oğlumu 1 yaşından tarlaya gətirirəm”

İşsizliyin hökm sürdüyü cəbhə bölgəsi ərazisində qadınların vəziyyəti daha çətindi. Onlar özlərini və övladlarını dolandırmaq üçün min bir zəhmətə qatlaşdıqlarını deyirlər. 
Tamara Seyidova 8 ildir Ağdam rayonunda yerləşən Kəlbəcər qəsəbəsində məskunlaşıb. Qəsəbə sakinləri Kəlbəcər rayonundan olan məcburi köçkünlər olduğu üçün qəsəbəni də rayonun adı ilə eyniləşdiriblər. 

“İş yoxdur ki, gedib 5 manat qazanasan. Sahələrdə iş olanda bütün qadınlar əlimizə kərtmən alıb işləyirik. O da mövsümi işdir. Qışda işsiz qalırıq. Günümüzə 6 manat verirlər, səhər saat 7-nin yarısında da sahədə olmalıyıq. Gündə 8 saat işləyirik. Pambıq, şəkər çuğunduru, kələm əkirik”.
T.Seyidovanın 52 yaşı var, 6 uşaq anasıdır. Övladlarının çoxunun iş dərdindən baş götürüb qəsəbədən getdiyini deyir. Hazırda dövlətin verdiyi 3 otaqlı evdə 5 nəfər yaşayırlar. Evin ən balaca sakini 8 aylıqdı. 
Ərzağımızı necə təmin edəcəyik? Fəhləliklə. Nəvələrimin ikisi xəstədir. Yağmur ayaqlarını yerə dirəmir. Sümük boşluğu var. Mingəçevirdə yoxlatdırmışıq. Həkimlər beyninin bir yarımkürəsinin yaxşı inkişaf etmədiyini deyirlər”, – söylədi nənə.

Nəvəsinin probleminin anadangəlmə olduğunu, hər ay müalicə aldığını söylədi ev sahibi. Balaca Yağmur ətrafındakılara reaksiya vermir, sakit-sakit gülümsəyir, hərdənbir qığıldayırdı. T.Seyidova heyvan saxlaya bilmədiyini, həyətində yalnız toyuq-cücə saxlamağa imkanı çatdığını bildirdi. Balaca Yağmura südü də pulla alırlar. Litri 50 qəpikdən. 


Qəsəbədə 1200-ə yaxın ev var və işsizlikdən nəinki qadınlar, eləcə də kişilər əziyyət çəkir. Qəsəbədə məktəb, uşaq baxçası da yoxdu. 
Kəlbəcər qəsəbəsində məskunlaşan digər qadınlardan biri Məhəbbət Həsənovadır. 42 yaşlı xanım əslən Ermənistanın Amasiya rayonundandır. Qaçqın düşəndən sonra Ağdam rayonunda məskunlaşıb, buradaca ailə qurub.

“Qızlarımla kərtmən vurmağa gedib dolanırdıq. İndi o da yoxdur. Günümüzə 5 manat verirdilər. Yay boyu pambıq, şəkər çuğunduru əkirdik. İndi isə bekarıq. Qızların birinin 16, digərinin 17 yaşı var. İşləyə biləcəyimiz başqa iş də yoxdu”, – dedi M.Həsənova. 
Üç uşaq anası olan Həsənova qızlarını ehtiyac ucbatından orta məktəbə göndərə bilmədiyini söylədi. Qızlarından biri nişanlanıb, oğlu isə hazırda hərbi xidmətdədir. O, həyat yoldaşının ayda 200 manat məvacib aldığını, bu pulun isə ancaq yavan çörəklərinə çatdığını bildirdi. Ailənin mal-qara saxlamağa gücləri çatmasa da, toyuq-cücə saxlayırlar. Elə əsas ərzaqları da toyuq əti, yumurtadır. 

Kəlbəcər qəsəbəsinin sakinləri içməli suyu pulla alırlar. 10 litri 20 qəpikdən. Qışda suya ayda 4-5 manat xərcləsələr də, yayda bu rəqəmin 15-20 manata qədər qalxdığını deyirlər.


Ağdam rayonunun Mərzili kəndinin Minlər məhəlləsində yaşayan üçüncü qəhrəmanımız isə Nəzakət Həsənova oldu. Tək təsərrüfat başçısı olan N.Həsənovanın 35 yaşı var. Həyat yoldaşından ayrılıb: “Qızımın 16 yaşı var. Düz, 4-cü sinifdə oxuyandan mənimlə sahələrə gedir. Oğlum 7 yaşın içindədir. Onu da 1 yaşından özümlə aparıram”.


N.Həsənovanın uşaqları nə uşaq baxçasına gedib, nə də orta məktəbdə oxuyub. Onun əsas məşğuliyyəti isə alaq otlarını təmizləmək, pambıq, şəkər çuğunduru becərmək, soğan yığmaqdı. 


“Pambıq olanda alağına gedirəm, olmayanda yox. Əkəndə də çağırırlar. Elə olur ki, soğan alağına gedirəm. Qışda eləyirik. Yığıma da gedirəm. Uşaqlarla birgə yarı ac, yarı tox dolanırıq. Ancaq yayda çalışıb müəyyən qədər ərzaq tədarük edirəm ki, qışda bizi görsün. Heç o da çatmır. Oğlumun dava-dərmanına güclə pul çatdırıram” – deyir N.Həsənova.
Oğlu Ayxan qan azlığından və beyindaxili təzyiqdən əziyyət çəkir. Anası sahədə işlədiyi zaman uşaqda tutmalar olduğunu da deyir. 

“Tam dil açmayıb. Müalicəsi bir az gecikən kimi dırnaqlarını çeynəyir, əşyaları dağıdır. Atası aliment vermir, uşaqları ilə də maraqlanmır. Çalışdığım odur ki, oğlum sağlam olsun”.


Nəzakət Həsənova özü də nevrozdan əziyyət çəkir, ürək getmələri olur. İki övladını çətinliklə böyüdən ana övladının dərmanlarını da aptekdən nisyə aldığını söylədi: “Həmişə pul çatdıra bilmirəm. Bacardıqca da işləyirəm. Ancaq olmur... Elə olur ki, 6-da qalxıb 7-nin yarısı Ergi düzünə soğana gedirik. Axşam saat 9-da, 10-nun yarısında evə qayıdırıq. O qazandığımızı da ərzaqdan çox oğlumun dərmanlarına xərcləyirəm... Çətindi”.


Söhbətləşdiyimiz qadınların tək istəkləri var, onlar yükünü çəkə, övladlarını qarındolusu yeməklə, təhsillə təmin edə biləcəkləri daimi iş iş sahibi olmaq istəyirlər.


“Biz demirik ki, kimsə gəlib bizi dolandırsın. İstəyirik işimiz olsun ki, balalarımızı ürəyimiz istəyən kimi böyüdə bilək...”, - Həsənova deyir.


Qeyd: Material EPNK-in Avropa Birliyinin maliyy
əsi və International Alert təşkilatının dəstəyilə həyata keçirilən "Eşidilməyən səslər" layihəsi çərçivəsində hazırlanıb. Materialın məzmumuna görə yalnız müəllif məsuliyyət daşıyır və International Alert, EPNK və donorların mövqeyilə üst-üstə düşməyə bilər.



http://civil-forum.az/meqaleler/758-gn-5-manata-mvsmi-il-dolananlar.html

Комментариев нет:

Отправить комментарий