- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

4.16.2015

AZƏRBAYCAN GÖMRÜYÜNDƏ “ZƏLZƏLƏ” OLACAQ! – “İnhisarçı sistem” ləğv olunur!

Prezidentin tətbiq ediləcəyini vəd etdiyi yeni mexanizm oliqarxların maraqlarına hansı zərbəni vuracaq?
Yaxın vaxtlarda, böyük ehtimalla gələn ayın əvvəlindən Azərbaycan gömrüyündəki mövcud sistemin əsaslı şəkildə dəyişdirilməsi gözlənilir. Bu, Azərbaycanın idxal-ixrac əməliyyatlarında inqilabi bir dəyişiklik olacaq. Söhbət uzun illərdir gömrükdə mövcud olan “monopolist sistemin” yumşaldılmasından, hətta ola bilər ki, ləğvindən gedir. Bu məlumat “AzPolitika.info”ya hökumətə yaxın mötəbər mənbədən daxil olub.

Məlumata görə, bununla bağlı artıq ən yüksək səviyyədə siyasi qərar verilib və yaxın vaxtlarda icrasına başlanılacaq. Ancaq proses mərhələlərlə aparılacaq. Belə ki, öncə əhalinin böyük hissəsinin marağında olan gündəlik tələbat mallarının, ərzaq və dərmanların idxalında inhisarçılığın aradan götürülməsi qərarlaşdırılıb. Sonrakı mərhələlərdə isə digər əmtəələrin həm idxalında, həm də ixracında müxtəlif sahələri öz aralarında bölüşdürmüş inhisarçıların maraqlarının nəzərə alınması praktikasına son qoyulacaq. Daha dəqiqi, orta və kiçik sahibkarların ölkəyə mal idxalında və ixracında qarşılaşdıqları əsas maneə ortadan qaldırılacaq.
Prezident gömrükdəki sistemin dəyişdiriləcəyi mesajını verdi
Bu addımın hansı səbəbdən planlaşdırıldığına və doğuracağı nəticələrə toxunmazdan öncə qeyd edək ki, Prezident İlham Əliyevin ötən həftənin sonu Nazirlər Kabinetinin iclasında söylədiyi bir sıra qəti fikirlər də Azərbaycan gömrüyündəki mövcud sistemin dəyişiləcəyinin mesajı hesab edilə bilər.
Mətbuat, ictimai dairələr daha çox Prezidentin dərman bazarındakı vəziyyət, dərmanların qiymətlərinə nəzarət olunması və aşağı salınmasına dair söylədiklərini qabartdığından, ölkə başçısının sahibkarlığın inkişafı üçün inhisarçılığın ləğv olunacağı və hər kəsə bərabər şəraitin yaradılacağına dair fikirləri, müəyyən qədər diqqətdən kənarda qaldı. Belə ki, Prezident İlham Əliyev iclasda ölkədə qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsinin, büdcənin neft faktorundan asılılığının maksimum azaldılmasının zəruriliyini bildirib. Sitat: “Ölkəmizin ümumi inkişafı bundan sonra daha çox SAHİBKARLIĞIN İNKİŞAFINDAN ASILI OLACAQ… Yerli istehsal əgər yüz faiz yerli xammal üzərində qurulacaqsa, o zaman, ümumiyyətlə, xaricdə gedən proseslər, böhranlı vəziyyət, yaxud da ki, neftin qiymətinin ucuzlaşması bizə təsir etməyəcək. Ona görə ərzaq təhlükəsizliyi birinci məsələdir. Yerli istehsalın artırılması prosesi gedir. Müxtəlif yerlərdə emal müəssisələri yaradılır və ixrac imkanlarımız da genişlənir. Biz indi ixrac nomenklaturamızı da genişləndirməliyik. Azərbaycandan ənənəvi olaraq meyvə-tərəvəz ixrac edilirdi. İndi isə daha çox hazır məhsul və digər, yəni, süd məhsulları ixrac edilməlidir. Gələcəkdə ət məhsulları və digər məhsullar ixrac edilməlidir.
Ümumiyyətlə, ixrac – kənd təsərrüfatının ixracı və sənaye məhsullarının ixracı gələcəkdə iqtisadiyyatımızın ƏSAS HƏRƏKƏTVERİCİ QÜVVƏSİ olacaqdır. Çünki ixrac ölkəyə valyuta resurslarını gətirir. Bizim valyuta resurslarının mənbəyi neft-qazdır. ELƏ ETMƏLİYİK Kİ, ərzaq məhsulları, sənaye, tikinti materialları, HAZIR MƏHSULLAR İSTEHSAL EDƏK, ixrac edək və biz bu yolla gedəcəyik”.
Prezident sahibkarlığın inkişafını gücləndirmək üçün inhisarçılığın aradan qaldırılmasının vacib oluğunu bildirib, bu istiqamətdə konkret addımların atalacağına işarə vurib. Sitat :“Biz inhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik, ƏLAVƏ TƏDBİRLƏR görülməlidir. Yerli istehsalın stimullaşdırılması ilə bərabər, bu sahəyə də diqqət yetirilməlidir, əgər ya qanunvericilikdə, ya hansısa tənzimləyici qərarlarda əlavə tədbirlər lazımdırsa, biz bunu edəcəyik. Biz AZAD, ƏDALƏTLİ RƏQABƏTİ TƏMİN ETMƏLİYİK.”
Ölkə başçısı bunun söz olaraq qalmayacağını, prosesə şəxsən nəzarət edəcəyini və yaxın aylarda nəticəsini hər kəsin görəcəyini də bəyan edib. Sitat: “Hökumətə tapşırmışam ki, ciddi nəzarət olmalıdır və indi YENİ MEXANİZM İŞLƏNİLİR. Ümid edirəm ki, BİR NEÇƏ AYDAN SONRA biz bu mexanizmi tətbiq etməyə başlayacağıq və insanlar bunu GÜNDƏLİK HƏYATDA GÖRMƏLİDİRLƏR. Qiymətlər qalxmamalıdır. Mən hesab edirəm ki, bəzi dərmanların qiymətlərində kəskin azalma da olacaqdır (seçmələr bizimdir-müəl.).”
Ölkə iqtisadiyyatında yeni bir dövr başlaya bilər
Göründüyü kimi, Prezident açıq mətnlə ciddi dəyişikliklərin həyata keçirilməsinə hazırlığın getdiyini, inhisarçılığın aradan qaldırılması üçün təsirli tədbirlərin görüləcəyini bəyan edib. Bizə mötəbər mənbədən daxil olan məlumatları da nəzərə alsaq, söhbətin gömrükdəki “inhisarçı sistem”in ləğvindən getdiyini söyləyə bilərik.
Qeyd edək ki, bu, sıradan bir hadisə olmayacaq. Artıq 15 ildən çoxdur ki, gömrükdə mövcud olan “inhisarçı sistem”in ləğvi, Azərbaycan iqtisadiyyatında YENİ BİR DÖVRÜN başlanğıcı ola bilər. Bu istəyin reallaşması bir tərəfdən ölkədə qiymətlərin aşağı düşməsinə, digər tərəfdən isə iqtisadiyyatın lokomativi hesab olunan kicik sahibkarlığın sıçrayışla inkişafına, istehsal və emal müəssisələrinin artmasına, rəqabət mühitində ticarətin canlanmasına səbəb olar.
İnhisarçıların təmsilçiləri indi “Trans Broker” MMC-nin işçiləridir
Gömrükdə inhisarçı sistemin konkret nə vaxtdan tətbiq olunduğunu söyləmək çətin olsa da, 15 ildən artıqdır davam etdiyinə şübhə yoxdur. Bu sistem ötən müddət ərzində xeyli dəyişilib, necə deyərlər, təkmilləşdirilib. Hazırda müxtəlif sahələri inhisarda saxlayan oliqarxların gömrük postlarındakı təmsilçiləri “Trans Broker” MMC-nin işciləri kimi fəaliyyət göstərirlər. Gömrüyün səlahiyyətlərinə sahib çıxaraq onun funksiyasını həyata keçirən “Trans Broker” MMC 2006-cı ildə Gömrük Məcəlləsinin 22-ci maddəsinə əsaslanaraq yaradılıb. Orada göstərilir ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranzitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır. “Trans Broker” MMC də himayədarlarının verdiyi səlahiyyətlər çərçivəsində sahibkarları belə müqavilələr bağlamağa və gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70%-ni əvvəlcədən onlara verməyə məcbur edir.
Trans Broker” MMC-nin iş prinsipi – sahibkarlardan “haqq” yığma metodu da sadədir. Gömrükdən keçən bütün yükdaşımalara, yəni, karqo biznesinə nəzarət bu quruma verilib ki, o da bundan istifadə edib büdcəyə çatan vəsaiti xüsusi hesablara yönəldir. Təsəvvür edin ki, brokerlər gömrüyə daxil olmayana qədər, heç kəs yük maşınlarını aça bilməz. Əgər gömrüyün təxminən 3000 nəfər işçisi varsa, “Trans Broker” MMC-nin 5 minə yaxın əməkdaşı var.
Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət “Trans Broker” MMC-nin işçilərinə «haqq» ödəməlidir.
 Bu şəbəkəyə Əbülfəz Məlikov başçılıq etsə də, onun işçiləri hərəsi bir sahəni İNHİSARDA SAXLAYAN OLİQARXLARIN təmsilçiləridir. Bir çox hallarda sahibkarların gətirdiyi mal da elə onların adına rəsmiləşdirilir və pulu da onlar alıb “mərkəzə” ötürür. Onlar oliqarxların maraqlarına uyğun olaraq, idxal olunan məhsullara RÜŞVƏT TARİFLƏRİ tətbiq edirlər ki, ölkədə həmin malları UCUZ SATA BİLMƏSİNLƏR. Yığılan qeyri-rəsmi vəsait isə “Trans Broker” MMC vasitəsilə bir mərkəzə toplanır. Buna görə, brokerlərin hər birinə Əbülfəz Məlkov 1000-4000 dollar arası «paket» sistemi ilə maaş verir. Oliqarxların təmsilçiləri əlavə olaraq öz sahiblərindən də aylıq «paket» alırlar.
Gömrükdəki rüşvəti də, bazardakı qiymətləri də inhisarçı oliqarxlar diqtə edir
Bazardakı qiymət kimi, onun iştirakçılarını da bu brokerlər müəyyənləşdirir. Yəni, istədikləri iş adamı ilə əməkdaşlığı dayandırmaqla onu asanlıqla bazardan vurub çıxara bilirlər. Sahibkarların narazılıqları isə gömrük-keçid məntəqəsindən o yana keçmir.
Bir sözlə, hansısa sahibkar ölkəyə mal gətirmək istəsə və bütün sənədləri yerində olsa da, gömrükdəki mövcud “inhisarçı sistem” ona bu haqqı tanımır. Açıq şəkildə bildirirlər ki, malını Azərbaycana keçirmək üçün həmin sahənin inhisarçısının gömrük postlarındakı təmsilçiləri olan brokerlərdən icazə alınmalıdır. Telefonunu da verirlər. Bildirirlər ki, həmin brokerlər zəng edib malın Azərbaycana buraxılmasına icazə verməyənə qədər, onlar sənədləşməni həyata keçirə bilməzlər.
Bundan sonra sahibkarla inhisarçının nümayəndəsi arasında danışıqlar başlayır. Elə bir rüşvət tətbiq edilir ki, sahibkar malı inhisarçının diqtə etdiyi qiymətdən aşağı sata bilməsin.
Vay o gündən ki, inhisarçı da həmin vaxt sahibkarın gətirdiyi maldan ölkəyə mal vurmuş olsun və ya da daxildə istehsal etsin. O zaman aylarla sahibkarın malı gömrükdə saxlanılır. Və buna görə də sonradan cərimə tətbiq edilir. Nəticədə sahibkar qazanmaq əvəzinə ziyana düşdüyündən, bir də həmin maldan gətirmir.
Yəni, “Trans Broker” MMC faktiki olaraq İNHİSARÇI OLİQARXLARIN gömrükdəki idxal-ixraca NƏZARƏT ORQANIDIR. Onların icazəsi olmadan gömrükdən bir ədəd kibrit də keçə bilməz. Elə buna görə də, “Trans Broker” MMC-nin direktoru Əbülfəz Məlikov Dövlət Kömrük Komitəsinin sədri Aydın Əliyevdən daha səlahiyyətli və mötəbər şəxs hesab olunur.
Oliqarxlar “inhisarçı sistem”in ləğvinə dair qərarı sabotaj edə bilər!
Qısa şəkildə qeyd ediklərimiz gömrükdəki “inhisarçı sistemin” oliqarxların maraqlarının təminatçısı olduğnu göstərir. Odur ki, bu sistemin ləğvi oliqarxların maraqlarına ciddi zərbə sayıla bilər. Bu baxımdan, təbii ki, nə belə bir qərarın verilməsi, nə də onun reallaşdırılması asan deyil. Söhbət arxasında böyük kapitala malik, daxildəki mal dövriyyəsinin əhəmiyyətli bir hissəsini, bəlkə də 80-90 faizini əlində cəmləşdirən OLİQARXLARIN dayandığı bir SİSTEMİN dağıdılmasından gedir. Onların buna müqavimət göstərmək, qərarın reallaşmaması üçün sabotaja əl atmaq imkanlarının olduğunu da nəzərə almaq lazımdır.
İdxala və istehsala böyük ölçüdə nəzarət edən öliqarxların öz aralarında gizli şəkildə razılğa gələrək, ölkəyə müəyyən malların (məsələn ərzaq mallarının, unun və sairin-müəl.) gətirilməsini, bazara çıxarılmasını dayandırmaqla, ölkədə hansı ajiotajın yaranmasına yol aça biləcəklərini xüsusi izah etməyə yəqin ki, ehtiyac yoxdu.
Bu halda qiymətləri aşağı salmağa, iqtisadiyyatı canlandırmağa hesablanan “inhisarçı sistemin” ləğvi əks effekt verər
. Zatən “inhisarçı sistem”in ləğvinə dair qərarın indiyə qədər verilməməsinin bir səbəbinin də, bununla bağlı olduğuna şübhə etmirik. Odur ki, qərar verilməzdən əvvəl ya bu imkan onların əlindən alınmalı, ya da belə bir addım atılmayacağına zəmanət olmalıdır…
Artıq belə bir zəmanətin olub-olmadığını söyləyə bilməsək də, gömrükdəki “inhisarçı sistemin” ləğvinə hazırlığın görülməsini zəruri edən səbəblər barədə müəyyən mülahizələr irəlı sürmək olar. Fikrimizcə, belə bir qərarın verilməsinin eyni vaxtda bir neçə səbəbi ola bilər.
Kapitalımız da xaricə axır, milli sərvət sayılan sahibkarlarımız da!
Birincisi, hökumət nəhayət ki, iqtisadiyyatın neft amili üzərində qurulmasının necə böyük yanlış olduğunu başa düşərək, qeyri-neft sektorunun inkişafı istiqamətində önəmli addımlar atmaq qərarına gəlib. Azərbaycan kimi ölkələrdə isə bunun yolu kiçik və orta biznesin inkişafından keçir.Ümumiyyətlə, təcrübə göstərir ki, kiçik və orta biznesin inkişafına şərait yaratmaq dayanıqlı iqtisadi inkişafı və yüksək həyat səviyyəsini əldə etməyin ən qısa yoludur. Almaniyanın təcrübəsi buna misaldır. Müharibədən sonra tamamilə dağılmış Qərbi Almaniyanın xarabalıqlar içərisindən dirçəlməsində əsas rolu kiçik və orta sahibkarlar oynamışdılar. Bu gün də bütün işləyən almanların 70%-dən çoxu kiçik və orta biznesdə məşğuldur. Belə göstəricilər nə ABŞ-da, nə Britaniyada yoxdur. Almaniyanın məcmu ÜDM-nin 50%-ə yaxını kiçik və orta biznesin payına düşür. Avropadakı iqtisadi böhranın Almaniyada daha az hiss olunmasının bir səbəbi də məhz budur.
Prezidentin çıxışına diqqət yetirsək görərik ki, o da yeni iqtisadi siyasətin əsas istiqaməti kimi kiçik və orta sahibkarlığın inkişafını prioritet hesab edir. Bunun üçün isə təbii ki, azad rəqabət mühiti yaradılmalı, oliqarxların nəzarətində olan gömrükdəki “inhisarçı sistem” ləğv edilməlidir. Çünki oliqarxlar yalnız idxalı deyil, eyni zamanda ixracı da nəzarətdə saxlayır, “yadların” regional və beynəlxalq bazarlara məhsul çıxarmasına imkan vermirlər. Elə yerli istehsalın inkişaf etməməsinin, əksinə, bir çox yeni açılan müəssisələrin az müddətdən sonra iflasa uğramasının başlıca səbəblərindən biri də məhz xaricə məhsul ixrac etmək imkanlarının məhdudlaşdırılmasıdır.
Məsələ ondadır ki, inhisarçıların maraqlarının “keşikçiləri” gömrükdə ixracatla məşğul olan sahibkarlara elə «haqq» qoyurlar ki, onlar xaricə məhsul çıxarmaq imkanlarından məhrum olur. Nəticədə bu rüşvətə görə çox sahibkar hətta daxildə istehsalı dayandıraraq, analoji müəssisələri gedib xaricdə açır. Son illər 100-lərlə azərbaycanlı iş adamının Türkiyədə, Rusiyada, Gürcüstanda və digər ölkələrdə biznes qurmasının, istehsal müəssisəsi açmasının əsas səbəbi də məhz budur. Həm KAPİTALIMIZ xaricə axır, həm də SAHİBKARLARIMIZ!
Gömrükdəki “inhisarçı sistem” yeri istehsalın qarşısında əsas maneədir
Konkret misal kimi, ölkədə təbii şirə istehsalı ilə məşğul olan müəssisələrdən birinin sahibinin “AzPolitika.info”ya verdiyi məlumatı göstərə bilərik. Məlum səbəblərdən adının çəkilməsini istəməyən sahibkar qeyd edir ki, onlar Rusiyaya, Avropa ölkələrinə, hətta okeanın o tayına – Amerikaya məhsul ixrac edirdilər.
Ancaq gömrükdə tələb olunan «şapka» məhsullarının bu bazarlarda rəqabət imkanlarını məhdudlaşdırdığından, bir çox ölkələrə ixracatı dayandırmalı olub.
Belə ki, sahibkarın sözlərinə görə, gömrükdə qablaşdırılmış bir ədəd (həcmi 1 litr olan) məhsula görə rüsumdan əlavə 25-40 sent (məhsulun qiymətinə görə) haqq alınır. Bu isə təbii ki, məhsulun qiymətinin üzərinə gəldiyindən, xarici bazarda Azərbaycan məhsullarının rəqabət imkanlarını zəifləyir.
Qeyd edək ki, təbii şirələr «Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımları» kateqoriyasına daxildir. Bu zaman alınan gömrük rüsumlarının dəyəri isə o qədər də yüksək deyil. Məsələn, 100 min manatlıq məhsul üçün 100 manat rüsum nəzərdə tutulur. Bu isə o deməkdir ki, bir şüşə təbii şirə üçün rəsmi olaraq, çox kiçik həcmdə rüsum ödənilməlidir. Ancaq Gömrük Komitəsinin hər şüşəyə tələb etdiyi “haqq” bunun yüz qatıdır.
Məhz bu səbəbdən Azərbaycandakı şirə istehsalı ilə məşğul olan sahibkarlar Azərbaycanda işlərini dayandıraraq, analoji müəssisələri Rusiyada, xüsusən də Dağıstanda açırlar. Hansı ki, onların bir hissəsi xammalı Azərbaycandan aparırlar. Diqqət edin, gömrükdəki rüşvətin həcmi nə qədər böyükdür ki, xammal Azərbaycandan aparıldığı halda onu Rusiyada istehsal edib bazara çıxarmaq daha ucuz başa gəlir.
Nəticədə xarici bazarlar Azərbaycan sahibkarlarının əlindən çıxır. Bu isə yalnız sahibkarın deyil, həm də dövlətin və vətəndaşların itirməsinə səbəb olur. Dövlət sahibkarın ödəyəcəyi vergidən, vətəndaş isə iş yerindən, həmçinin məhsulunu təhvil verəcək istehsal müəssisəsindən məhrum olur.
Qısası, gömrükdəki “inhisarçı sistem” qeyri-neft sektorunun inkişafına başlıca maneədir ki, onu aradan qaldırmadan bu sektorda inkişafdan söhbət gedə bilməz.
Oliqarxlar sınaqdan çıxa bilmədilər: onlara güvənmək olmaz!
İkincisi, manatın birinci devalvasiyasından sonra hökumət inzibati yollarla qiymətlərin qalxmasının qarşısını almağa çalışsa da, buna tam şəkildə nail ola bilmədi.Bir çox məhsulların qiyməti qalxdı və qalxmaqdadır. Bu isə 2 önəmli amili önə çıxardı.
Əvvala, istehlak bazarında qiymətləri diqtə edən oliqarxlar öz maraqlarını hakimiyyətin ümumi maraqlarından daha üstün tutaraq, onlara güvənməyin doğru olmadığını göstərdilar. Bir çoxları hətta əllərindəki böyük pulları dollara çevirməklə manatla bağlı hökumətin siyasətini sabotaj etdi. Manatla bağlı yumşaq devalvasiya qərarının dəyişməsi rəsmi olaraq bununla izah edilir.Razılaşaq ki, 3 gündə 1,5 milyard dolları bazardan sadə vətəndaşların çıxarması qeyri-mümkündür. Üstəlik, oliqarxlar dövlətə əlavə vəsait ödəməkdən qacmaq üçün, büdcəni talamaq məqsədilə yaratdıqları 100-lərlə şirkəti bağladılar. Necə deyərlər, bardağı daşıran isə, ölkə başçısının şəxsən qiymətlərin qaldırılmasının yolverilməzliyini bəyan etməsinə rəğmən, coxlarının bunu eşitməzdən gəlməsi oldu.Məsələn, ərzaq bazarında əsas söz sahibi olan “Azərsun” bir çox məhsullarının qiymətini bahalaşdırdı və əlavə artıma gədəcəyini bəyan etdi. Dərman bazarına böyük ölçüdə nəzarət edən “Avromed Company” MMC depolarını bağlayıb, apteklərinin piştaxtalarını boşaltdı. Sonra isə apteklərdə dərmanları kifayət qədər bahalaşdırılmış yeni qiymətlərlə satışa çıxardı. Prezidentin dərman bazarındakı özbaşınalığı xüsusi qabartmasının bir səbəbi də, yəqin ki, bu olub.
Digər tərəfdən isə, ölkəyə idxal olunan mallara inhisarçıların əlavə “RÜSUM” tətbiq etmələri dolların manata nisbətdə bahalaşması şəraitində qiymətləri aşağı salmağa, rəqabət mühiti formalaşdırmağa imkan vermədiyindən, bu sistemin dəyişdirilməsi gündəmə gəlib.
Hökumət manatın ikinci ciddi devalvasiyasına hazırlaşır!
Bu məsələni aktuallaşdıran həm də hökumətin manatın ikinci devalvasiyasına hazırlaşmasıdır. Məsələ ondadır ki, hökumət manatın ikinci ciddi devalvasiyasının da qaçılmaz olduğunun fərqindədir. Son 2-3 ayda Mərkəzi Bankın ehtiyatının 6 milyard dollar azalması, manatın indiki kursunun saxlanması üçün hər ay 100 milyonlarla dollar vəsaitin xərclənməsi ikinci devalvasiyanı qaçılmz edir. Bu isə indiki şəraitdə gündəlik tələbat mallarının qiymətində ciddi artımlara gətirib çıxara bilər. Təbii ki, belə bir vəziyyət əhalinin böyük hissəsinin narazılığına səbəb olacaq ki, bu da seçkiqabağı hökumət üçün arzuolunmaz haldır. Ona görə də, ikinci devalvasiyaya getməzdən öncə hökumətin gömrükdəki “inhisarçı sistemi” ləğv etməsi, bəzi sahələrdə monopoliyanı tam aradan qaldırması şərtdir. Elə olmalıdır ki, iş adamları idxal-ixrac əməliyyatları zamanı qanunsuz maneələrlə qaşılaşmayacaqlarına inansınlar və aktiv biznes fəaliyyətinə qoşulsunlar. Yəni, manatın növbəti devalvasiyası ilə əlaqədar meydana çıxacaq əlavə xərcləri gömrükdəki “inhisarçı haqqının” ləğv olunması kompensasiya edə bilər.
Gömrükdən qeyri-rəsmi toplanan 3-4 milyard, yoxsa rəsmi itirilən 8-10 milyard?..
Əlbəttə, belə bir fikir də irəli sürülə bilər ki, hökumətin qeyri-rəsmi büdcəsinin formalaşmasında gömrüyün xüsusi rolu olduğundan, bundan imtina edilməsi real deyil. Ancaq hökumətin indi 2 variantdan birini seçmək məcburiyyətində olduğunu nəzərə almalıyıq. Ya gömrükdəki “inhisarçı sistemi” saxlamaqla, manatın qorunmasına hər ay 600-800 milyon xərcləməlidir, ya da bu sistemi ləğv edərək, devalvasiyaya getməlidir. 3-cü variant gömrükdəki “inhisarçı sistemi” saxlamaqla, manatı ucuzlaşdırmaqdr ki, bu, ölkədə sosial partlayışa və iqtisadi tənəzzülə səbəb ola bilər. Hökumətin seçkiqabağı belə bir addıma getməsi inandırıcı deyil. Ona görə də, 2 variant üzərində dayanırıq.
Birinci variant indiki vəziyyəti qoruyub saxlamaq, yəni ildə gömrükdən 3-4 milyard qeyri-rəsmi vəsait toplanmasına davam etməkdir. Lakin bu zaman il ərzində rəsmi olaraq 8-10 milyard dollar itirilməsi təhlükəsi tam realdır. Üstəlik də bu halda ölkədə iqtisadi vəziyyət də günbəgün ağırlaşacaq, maaşların verilməsində problemlər yaranacaq, işsizlərin, narazıların sayı artacaq.
İkinci halda isə əksinə, manatın kursunun saxlanmasına xərclənən 8-9 milyard dollar dövlətin əlində qalacaq. Üstəlik ölkənin əsas ixrac məhsulu olan neftin satışı dollarla, daxili ödənişlər isə manatla həyata keçirildiyindən, ölkədə büdcə xərclərinin tam şəkildə reallaşdırılması üçün vəsait əldə olunacaq. “İnhisarçı sistemin” ləğv olunması isə devalvasiyanın ən ağır nəticəsi olan qiymətlərin qalxmasının qarşısını böyük ölçüdə alacaq. Bunan əlavə “inhisarçı sistemin” ləğvi ölkədə işgüzar mühiti, idxal-ixrac əməliyyatlarını artıracaq, yerli kapitalın xaricə axınının qarşısını alacaq, investisiya axınını çoxaldacaq. Xarici bazarlara rahat çıxış əldə edən iş adamları çoxlu müəssisələr, təsərrüfatlar yaradacaqlar ki, bu da iş yerlərinin sayını artıracaq. Bu və digər faktorlar gömrükdə hökumətin “itirdiyi” 3-4 milyard qeyri-rəsmi vəsaitin hamısının və bəlkə də daha artığının qısa müddətdən sonra rəsmi şəkildə büdcəyə yönəlməsinə səbəb olacaq. Hökumətə çox lazımdırsa, həmin vəsaitlərin müəyyən hissəsini müxtəlif investisiya layihələrinə yazaraq, büdcədən götürüb, qeyri- rəsmi xərclərini də həyata keçirə bilər.
Bir sözlə, iş adamlarının sıradan çıxmasına, idxal məhsullarının inhisarçıların əlində cəmlənməsinə və ölkədə bahalaşmaya şərait yaradan gömrükdəki “inhisarçı sistemin” ləğvi vətəndaşların və dövlətin maraqları daxilindədir. Bu sistemin ləğvinin qarşısında yeganə maneə oliqarxların maraqlarıdır. Azərbaycan hakimiyyəti, nəhayət ki, DÖVLƏTİN MARAQLARINI oliqarxların maraqlarından üstün tutduğunu göstərən iradəni ortaya qoymalıdır. Bacaracaqmı, bunu zaman göstərəcək.


http://azpolitika.info/?p=110647

Комментариев нет:

Отправить комментарий