- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

4.24.2015

#BBCAzeriTrending: Azərbaycanlılar #buölkədən nə istəyir?

Son gün ərzində azərbaycanlı sosial media istifadəçiləri arasında #buölkədən həştəqi populyarlaşıb. Twitter şəbəkəsində başlayan həştəqdən istifadə edənlərin çoxu yumorla ölkəni tərk etməyin yollarından söz açıb, amma bəziləri onları tənqid edib.
Aztwi analitika saytının 21 aprelə aid məlumatına əsasən, bu həştəq - azərbaycanlı istifadəçilər arasında gün ərzində ən çox istifadə olunan beş soz arasındadır.

"Internship'ə gedirəm bəhanəsiylə çıxıb gedəsən #buölkədən", @TheWinner51yazıb.
@XelilovElkin adlı istifadəçi isə tvitləyib: "Götürüb bir çamadan ümid çıxıb gedəsən #buölkədən"
Bu mövzuda ilk tvit @madridistapari adlı istifadəçidən gəlib: "mühacirətə getmək adıyla çıxıb getmək lazımdı #buölkədən", o yazıb.
Jurnalist Həbib Müntəzir isə həştəqi Facebook-da belə şərh edib: "#‎Buölkədən‬ xaricə təhsil almağa gedib və öz ölkəsinə qayıtmayan onlarla gənc tanıyıram. Və hər tanışdığım gənc, buralarda necə qalmaq haqqında düşünür. Bu Əliyevlər sisteminin analoqu olmayan əməyi sayəsindədir". Bu statusu 300-ə yaxın adam bəyənib.

"Xüsusi məqsədlə etmirik"

Həştəqi dostu Rəşad Müseyibzadə ilə birlikdə yaratdığını bildirən Nail Nurəddinoğlu Zeynalov deyir ki, həştəqin arxasında "xüsusi məqsəd" yoxdur.
Nail Nurəddinoğlu Zeynalov deyir ki, həştəqi dostu Rəşad Müseyibzadə ilə birlikdə gündəmdə "yeni heç nə olmadığına görə" yaradıb
"Əksər hallarda gündəmdə yeni heç nə olmayanda, facebookda boşluq olanda edirik bunu. Buna qədər #məsləhət, #vətən və #mühacirət kimi geniş kütlənin də qoşulduğu həştəqlərimiz olub. Düzü, heç bir xüsusi məqsədlə etmirik bunu", Zeynalov BBC Azərbaycancaya yazıb. "Əsas odu ki, hər hansı məsələ barədə istədiyin mövqedən çıxış eləyə biləsən. Məsələn, #vətən həştəqində Vətənə sevgini də ifadə edə bilirsən, narazılığını da. Eynilə #buölkədən-də olduğu kimi; "#buölkədən yoxdu" da yaza bilərsən, "#buölkədən getmək lazımdı" da yazmaq olar".
Bəziləri Nail Zeunalovun dediyi kimi, həştəq vasitəsilə "bu ölkədən yoxdu" tipli statauslar paylaşıb. Əsasən hökumətyönlü istifadəçilər bu cür "kampaniyaya" qarşı çıxaraq əks-kampaniyaya başlayıblar.

Əks-kampaniya

Hacıbəy Heydərli Facebook-da yazıb: "#‎buölkədən‬ haştağı ilə kampaniyaya start verənlərə demək lazımdır ki, öz ölkəsinin və dövlətinin qədrini bilməyənlər xaricdə də heç kimə lazım deyil, həm də bu yolla siz özünüzün faydasız olduğunu nümayiş etdirirsiz". Onun fikrincə, sosial şəbəkələrdə azadlığın olması "ağzınıza və ağlınıza gələn hər şeyi yazmaq demək deyil". Bu statusu 150-dək adam bəyənib.
@RahuGurbanova da Twitterdə buna oxşar status paylaşıb: "əsl Azərbaycanlı gənc #buolkeden #buölkədən hashtagı deyil #stopArmenia #ArmenianGenocide - #BIGLIE hashtaglı yazılar paylaşar!" Bu tviti altı nəfər paylaşıb.
@TurkanXelilova-nın fikrincə "Oz ehemiyetsiz fikirleri ile olkede artiqliq edenler eslinde duz deyirsiz cixib getmelisiz #buolkeden".
"Milli kimliyə ad qazandırmaq üçün gedəsən #buölkədən", yazıb @seyidov_hasan.
Həştəqlərə etiraz edənlərə münasibət bildirən Nail Nurəddinoğlu Zeynalov deyir ki, onlara heç bir iradı yoxdur. "Əsas məsələ o həştəqə qoşulmaqdı. Həştəqi qeyd eləyəndən sonra bunu hansı formada etdiyin vacib deyil. Nə qədər yaradıcı olduğunu, dünyaya hansı pəncərədən baxdığını yazdıqların göstərəcək".
http://www.bbc.co.uk/azeri/azerbaijan/2015/04/150421_trending_buolkeden

Комментариев нет:

Отправить комментарий