- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

4.24.2015

Heydər Oğuz: "Türkiyə Ermənistanı öz içərisində əritməlidir"

Bu gün aprelin 24-üdür. Bədxah qonşularımızın “erməni soyqırımı” adlandırdığı uydurma hadisənin üzərindən 100 il keçir. Bu yüz ildə ermənilərin türk düşmənçiliyi üzərində qurduğu siyasət müəyyən nəticələr verib. Xüsusilə son illərdə bir sıra ölkələrin “erməni soyqırımı”nı tanıması bu fəaliyyətin ən bariz nəticəsidir. Bəs, görəsən, ermənilər bununla nəyə nail olmaq istəyirlər? Ümumiyyətlə bu tanıma prosesi nəyi dəyişə bilər? Ədalət Partiyasının sədr müavini Heydər Oğuzla söhbətimizdə bu məsələyə aydınlıq gətirməyə çalışdıq:
-Heydər bəy, bu il dünya dövlətlərinin artıq ciddi şəkildə “erməni soyqırımı”nı tanıması  müşahidə olunur. Bu nəylə nəticələnə bilər?

-Nə qədər üzücü olsa da, bu prosesi normal qarşılamalıyıq. Dünyada dini təəssübkeşliyin ağır gəldiyi zaman diliminə qədəm qoymuşuq. Üstəlik, məlum uydurma hadisənin 100-cü ildönümüdür. Hesab edirəm ki, heç kim Qərb ölkələrinin bu cür addım atacağından təəccüblənməməlidir. O ki qaldı prosesin nəylə nəticələnəcəyinə, Türkiyənin bundan təsirlənəcəyini zənn etmirəm. Mümkündür ki, prosesin bizə zərəri dəyə bilər. Dünya dövlətləri ermənilərin “zərərini” kompensasiya etmək üçün Dağlıq Qarabağı bir dövlət kimi tanıması ehtimalı yarana bilər. Azərbaycan hakimiyyəti buna hazır olmalı, profilaktik tədbirlər görməlidir.
-Niyə məhz biz?
-İstənilən strateji müttəfiqlikdə zərəri zəif tərəfə ödətdirirlər. Nə yazıq ki, Azərbaycan öz siyasi mövqeyi, strateji əhəmiyyətiylə daha zəif tərəfdir. Hesabı da bizim ödəməmizi istərlər. Amma Azərbaycanın ortaya siyasi iradə qoyması, Dağlıq Qarabağı terrorçulardan azad etmək əməliyyatlarına başlaması və erməni vətəndalarımızın asayişini qorumaq, “milli-mənəvi dəyərlərini daha rahat yaşamalarını təminat altına almaq” niyyətini gur səslə bəyan etməsi Qərbi bu saqıncalı addımdan yayındıra bilər. Fikrimcə, Azərbaycan siyasi iradəsi öz aqressiv ifadə formasını dəyişməli, niyyətini sözlə yox, əməli fəaliyyətilə ortaya qoymalıdır.
-Niyə hesab edirsiniz ki, Türkiyə “erməni soyqırımı” iddialarından təsirlənə bilməz?
-Çünki iddiaların hüquqi əsası yoxdur. Hansısa dövlətin Türkiyənin əleyhinə qərar verməsi hüquqi yükümlülük yaratmır və daha çox siyasi xarakter daşıyır. “Erməni soyqırımı”nı Türkiyə tanımadıqca bu problem hüquqi bazaya malik olmayacaq. Türkiyə isə, təbii ki, “soyqırımı” tanımayacaq. Bunu ermənilər də bilir. Odur ki, Türkiyənin Beynəlxalq Ədalət Məhkəməsinə getmək təklifini qəbul etmirlər. Deməli, onların da məqsədi məsələni hüquqiləşdirmək yox, sadəcə siyasi dividentlər əldə etməkdir.
-Ermənilər niyə bunu hüquqiləşdirmək istəmirlər?
-Səbəb çox sadədir. Əvvəla, həmin hadisənin özü soyqırım deyil. İkincisi, hətta soyqırım olsa belə, bu hadisələrin Türkiyə dövlətinə dəxli yoxdur. Osmanlı nə qədər Türkiyənin sələfi sayılsa da, Türkiyə bu imperiyanın siyasi hədəflərinin inkarı üzərində qurulub. Atatürkün qurduğu Türkiyə heç bir cəhətiylə Osmanlının varisi sayıla bilməz. Mədəniyyətdən tutmuş, siyasi dünyagörüşünə qədər hər cəhətdən fərqli bir ölkə necə öz coğrafiyasının tarixində baş verənlərə cavabdehlik daşıya bilər? Digər tərəfdən hər bir cinayətin konkret törədiciləri olur. 1915-ci ildə törədildiyi iddia olunan hadisənin heç bir günahkarı indi həyatda yoxdur. Beynəlxalq məhkəmə kimi ittiham edəcək? Ölülərimi? Ən əsası isə 1915-ci ildə beynəlxalq konvensiyalarda “soyqırım” maddəsi  və hərb qanunları da yox idi. İstənilən subyekti cinayətdə ittiham etmək üçün həmin əməlin cinayət hadisəsi kimi təsbit edilməsi tələb olunur. Yəni bir adam etdiyi əməlin cinayət olduğunu bilib ondan geri durmalıdır. Elə bir cəza tədbiri yoxdursa, kimi öz əməlinə görə ittiham edə bilərsən? Bilindiyi kimi, bu haqda cinayət maddəsi 1948-ci ildə BMT-də qəbul olunub. BMT-nin Soyqırım Suçunun Əngəllənməsi və Cəzalandırılması Sazişiylə təsbit edilən qanunun məqsədi  bundan sonra yaşana biləcəklərin qarşısını almaqdır. Yoxsa hansısa tarixdəki hadisəyə görə, o coğrafiyada yaşayanları cəzalandırsan, bütün Qərb ölkələri, ən əsası isə ABŞ bir sıra soyqırım hadisəsində ittiham oluna bilər. Qanunların geriyə işləmək xüsusiyyəti olmadığından bu barədə çıxarılan bütün məhkəmə hökmləri havadan asılı qala bilər. Ermənilər bu səbəbdən  beynəlxalq məhkəməyə getmək istəmirlər. Bir də hesab edirlər ki, bu həqiqət müzakirəyə açıq olmayacaq qədər aydındır. Amma hüquqi  əsası olmayan iddianı qəbul etməklə etməmək arasında nə fərq var?
-Elədirsə, ermənilər niyə bütün güclərini səfərbər edib dövlətlərə bu hadisəni soyqırım kimi tanıtdırmağa çalışırlar?
-Bunun başlıca səbəbi siyasidir. Təkcə ermənilər deyil, bir çox dövlətlər də bundan öz maraqları üçün istifadə edirlər. Burada erməni lobbisi ilə dünya dövlətlərinin maraqları əslində ayrı-ayrıdır. Dünya dövlətləri məlum hadisəylə Türkiyəyə təzyiq etmək, onun geoplitik durumundan  yararlanmaq, özlərinə tabe etdirmək istəyirlər. Erməni lobbisinin əsas məqsədi isə xaricdə yaşayan soydaşlarının türk düşmənçiliyinə söykənən milli ruhlarını diri tutmaqdır. Bilirsiniz  ki, bütün zəif toplumlarda mövcud olan aşırı millətçilik hislərinin böyük düşmənə ehtiyacı olur. Onlar bu qorxu altında birləşir və varlıqlarını mühafizə edirlər. İndi dünyanın bir sıra qabaqçıl ölkələrində ermənilər yaşayır. Qarşılarında hansısa böyük düşmən olmasa, onlar həmin ölkənin vətəndaşları arasında əriyib gedərlər. Öz dillərini, milli kimliklərini unudarlar. Amerikada yaşayanlar amerikanlaşar, İngiltərədə yaşayanlar ingilisləşərlər. Fransadakı ermənilər də fransız kültürünün əhatə dairəsinə girərlər. Bu zaman erməni lobbilər həmin ölkələrdəki siyasi təsir inkanlarını itirərlər. Türk düşmənçiliyi ilə diri tutulan erməni millətçiliyi isə bu ağır aqibətdən onları sığortalayır. Nəticədə ermənilərin səsini hansısa partiyaya satan lobbilər pul və siyasi divident qazanırlar. Yəni bütün bu həngamələrin hamısı, Molla Nəsrəddin demişkən, bir yorğanın başındadır. Sizi inandırım, Türkiyə “erməni soyqırımı”nı tanısa, indi irəli sürülən tələblərin hamısını qəbul etsə belə, bu lobbi atını yoxuşa sürəcək. Çünki problemin hər hansı variantda həlli ilk növbədə onlara sərf etmir.
-Yəni hesab edirsiniz ki, ermənilərin əslində Türkiyədən tələb etdikləri heç nə yoxdur. Sadəcə, onunla düşmən olsalar, yetər?
-Yox, tam olaraq elə də demirəm. Ermənilərin Türkiyədən tələb etdikləri çox şey var. Amma bunlar real deyil. Məsələn, onlar deyirlər ki, Türkiyə bizdən üzr istəsin və təzminat ödəsin. Onların nə qədər təzminat istəməsi bilinmədiyi üçün Türkiyə bu qədər ağır iqtisadi yükün altına girməz. Üstəlik, ermənilərin qələbəsini görüb, vaxtilə Osmanlı imperiyasının ərazisində olan bütün xalqlar və coğrafiyalar da eyni tələbi irəli sürə bilərlər. Türkiyənin ermənilərdən üzr istəməsi də onun böyüklüyünə yaraşmaz. Başqa bir tələb ermənilərə torpaq verilməsidir. Ərazi bütövlüyünü öz namus məsələsi bilən heç bir dövlət belə axmaq tələbə boyun əyməz.  Mənim də ən böyük qorxum elə burdan qaynaqlanır. Mümkündür ki, ermənilərin tələblərini yerinə yetirməyən Türkiyənin bu haqlı tutumunu bəhanə gətirən bəzi dövlətlər Qarabağı erməni torpağı kimi tanısınlar.
-Necə hesab edirsiniz, bu məkrli erməni siyasətinin baş tutmaması üçün nə edilməlidir?
-Azərbaycanın nə etməli olduğunu bayaq dedim. Türkiyə isə Azərbaycanla razılaşdırılmış şəkildə erməniləri Rusiyanın caynağından qoparıb özünə birləşdirməyin yolunu tapmalıdır. Məncə, ən yaxşı yol, bizim siyasilərin acığına getsə də, Ermənistanla sərhədləri açmaq, hətta viza rejimini aradan qaldırmaqdır. Öz ölkələrində çətin vəziyyətdə yaşayan ermənilərin böyük qismi Türkiyəyə axışar və zamanla onların içərisində əriyər. Türk iş adamlarının Ermənistana qoyduğu investisiyalar ölkəyə nəzarətin tamamilə Türkiyənin əlinə keçməsiylə nəticələr. Fikrimcə, bu məsələdə həm Azərbaycan, həm də Türkiyə İranla münasibətləri nizama salmalı, ermənilərin yaxın qonşularına inteqrasiya prosesini sürətləndirməlidir. Belə olarsa, Rusiyanın təsir dairəsindən çıxan ermənilərin ətraf ölkələrin içərisində əriməkdən başqa yolu qalmaz.
http://www.strateq.az/m%C3%BCsahib%C9%99/2686-t%C3%BCrkiy%C9%99-erm%C9%99nistan%C4%B1-%C3%B6z-i%C3%A7%C9%99risind%C9%99-%C9%99ritm%C9%99lidir-heyd%C9%99r-o%C4%9Fuz.html

Комментариев нет:

Отправить комментарий