- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

4.20.2015

Müharibədə itirilmiş uşaqlıq illəri

1994-cü il mayın 2-də məcburi köçkün Natiq Həsənovun iki oğlu həyətdə oynayarkən yanlarında “qrad” mərmisi partlayır və onlar eşitmə qabiliyyətlərini itirir. Hadisə Həsənqaya kəndinə baş verir.
Həsənov əslən Kəlbəcər rayonundandır. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Tərtərin Həsənqaya kəndində məskunlaşır. Bu kənd Azərbaycan və Ermənistan cəbhə xəttində yerləşir. İki ölkənin döyüş postları arasındakı məsafə 2 kilometrdir.
“Böyük oğlum Elnur o vaxt 6, kiçik oğlum Nicat isə 2 yaş yarımlıq idi. Qardaşım qızı da onlarla birlikdə idi, onun da o vaxt 7 yaşı vardı. Böyük oğlum və qardaşım qızı “qrad” mərmisi düşmüş əraziyə çox yaxın idilər, kiçiyi isə çox aralıda olsa da, partlayış nəticəsində hər üçünün qulaq pərdələri cırıldı,” Natiq Həsənov xatırlayır.

Natiq deyir ki, uşaqlarda bu fəsadların yaranmasını dərhal müşahidə etməyiblər. Belə ki, böyük oğul bir ay şok vəziyyətində olub, kiminləsə danışmayıb. “Bir müddətdən sonra gördük ki, bu uşaqlar heç nəyə reaksiya vermirlər və həkimə apardıq, o da son vəziyyəti bizə dedi”.
Elnurun hazırda 26, Nicatın isə 21 yaşı var. Məlum səbəbdən hər ikisi orta təhsil də ala bilməyib. “Müəllimləri dedi ki, uşaqlar eşitmir, onlara dərs keçməyin mənası yoxdur.”
Ata deyir ki, övladlarını indi də müalicə etdirmək olar, amma buna maddi imkanları yoxdur. Elnur əlilliyə görə 45 AZN pensiya alır, Nicat isə əlil kimi qeydiyyatdan keçə bilmədiyindən pensiya da ala bilmir.
“Müalicə üçün haralara, kimlərə müraciət etmisiniz” sualına Natiq “heç kimə” cavabını verir. Səbəbini də bununla izah edir ki, maddi və mənəvi dəstəyi olmadığından kimdənsə kömək istəməyi lüzum görməyib.
Nicatın da pensiya ilə təmin olunması məsələsinə Tərtər Rayon İcra Hakimiyyətinin Həsənqaya kəndi üzrə icra nümayəndəsi İlqar Qasımov aydınlıq gətirdi. Onun sözlərinə görə, Natiq Həsənov müraciət etsəydi, bu məsələ qısa zamanda həllini tapardı. “Elə bilirdim ki, hər iki övladı müavinət alır. Qısa zaman ərzində bu məsələ həllini tapacaq. Çalışacağıq ki, bu ailənin digər ehtiyaclarını da qarşılayaq,” Qasımov deyir.
İlqar Qasımov bizimlə söhbətində əlavə etdi ki, Natiq Həsənov da daxil olmaqla, bütün ailələrə taxıl əkmək üçün torpaq payı verilib, Qırmızı Xaç Komitəsinin maliyyəsi ilə hər ailə mal-qara ilə təmin olunub. “Həsənovlar ailəsi də diqqətdən kənar qalmayıb. İki il öncə Qırmızı Xaç onlara iki otaqlı ev də tikdi.”
Həsənovun iki oğlundan başqa iki qızı da var. 2000-ci ildə həyat yoldaşı ağciyər çatışmazlığından vəfat edib. Natiq deyir ki, həm övladlarının məlum durumu, həm də şəraitsizlik həyat yoldaşının tez-tez depressiyaya düşməsinə səbəb olurdu.
“14 il mal tövləsində yaşamışıq. Yayda istidən nəfəs ala bilmirdik, qışda da soyuqdan donurduq. İndi də bizim üçün tikilmiş evin yalnız 1 otağını istifadə edə bilirik, çünki soyuq olanda yalnız həmin otağı qızdırmaq mümkün olur.”
İlqar Qasımova görə, Həsənqaya kəndində məskunlaşanların əsas problemi işsizlikdir. “Biz istəyirik ki, kəndin özündə infrastruktur yaradaq ki, həm kənd özü inkişaf etsin, həm də kəndlilərin həyat şəraiti yaxşılaşdırılsın.”
“Ailəmi taksi sürməklə dolandırıram. Uzaq məsafələrə maşın sürsəm də, axşam mütləq övladlarımın yanına dönməyə can atıram. Elə yerdə yaşayırıq ki, hər an hər şey baş verə bilər. Onlara bir daha ziyan dəyməsini istəmirəm,” Natiq Həsənov dedi.
1990-cı ilin əvvəllərində baş verən müharibə keçmiş Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti və ona qonşu olan 7 rayonun Ermənistan silahlı birləşmələrinin nəzarəti altına düşməsi ilə başa çatdı.
Hazırda rəsmi Yerevan bütün sazişlərdə özünü təyinetmə və Azərbaycandan ayrılma qərarından başqa hər şeyə yox deyir.
Azərbaycan hökuməti isə suveren sayılan bu ərazilər üzərində nəzarəti əldə etməli olduğunu bildirir. ATƏT-in Minsk Qrupu mümkün olan həll yolları üçün illərlə danışıqlar aparsa da, ortada real nəticə yoxdur.
Azərbaycan və Ermənistan tərəflərinin məsələyə baxışları bir-birinə zidd olduğundan genişmiqyaslı müharibəyə son qoyan 1994-cü il mayın 12-də imzalanmış atəşkəsdən bəri az və ya heç bir irəliləyiş əldə olunmayıb.

Комментариев нет:

Отправить комментарий