- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

4.20.2015

Qarabağın naməlum əsgərləri: Ağdamda cəsədlərin dəyişdirilməsi

Qarabağ müharibəsinin qaynar fazasında mən əsirlərin və həlak olmuş erməni əsgərlərin cəsədlərinin dəyişdirilməsi ilə məşğul olmuşam.
Qarabağ Müdafiə Ordusunun bir neçə əsgəri Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında gedən döyüşdə həlak olmuşdu və onların cəsədləri Azərbaycan ordusunun nəzarətində olan ərazidə qalmışdı.
Orada bir neçə azərbaycanlı əsgər də həlak olmuşdu və onların cəsədləri Qarabağ ordusunun nəzarətində olan ərazidə idi. Şiddətli döyüşlər gedirdi və cəsədlərin dəyişdirilməsi barədə danışıb razılığa gəlmək üçün imkan yox idi. Yay idi, hava istiydi, təbii ki, cəsədlər dəfn olundu.
Sonra cəbhədə sakitlik yarandı. Mənə radiotelefonla Məmməd adlı bir nəfər zəng etdi. Onun meyitləri dəyişmək üçün Azərbaycan hökumətindən icazəsi vardı. Biz görüşmək barədə razılığa gəldik. Görüş çox qısa oldu, çünki çox isti idi və vaxtı itirmək olmazdı. Ertəsi gün biz razılaşdıq ki, meyitləri gətirək və sayından asılı olmayaraq dəyişək.
Cəsədlərin yaxınlarına verilməsi çox çətin işdir. Kimsə meyiti istəməyə bilər. Onda gərək cəsədi nə etmək barədə düşünəsən. (Başıma belə iş də gəlib).
Ona görə də Stepanakertdə həlak olanların qohumlarını yığdım və xahiş etdim ki, hər ailədən mənə bir nəfər qoşsunlar. Onlar ertəsi gün mənimlə cəbhə xəttinə gedib öz qohumlarının meyitlərini tanıdıqlarını təsdiq etməli idilər ki, sonradan söz-söhbət olmasın.
Ertəsi gün mən və bir neçə kişi (həlak olmuş Qarabağ əsgərlərinin ataları və qardaşları) cəbhə xəttinə yola düşdük. Demək olar ki, eyni vaxtda qarşı tərəfdən Məmməd gəldi. Onun yanında cəsəd sahibləri yox idilər. O dedi ki, onları cəbhə xəttinə buraxmayıblar, amma burada iki yüz metrlik məsafədədirlər.
Biz hər iki tərəfin əsgərlərindən xahiş etdik ki, meyitləri gətirsinlər. Qarabağ əsgərləri həlak olmuş azərbaycanlı əsgərlərin plastik kisələrdəki cəsədlərini gətirdilər. Sonra gözlədik ki, azərbaycanlı əsgərlər onlarda olan cəsədləri gətirsinlər.
Onlar da kilsələrdə idilər, lakin açanda gördük ki, cəsədlər yanıb. Məmməd belə izah etdi ki, hava çox isti olub və meyitləri basdırmağa imkan tapmayıblar. Ona görə də meyitləri yandırıb üstünə torpaq töküblər.
Nə etmək olardı: Mən həlak olmuş əsgərlərin yaxınlarından cəsədlərə baxmalarını xahiş etdim. Təxminən bir saatdan sonra onlar deyəndə ki, öz yaxınlarını müxtəlif əlamətlərinə görə tanıya biliblər, çox təəccübləndim. Onlar ölənləri paltarlarının parçalarından tanıya bilmişdilər. Hər halda bir də yaxşı baxmalarını xahiş etdim ki, sonradan narazılıq olmasın...
Biz Məmmədlə sağollaşıb ayrılmaq istəyərkən, bir azərbaycanlı qoca mənə yaxınlaşıb titrəyən əlləri ilə köynəyimin qolundan dartdı və dedi ki, onda Qarabağ əsgərinin meyiti var. Ona inanmağım gəlmədi.
Onda cibindən bir hərbi bilet çıxarıb mənə göstərdi. Doğum və yaşayış yeri: Şuşa rayonu. Oğlanın soyadını unutmuşdum, amma adı yadımda idi: Arvid...Qoca dedi ki, onun öz oğlu da döyüşdə həlak olub və körpünün asltında dəfn edilib. Döyüş yoldaşları deyiblər. Dedi ki, qəbrin yerini də göstərə bilər. Elə buna görə də erməni əsgərin meyitini plastik kisədə basdırıb ki, öz oğlunun meyiti ilə dəyişə bilsin.
Düzünü desəm o qədər də inanmırdım, amma gözləməyi qərara aldım. Yarım saatdan sonra dörd Azərbaycan əsgəri əldəqayırma tabut gətirdilər. Qapağı qaldırdılar və mən onu tanıdım. Hərbi biletdəki şəklə baxdım: özü idi.
Qarabağ döyüşçülərindən xahiş etdim ki, azərbaycanlı qoca ilə gedib oğlunun qəbrini tapmaqda kömək etsinlər. Siqaret çəkirdik və gözləyirdik. Elə bu vaxt azərbaycanlılar tərəfdən bir yaşlı kişinin nə isə qışqıra-qışqıra mənə tərəf qaçdığını gördüm.
Nəfəsini dərib özünə gəldi və mənə dedi ki, onun da oğlunun meyitini tapmaqda kömək edim. “Məni arvadım bura göndərib, - dedi, - Özüm Zaqataladanam, biz ləzgiyik. Anası deyib ki, oğlumu gətirmədən gəlmə...” Sonra kişi əlimi tutub öpməyə başladı.
Mən əlimi çəkib soruşdum ki, oğlunun həlak olması haqqında nə bilirsə, desin. Onun danışdığı əhvalat bayaq erməni döyüşçülərlə öz oğlunu torpaqdan çıxarıb gətirməyə gedən qocanın əhvalatı ilə eyni idi. Onu da elə körpünün yanında döyüş yoldaşları dəfn etmişdilər. Ləzgi kişi kağız üstündəki sxemdə oğlunun həlak olduğu, basdırıldığı yeri göstərdi.
Elə bu vaxt bizim əsgərlər azərbaycanlı qoca və onun oğlunun meyiti ilə qayıdıb gəldilər. Əslində meyitlərin dəyişdiriləməsi çoxdan qurtarmışdı və getmək vaxtı idi. Lakin qarşımdakı ləzgi kişi ağlayırdı. Mən bir də əsgərlərimizdən xahiş etdim ki, bu kişi ilə həmin yerə getsinlər. Körpünün altına...
Qırx dəqiqədən sonra onlar da meyitlə qayıtdılar. Ata öz oğlunun basdırıldığı yeri dəqiq demişdi.
Lakin yalnız bu vaxt fikir verdim ki, bütün bu müddət ərazində həlak olmuş Qarabağ əsgərlərinin yaxınları sakitcə dayanıb gözləyirmişlər. Onlar məni gösləyirdilər. Stepanakertə qayıdıb ölənləri doğma torpağa tapşırmaq lazım idi.
Albert Voskanyan hərbi əsirlər və itkin düşənlər üzrə "Qarabağ dövlət komissiyası" sədrinin keçmiş müavinidir.

Комментариев нет:

Отправить комментарий