- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

6.02.2015

Mətbuat icmalı: "Rusiyanın Xəzərdə Qərbi sıxışdırmaq planı"



Bugünkü “Yeni Musavat” qəzeti Rusiyanın postsovet məkanında, o cümlədən Xəzər akvatoriyasında öz dominantlığını bərpa etmək və Qərbi sıxışdırmaq üçün cızdığı yeni planlar barədə yazıb. Qəzet Rusiyanın bu planlarını “Qərblə, ABŞ-la “qaz müharibəsi” çərçivəsində, ələlxüsus da Rusiyadan yan keçəcək transxəzər qaz kəmərlərinin” qarşısını almaq üçün mühüm təzyiq rıçaqı olaraq nəzərdən keçirir.

Yazıda deyilir: “Belə görünür, Moskva bu yöndə artıq praktik addımlara qərar verib. Söhbət təkcə Azərbaycan prezidenti İlham Əliyevin son çıxışlarının birində Rusiyaya işarə edərək ilk dəfə olaraq TAP qaz kəməri layihəsinə xarici maneənin yarandığını dilə gətirməsindən getmir. Bu günlərdə məlum olub ki, Rusiya hazırkı Hava-Desant Qüvvələrinin bazasında Çevik Hərbi Qüvvələr (yeni və xüsusi qoşun növü) yaratmağı planlaşdır. …Plan barədə desant qüvvələrinin komandanı, general Vladimir Şamanov …bildirib.
Onun sözlərinə görə, yeni (hərbi-desant) qüvvələrinin tərkibinə ilk dəfə olaraq tank batalyonları daxil ediləcək, qruplaşma pilotsuz təyyarələrlə təmin ediləcək. Şamanov onu da deyib ki, onlar əmr olarsa, “dünyanın istənilən nöqtəsinə” müdaxilə edə bilərlər. “Məndən bir dəfə viza haqda soruşmuşdular. Bizə viza lazım deyil, yalnız Ali Baş Komandanın əmri lazımdır” - əlavə edib general...”
Qəzet yazır ki, bəzi skeptik analitiklərin qənaətincə “Kreml rəsmilərinin son vaxtlar rəsmi Bakıya xeyli dərəcədə artan reveransları, dostluq mesajları, o cümlədən Putinin Bakı Avropa Yay Oyunlarının açılışına qatılmaq qərarı verməsi, həmçinin Kremlin yüksək dərəcəli təltifləri və səxavətlə təqdim etdiyi orden-medallar (spiker Oqtay Əsədov, prezidentin müşaviri Əli Həsənov, səfir Polad Bülbüloğlu, şeyxülislam Allahşükür Paşazadə) bu qəbildəndir və məqsədlidir. Yəni öncə bizə “kökə” təklif edilir. Sonra... “qamçı” gələ bilər.”
Bu arada, “Xalq qəzeti” yazır ki, “Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, senator Yona Martin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə Kanada parlamenti Senatında bəyanatla çıxış edib.
…Bəyanatda 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olduğu qeyd edilir. “Respublikanın ən mühüm nailiyyətlərindən biri 1919-cu ildə qadınların seçki hüququnu tanıyaraq onlara kişilərlə eyni siyasi hüquqlar verilməsi idi. Qeyd edilməlidir ki, Kanada qadınları da səsvermə hüququnu məhz həmin ildə əldə ediblər və bu, Britaniya və ABŞ-dan illərlə öncə baş verib”, - deyə sənəddə bildirilir.”
Yazıda həmçinin deyilir: “Senator Martin, həmçinin Bakıda olarkən Kanada şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini öyrəndiklərini qeyd edib. Bununla bağlı o, biznes və ticarətin müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu vurğulayıb.

Manat və Avropa Oyunları

“Azadlıq” qəzeti hakimiyyətin Avropa Oyunlarından, ya da ən geci parlament seçkilərindən sonra növbəti devalvasiyaya hazırlaşdığını yazır.
Yazıda deyilir ki, artıq baş vermiş “devalvasiyadan sonra da Mərkəzi Bank manatın kursunu saxlamaq üçün ayda 1 milyarddan” çox vəsait xərcləyir.
“Artıq Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard manat qalıb. Bu da yalnız parlament seçkilərinə qədər bəs edər. Hökumət də məhz bunu hesablayaraq seçkilərdən sonra devalvasiyaya getməyi planlaşdırır. Lakin mümkündür ki, devalvasiya qərarı Avropa Oyunlarından sonra da verilsin.”

Telia Sonera, Türksel, Azercell,...

“Azadlıq” qəzeti jurnalist Tolqa Tanışın tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayıla Həsr etdiyi, Türkiyənin "Hürriyet" qəzetində dərc olunmuş yazısını oxucuların diqqətinə çatdırıb.
Yazı “Xədicə üçün…” sözləri ilə başlayır. Yazıda deyilir: “Azərbaycanlı bir jurnalist Xədicə Ismayılova. “Azadlıq” radiosunun Azərbaycan bürosunda çalışarkən prezident Ilham Əliyev haqqındakı korrupsiya iddialarını araşdırmağa başlayır. Və sonra başına gəlməyən qalmır. Evinə yerləşdirilən gizli kameralar. Internetdə yayılan seks videoları. Və ən son da bir jurnalist dostunu intihara sövq etmək, vergidən yayınma kimi əsassız ittihamlarla həbsxanaya atılır. Altı aydır ki, içəridədir.
Çox tanış gəlir? Ancaq sizinlə paylaşmaq istədiyim hekayənin əsl təəccüblü tərəfi bundan sonra oldu. Mənimlə birlikdə Ismayılovanın da üzv olduğu beynəlxalq araşdırmaçı jurnalistlər təşkilatı - Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Xəbər Layihəsi Ismayılovaya qarşı haqsızlıqdan sonra bənzəri görünməmiş bir işə başladı. Və Azərbaycandakı korrupsiya iddialarını araşdırmağa başladı. Isveçdən Azərbaycana, Isveçrədən Türkiyəyə qədər dünyanın dörd bir tərəfindən jurnalistlər olaraq, “Xədicə proyekti” üçün bir araya gəldik. Və beynəlxalq bir araşdırma apardıq. Azərbaycanın telekommunikasiya sektorunda təpələrə qədər uzanan rüşvət ittihamlarına dair əhatəli bir araşdırma apardıq. Aylardır üzərində işlədiyimiz proyekti bu həftə bitirdik. İsmayılova həbsdən çıxa biləcəkmi, bilmirəm. Amma Azərbaycanda nələrin baş verdiyini sizin bilməyiniz, həm də bu yeni növ junalist həmrəyliyinin Türkiyəyə də örnək olması üçün bu barədə anlatmaq istədim.”
Bundan sonra yazı gözlənilməz məcraya keçir və müəllifin sayəsində bu yaxınlarda İsveç jurnalistlərinin işıqlandırdığı “Telia Sonera” qalmaqalına Türkiyə prizmasından baxmaq imkanı əldə edirik. “Telia Sonera”, “Türksel”, “Azərcell”, Panamada qeydiyyatdan keçirilmiş, Əliyevlər ailəsinə aid olduğu iddia edilən “Morgan & Morgan” adlı şirkətin qurduğu başqa ofşor şirkətlər və bir sıra başqa aktorun iştirakı ilə çox mürəkkəb korrupsiya mexanizmi detallı şəkildə təsvir olunur.

"Təhsil reanimasiyadadır"

“Azadlıq” qəzetində həmçinin “Azərbaycan təhsili reanimasiyadadır” adlı yazı dərc olunub.
Yazıda TQDK-nın növbəti statistic məlumatı öz əksini tapıb. Məlumata görə mayın 17-də I ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edən abiturientlərin cəmi 8.11 faizi 200 və daha yüksək bal toplayıb. Qalan 91.89 faizi 200 baldan aşağı toplayıb. “600-dən yuxarı bal toplayanların sayı isə cəmi 4 nəfər olub və və maksimal nəticə 647 baldır.”
II ixtisas qrupu üzrə imtahanda iştirak edənlərin cəmi “15.46 faizi 200 və daha yüksək bal toplayıb.” Qalan 84.54 faizi bundan daha az bal toplaya bilib. Yalnız 2 nəfər 600-dən yuxarı bal toplayıb, maksimal nəticə isə 614 bal olub.
“III ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edən abiturientlərin 24.76 faizi 200 və daha yüksək bal toplayıb.” Beləliklə, iştirakçıların 75.24 faizi 200 bal belə toplaya bilməyib. “Bu qrupda 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 680 baldır.”
IV ixtisas qrupu üzrə imtahanda iştirak etmişabiturientlətin 11.22 faizi 200 və daha yüksək bal toplayıb. Müvafiq olaraq iştirakçıların 88.78 faizi daha az bal toplayıb. “600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 670 baldır.”
Müəllif bu vəziyyətə acıyaraq yazır: “Əslində, bu nəticələrə görə ölkədə matəm də elan oluna bilər. Çünki, ölkənin təhsili qətlə yetirilib, öldürülüb. Bir müddət əvvəl ölkə başçısı Ilham Əliyev bildirmişdi ki, Azərbaycanda savadlılıq dərəcəsi 100 faizdir. Bu nəticələr isə göstərir ki, ölkə başçısı cəmiyyətlə zarafat edirmiş. Həm də bu nəticələri müxalifət, erməni lobbisi, beynəlxalq hüquq müdafiə təşkilatları deyil, TQDK açıqlayıb. …Əslində, bu nəticələrə görə xeyli məsul şəxslər istefaya getməli, həyəcan təbili çalınmalı və dərhal tədbirlər planı hazırlanmalıdır.” Müəllif həmçinin bu kütləvi savadsızlığın məqsədyönlü şəkildə yaradıldığına inanır. “Ölkə başçısı izahat versin ki, 100 faizliq savadlılıq, 90 faizlik savadsızlığa necə çevrilə bilir.”

Ölüm hökmü

“Yeni Musavat” qəzetində qatı cinayətkara ən yüksək cəzanın bərpa olunması təklifinə ekspertlərin, siyasilərin və psixoloqun fərqli yanaşması barədə yazır.
“Xəbər verildiyi kimi, mayın 28-də Bakının Pirallahı rayonunda dəhşətli qətl hadisəsi baş verib. 5 yaşlı Aişə Qələndərova 32 yaşlı qonşuluqda yaşayan Yakov Çernov tərəfindən zorlanıb, daha sonra isə vəhşicəsinə qətlə yetirilib.Azyaşlı körpənin başına gətirilən bu tükürpədici hadisə ölkədə böyük rezonans yaradıb, ölkədə ölüm hökmünün ləğvi ilə bağlı qərara yenidən baxılmasını aktuallaşdırıb.
…İxtisasca hüquqşünas olan deputat Fazil Mustafa da məsələyə biganə qalmayaraq bu barədə özünün Facebook hesabında status yazıb. O, 32 yaşlı qatilə ölüm cəzası verilməsini tələb edib: “İllərdir tələb edirəm ki, uşaqların və hamilə qadınların qəsdən öldürülməsinə görə ölüm hökmü bərpa olunmalıdır. Ancaq rəsmi qurumlar Avropa Şurası qarşısında öhdəliyi bəhanə edərək bu məsələdə bir qəti qərar vermək istəmirlər. Budur, Pirallahıda 5 yaşlı qıza təcavüz edərək öldürən 32 yaşlı qatilin indi cəzası nə olmalıdır? Bu məxluqun yaşamasının bir mənası qalırmı? Ömürlük həbs etsinlər və hər gün büdcədən qida da ayıraq ki, mədəsini doldursun, bunun zərərçəkmiş tərəf üçün hansı təsəllisi ola bilər ki? 5 yaşlı qızı, o mələk çocuğu bir sərxoşdan, bir manyakdan qoruya bilməyən bir cəmiyyətik, həqiqətən utancvericidir…"
Yazıda deyilir ki, deputat Fazil Mustafa “ötən il də Cəlilabadda baş verən qanlı qətl hadisə ilə əlaqədar olaraq ölüm hökmünün geri qaytarılması məsələsinin mütləq şəkildə cəmiyyətin müzakirəsinə çıxarılmasını tələb etmişdi.”
Deputat İqbal Ağazadə də 2011-ci ilin aprelində Milli Məclisdəki çıxışı zamanı bu məsələyə toxunubmuş. Lakin parlament onun bu təşəbbüsünü dəstəkləməyib.
“Pirallahıdakı cinayətə münasibət bildirən Ağazadə qəzetə açıqlamasında ölüm hökmünün çıxış yolu olmadığını deyib: “Ölüm hökmünü ləğv etməkdənsə cəmiyyətdə maarifləndirmə işlərini gücləndirmək lazımdır. ...Buna görə də ölüm hökmünün bərpasının tərəfdarı deyiləm".
http://www.bbc.com/azeri/azerbaijan/2015/06/150601_media_review_06_01

Комментариев нет:

Отправить комментарий