- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

7.31.2015

"Azərbaycanda demokratiya naminə" velosipedlə Afrikaya

Gənc azərbaycanlı jurnalist və velosiped həvəskarı Yaşar Xudiyev "Azərbaycanda demokratiya naminə" velosipediylə Cənubi Afrikaya, 20000 km məsafəni qət etmək üçün yola çıxıb.
Bakıda jurnalistika təhsili almış Xudiyev, daha sonra ABŞ-da magistratura oxuyub.
Cənab Xudiyev daha öncə də velosipedlə uzun səfərə çıxıb. O, 2014-cü ildə ABŞ-da 45 gün ərzində 5000 km məsafəni qət edib.

Səyyahın sözlərinə görə, o vaxtkı səfərini həbsdə olan NİDA vətəndaş hərəkatının üzvlərinə həsr edib.
Xudiyev BBC Azərbaycancaya deyib ki, səfəri üçün xərclərini özü qarşılayır. "Yolda yaxşı adamlar da çox kömək edir. Heç bir otel və hosteldən istifadə etmirəm. Təbiətdə yatıram, hərdən isə insanlar evində qonaq edir," o deyir.
May ayında Bakıdan velosipedlə yola çıxan səyyah, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya, Avstriya, İsveçrə, Almaniya və Fransanı keçib və hazırda Kataloniyada, İspaniyadadır.
Velospiediylə İspaniyadan Afrikaya keçməyi planlaşdıran səyyah, Mərakeşə, daha sonra Misirin paytaxtı Qahirəyə, ordan isə Cənubi Afrikayadək pedal çevirməyi düşünür.
"Hər gün müxtəlif hündürlükdə təpələrə qalxmalı oluram, havanın yağışlı və ya küləkli olmasına baxmayaraq. Məncə hər bir yağışlı günün gözəl günəşli sabahı var. Bu cür düşündüyüm üçün velosipedlə da rahat səyahət edirəm," Xudiyev deyir.
O deyir ki, bu səyəhəti nəticəsində daha çox insanın Azərbaycanda həbsdə olan fəallardan xəbər tutmasına kömək edəcəyinə inanır.
Onun bu uzun velosiped səyahətini Türkiyə və Fransa mətbuatı da işıqlandırıb - bir neçə qəzetdə "Azərbaycanda demokratiya naminə" velosiped səyahətindən yazıblar.
Xudiyev deyir ki, Afrikaya üz tutmasının əsas səbəblərindən biri, "bu qitənin vəhşi təbiətilə çox əsrarəngiz olmasıdır". Onun sözlərinə görə, səyahətini sonunacan salamat başa vuracağına da əmin deyil.
"Mən xəsarət ala bilərəm, velosipedim qırıla bilər, xəstəliyə tutula bilərəm və s. Lakin əminəm ki, gec və ya tez, biz demokratiyamıza qovuşacağıq və bizim azadlıq uğrunda mübarizə aparan insanlarımız azadlığa çıxacaq," Xudiyev bildirir.
Səyahət boyu müxtəlif macəralar yaşayan velosipedçi, hətta Türkiyədə polislə mübahisə də etməli olub.
Yaşar Xudiyev deyir ki, səyahətinin sonunda bu yolçuluqla bağlı kitab yazmağı da planlaşdırır. O, bundan sonra velosiped mədəniyyətinin yayılması uğrunda fəaliyyət göstərəcəyini də bildirir.
http://www.bbc.com/azeri/azerbaijan/2015/07/150729_azeri_cyclist

Комментариев нет:

Отправить комментарий