- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

7.02.2015

"Əmanətlərin geri çəkilməsi prosesi başlansa, bir çox banklar çökə bilər"

"Təəssüf ki, hökumət böhranı görmək istəmir və ondan yaranan fəsadlardan nəticə çıxartmır"
Beynəlxalq kredit reytinqi agentliyi “Moody’s” Azərbaycanın bank sisteminin reytinqinin proqnozunu “Stabil”dən “Neqativ”ə dəyişib. "Neqativ" (Mənfi) proqnoz o deməkdir ki, reytinq aşağı salına bilər. Bu barədə “Marja” “Moody’s”ə istinadən xəbər yayıb.
“Moody’s Investors Service” bildirir, aşağı neft qiymətləri və valyuta devalvasiyası bankların əməliyyat mühitinə, eləcə də aktivlərin keyfiyyətinə, kapital, gəlirlilik və maliyyələşdirilməsinə təsir edir.


“Moody’s” qeyd edir ki, neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına aşağı istiqamətdə təzyiq yaradır. 2014-ci ildə Azərbaycanın nominal ÜDM-nin 37 faizə yaxını karbohidrogen sektorunun payına düşüb. “Moody’s” agentliyi proqnozlaşdırır ki, 2015-ci ildə Azərbaycanın ÜDM-i 1 faiz azalacaq, neftin barrelinin qiyməti isə bu il orta hesabla 55 dollar təşkil edəcək. Azərbaycan iqtisadiyyatında yalnız 2016-cı ildə 1.7 faizə qədər artım ola biləcəyi proqnozlaşdırılır.
“Moody’s” hesab edir ki, devalvasiyanın nəticəsi olaraq, bankların aktivlərinin qiyməti düşəcək, kredit qoyuluşları azalacaq, problemli kreditlərin xüsusi çəkisi 15 faizə çatacaq.
“Moody’s”un proqnozunu Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, neft bumu yaşanmasına baxmayaraq Azərbaycan bankları son illərdə oturuşmuş institut kimi formalaşmadı: "Ən böyük səbəb ölkənin bank sisteminin qapalı olması, xarici bankların daxilə buraxılmaması və rəqabətli mühitin yaradılmasının ertələnməsi idi. Məsələn, Azərbaycandan əhalisi bir az çox olan Qazaxıstanda bank kapitallaşmasının həcmi 100 milyard dollardan yuxarıdır. Azərbaycanda isə heç 17 milyarda çatmır".
İqtisadçı düşünür ki, bank sistemində ciddi problemlər var idi, amma 21 fevral qərarından sonra sistem daha ciddi stressə girdi. Çünki bank sistemi primitiv modellə pul qazanırdı. Yəni xarici maliyyə mənbələrindən ucuz kredit götürürək manata çevirib yüksək faizlə əhaliyə verirdilər. 21 fevral qərarı kreditlərin geri qaytarılmasında yaşanan problemləri daha da dərinləşdirdi. Təsadüfü deyil ki, yanvarda 950 milyon manata olan problemli kreditlərin həcmi artıq iyulun 1-nə olan məlumata görə 1,3 milyard artıb. Bu mənada beynəlxalq agentliklərin Azərbaycan bank sisteminin reytinq proqnozunu aşağı endirməsi gələcəkdə daha ciddi problemlərin yaşanmasını göstərir. Artıq bir sıra banklarda problemlər mövcuddur, məsələn, "Bank of Azərbaycan"da əhali qoyduğu əmanətləri geri ala bilmir. Çox güman ki, yaxın gələcəkdə bir neçə bankın bankrot olmasının, sonrakı mərhələdə isə kiçik bankların böyük banklara birləşdirilməsinin şahidi olacağıq. Hələ stress vəziyyət davam edir.
N.Cəfərli böhran dərinləşərsə, ictimaiyyət üçün hansı fəsadların olacağı barədə suala belə cavab verdi: "Ən böyük problem o zaman yaşanacaq ki, panika yayılır və və bir neçə bank əmanətləri qaytara bilmir. İndiki gedişat ona doğru gedir. Çox təəssüf ki, əhali əmanətlərini banklarda yerləşdirərkən qanunvericiliyin tələblərinə fikir vermir: "30 min manata qədər olan əmanətlər faiz dərəcəsi 12 faizdən yuxarı olmadıqda Dövlət Sığorta Fondu tərəfindən sığortalanır. Bir çox hallarda bəzi kommersiya bankları əhalinin bilgisizliyindən istifadə edib daha yuxarı faiz təklif edib əmanətləri cəlb etmək haqqında düşünür. Əhali də qanunvericilikdən xəbərdar olmadan müqavilələr imzalayıblar, yəni əmanətlərini sığortalamayıblar. Belə əmanətlərin həcmi haqda dəqiq məlumat olmasa da, kifayət qədər böyük olduğu ehtimal olunur. Əmanətlərin geri çəkilməsi prosesi başlansa, bir çox bankların çökməsi, bağlanması ehtimalı var".
İqtisadçı hesab edir ki, hökumət gələcək fəsadların qarşısın almaq üçün indidən proqramlar hazırlayıb qəbul etməlidir. Təəssüf ki, hökumət böhranı görmək istəmir və ondan yaranan fəsadlardan nəticə çıxartmır.


 http://www.meydan.tv/az/site/opinion/6752/%C6%8Fman%C9%99tl%C9%99rin-geri-%C3%A7%C9%99kilm%C9%99si-prosesi-ba%C5%9Flansa-bir-%C3%A7ox-banklar-%C3%A7%C3%B6k%C9%99-bil%C9%99r.htm

Комментариев нет:

Отправить комментарий