Ermənistan fəlakətin bir addımlığında; Rusiya hərbi əməliyyatların ilk 3 saatında gözləmə mövqeyi
tutarsa, işğalçı ordu layiqli cavabını ala və ağıllana bilər; Kreml
satqınlığa meylli Sərkisyanın
“qulağının kəsilməsində” niyə maraqlıdır? Dünya birliyi getdikcə daha yaxşı anlayır ki, Qafqaz kimi vacib bir
regionda Azərbaycan, özündən qat-qat zəif və zəlil Ermənistana
torpaqlarını heç bir halda güzəştə getməyəcək...
Avropa Oyunları ərəfəsi cəmiyyətdə
Ermənistanın bu mötəbər
yarışa xələl gətirmək üçün cəbhədə təxribatlar
törədə biləcəyi
ilə bağlı narahatlıq
vardı. Amma hələ bir neçə ay əvvəldən cəbhə xəttində üstünlüyü ələ
alan Azərbaycan ordusu düşmənin təxribatlarına imkan vermədi. Avropa Oyunlarının açılış məşəlinin
yandırılmasının torpaqlarımızın müdafiəsində gözünü itirmiş qazi İlham Zəkiyevə etibar edilməsi dünyaya bir mesaj oldu.
İyunun 25-də Silahlı Qüvvələr günü ilə bağlı hərbi hissənin açılışında çıxış edən dövlət
başçısı İlham Əliyev Ermənistan rəhbərliyinə növbəti dəfə sərt bəyanat verdi: “Bizdə olan məlumata
görə, keçən ilin iyul-avqust aylarından bu günə qədər yüzdən çox
işğalçı məhv edilib. Bəzi hallarda bizə irad tutulur ki, təmas xəttində gərginlik yaranır, Ermənistan tərəfində
çoxsaylı itkilər var. Bizim isə buna cavabımız çox sadədir. Rədd
olsunlar bizim torpaqlarımızdan! O zaman münaqişə öz həllini tapar, sülh yarana bilər”.
Prezident çıxışında münaqişənin həllinin uzandığını və dünya güclərinin Qarabağ məsələsində tutduğu gözləmə mövqeyini də sərt tənqid edərək “nə Azərbaycan xalqı, nə də Azərbaycan dövləti heç bir başqa varianta razı ola bilməz. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik” deyib. İ.Əliyev
əlavə edib ki, Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika,
silah-sursat Dağlıq Qarabağda və Ermənistanda istənilən hədəfi yüksək dəqiqliklə məhv edə bilər. Qeyd edək ki, müdafiə naziri Zakir Həsənov da Avropa Oyunlarından sonra Azərbaycanın Ermənistana gücünü göstərəcəyi ilə bağlı xüsusilə erməni mətbuatında yazılan məlumatlarla
bağlı elə həmin gün sensasion bir
bəyanat səsləndirib.
Bəyanatı olduğu kimi təqdim
edirik: “Düşmən
Azərbaycan Silahlı Qüvvələrində
aparılan islahatları görür. BU YAXINLARDA ONLAR DAHA BÖYÜK İŞLƏRƏ ŞAHİDLİK EDƏCƏKLƏR (seçdirmə bizimdir). Məhz
bu istiqamətdə
aparılan uğurlu işlər artıq onlarda qorxu yaradır.
Ölümü gözləmək
ölümün özündən daha dəhşətlidir.
Qoy gözləsinlər,
biz sözümüzü deyəcəyik.
Xatırladım ki, möhtərəm
cənab prezident deyib ki, əgər
erməni əsgər
ölmək istəmirsə,
onda onun AĞDAMDA, FÜZULİDƏ (seçdirmə
bizimdir) nə işi var? Mən
onlara məsləhət
görərdim ki, bundan yararlansınlar. Yoxsa nəticəsi
pis olacaq”.
Avropa Oyunlarının davam etdiyi günlərdə
Ermənistanda siyasi sabitliyin pozulması, İrəvanda
sosial tələblərlə
başlayan mitinqlərin əyalətlərə
də yayılması, bu etiraz aksiyasına övladları “yad
torpaqda” - Qarabağda ölən əsgər
analarının da qoşulması düşmən ölkənin
hər mənada çöküşünü göstərdi.
Həm iqtisadi, həm hərbi
gücünü son illər daha da artıran Azərbaycanın
miskin bir ölkəyə
çevrilmiş Ermənistanla haqq savaşına
başlayacağı getdikcə daha real görünür. Əlbəttə,
beynəlxalq güclər indi Qafqazda
müharibə olmamasına çalışırlar, Rusiya
Ermənistanın arxasından çəkilməyib.
ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik İrəvana son səfərində bildirib ki, əgər Qarabağda genişmiqyaslı
müharibə başlayarsa, münaqişəni dinc yolla həll etmək mümkün olmayacaq. Erməni mətbuatı Uorlikin bu bəyanatına
xüsusi diqqət çəkərək “artıq ATƏT-in
Minsk Qrupunun həmsədrləri səviyyəsində genişmiqyaslı münaqişə barədə bəyanat verilir” - deyə,
narahatlıqlarını bildiriblər. Ermənistan mətbuatı yazıb ki, Uorlik İrəvana ona görə gəlib ki, Ermənistan hakimiyyətinə gözlənilən fəlakət barədə xəbərdarlıq etsin.
Ermənistanın müdafiə nazir Seyran Ohanyan da
“armenpress”ə müsahibəsində ölkəsinin qorxularını dilə gətirib. O deyib ki, Bakıda keçirilən Avropa
Oyunları başa çatdıqdan sonra Qarabağda təmas xəttində vəziyyət kəskin şəkildə gərginləşə bilər. Təkcə həmsədrlər deyil, dünya birliyi də getdikcə daha yaxşı anlayır ki, Qafqaz kimi vacib bir regionda Azərbaycan özündən qat-qat zəif, iqtisadiyyatı bərbad və regionda xeyirsiz bir dövlətə çevrilmiş Ermənistana torpaqlarını heç bir
halda güzəştə getməyəcək.
“Qarabağın açarı”na sahib olan Rusiya ilə rəsmi Bakının xüsusən Avropa Oyunlarında nəzərəçarpacaq yaxınlaşması da ermənilərin
qorxusunu artırıb. Açılış mərasimində Rusiya prezidenti Vladimir Putinin, bağlanış mərasimində isə Dövlət Dumasının sədri Sergey Narışkinin iştirakı aydındır ki, erməniləri narahat edib.
Ermənistan hakimiyyəti ehtiyat edir ki, ölkədəki gərgin siyasi vəziyyətdən, əhalinin Sərkisyan rejiminin illərdir mənasız müharibə ritorikasından bezdiyi bir vaxtda Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlasın.
Əslində hələ İrəvandakı
etiraz aksiyalarından əvvəl Ermənistanda
ciddi narahatlıq var idi ki, Azərbaycan Avropa
Oyunlarının başa çatmasından sonra Qarabağda hücum əməliyyatlarına başlaya
bilər. Ermənistanda
bunun sübutu kimi Azərbaycan ordusunun son
aylarda dalbadal döyüş şəraitinə maksimum yaxınlaşdırılmış təlimlər
keçirdiyini göstərirdilər. Şübhəsiz ki, Azərbaycanın son aylar qardaş Türkiyə ilə intensiv hərbi təlimlər keçirməsi də düşmənin canına qorxu salıb.
Bəzi ekspertlər
iddia edir ki, Avropa Oyunlarında öz gücünə
bir daha əmin olan Azərbaycan
yaxın günlərdə
fəal hərbi
əməliyyatlara başlaya bilər.
“İldırım sürətli” bu əməliyyatlarda
ermənilərin hərbi
qüvvə yerləşdirməyə
canlı qüvvəsi belə
çatmayan Ağdam və ya Füzuli istiqamətindəki
işğaldakı torpaqlarımızda Azərbaycan bayrağı sancıb
danışıqlar prosesində üstünlüyü əla
ala bilər. Mümkündür ki, Azərbaycan
ordusu arsenalında olan silah-sursatla cəmi
bir neçə saata bu torpaqları azad
etsin. Dünya birliyi, xüsusilə həmsədr
ölkələr toplaşıb bəyanat
verənədək
Azərbaycan danışıqlarda status-kvonu birmənalı
şəkildə öz xeyrinə
dəyişə bilər.
Məhz bundan sonra Ermənistan nəhayət ki, tutduğu
qeyri-konstruktiv mövqedən çəkilə bilər. Burada yeganə məsələ Azərbaycanın haqq işinə Rusiyanın mövqeyinin
necə olacağı
sualıdır. Bu yöndə iddialara
görə, Rusiya
yalnız “ildırım sürətli” müharibənin ilk 3 saatında
gözləmə mövqeyi tutarsa, Ermənistan ordusu layiqli
cavabını ala və ağıllana
bilər.
İndi İrəvandakı aksiyaların arxasındakı oyunlarda Rusiyanın da
nə dərəcədə barmağı olduğu maraqla
izlənir.
Belə ehtimal var ki, Rusiya
bugünlərdə Sərkisyana 200 milyon dollarlıq kredit verib silah satmaqla qorxuya düşmüş
Ermənistan rəhbərliyini qismən sakitləşdirməyə çalışıb. Amma Kreml Ermənistan rəhbərliyinin satqınlığa meylli olduğundan da xəbərdardır. Sərkisyan iki il əvvəl Avropa Birliyi ilə danışıqlarda Rusiyanın forpostu olan Ermənistanın bu qurumla ciddi əməkdaşlığına tərəfdar idi. Hətta daxili resurslarını işə salaraq İrəvanda anti-Rusiya, anti-Putin aksiyaları təşkil etdirmişdi. Amma Putinin intiqamı ağır oldu və Ermənistan prezidenti
Kremlin qarşısında diz çökdürüldü, Avropa Birliyi ilə əməkdaşlığa son qoyuldu, ölkə Avrasiya Birliyinə üzv edildi. Bu mənada Rusiya da indi Ermənistanın qulağının kəsilməsində maraqlı ola bilər və mümkün müharibədə Azərbaycanın irəliləməsi Sərkisyanı
birdəfəlik siyasi səhnədən silə bilər....
http://musavat.com/news/qarabagda-ildirim-suretli-muharibe-hazirligi_275927.html?welcome=1
Комментариев нет:
Отправить комментарий