- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

7.31.2015

Rəsul Cəfərovun həbs müddəti 3 ay azaldıldı

Hüquq müdafiəçisi Rəsul Cəfərovun apellyasiya şikayətinin yekun baxış iclasında onun həbs müddəti üç ay azaldılıb.
BBC Azərbaycancanın məhkəmədə iştirak edən müxbiri Xanım Cavadovanın sözlərinə görə, bununla da, Cəfərov barəsində nəzərdə tutulmuş həbs müddəti 6 il 6 aydan 6 il 3 aya endirilib və vergidən yayınma maddəsinə xitam verilib.
Vəkil Fariz Namazlı prosesdən sonra "qərarı tam qanunsuz" adlandırıb.

"Ən azı 1 il azaltmalı idilər, çünki vergidən yayınma maddəsində nəzərdə tutulmuş məbləği Rəsul ödəmişdi, bu maddəyə görə də ona 1 il vermişdilər", Namazlı BBC Azərbaycancaya deyib.
Müxbirimiz hüquq müdafiəçisinin proses boyu "şüşəli akvariumda" saxlanıldığını müşahidə edib. Vəkillər Cəfərovun onların yanında əyləşməsini istəsə də, hakimlər razı olmayıb.
Bir neçə gün öncə Rəsul Cəfərov ittiham edildiyi vergidən yayınma maddəsinin nəzərdə tutduğu borcu ödəyib. Həmin vaxt Fariz Namazlı bildirib ki, 7000 manata yaxın borcun ödənməsi ilə Cəfərov barəsində "vergidən yayınma" maddəsinə xitam verilə bilər. Çünki, Vergi Məcəlləsində vergi borcu ödəndiyi zaman cinayət məsuliyyətindən azad edilmə nəzərdə tutulur. Həmçinin, Cinayət Məcəlləsinə görə, vergidən yayınmaya görə ilk dəfə həbs edilən şəxs borcun ödənməsi məsuliyyətindən azad edilir.
Prosesdə vəkillər bildirib ki, bu məbləğlə əlaqədar Cəfərova qarşı 5 maddə ilə cinayət işi açılıb. Amma hazırda borc ödəndiyindən hüquq müdafiəçisi bəraət ala bilər.
Cəfərov isə çıxışında bildirib ki, istintaqda zərərçəkmiş kimi göstərilən donor təşkilatları - ATƏT-in Bakı ofisi, Avropa İttifaqının Bakı ofisi, Açıq Cəmiyyət İnstitutu və Norveç, Böyük Britaniya səfirlikləri ondan şikayətçi olmayıb.
Rəsul Cəfərov onu da əlavə edib ki, istintaq onun rəhbərlik etdiyi İnsan Haqları Klubunun "qeydiyyatsız fəaliyyət göstərdiyini" bildirsə də, bu, belə olmayıb.
"2014-cü ildə Qrant haqqında qanuna dəyişiklik olmayana qədər, QHT-lərdən qeydiyyat tələb edilmirdi, hərçənd ki, biz hər zaman keçirdiyimiz layihələr barədə Ədliyyə Nazirliyini məlumatlandırmışıq", deyən Cəfərov təşkilatın 2014-cü ildə fəaliyyət göstərmədiyini deyib.
Prosesdə iştirak edən "zərərçəkmiş" də bildirib ki, o "heç bir əsas olmadan zərərçəkmiş kimi göstərilib" və buna görə də, o Cəfərova bəraət verilməsini istəyib.
Prokuror Seymur Azadəliyev isə qeyd edib ki, bu fikirlər Ağır Cinayətlərə Dair Məhkəmədə də bildirilib, amma əsassız sayılıb.
İnsan Haqları Klubu təşkilatının rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov 2014-cü il avqust ayında həbs edilib.
O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunur. İstintaq dövründə ona qarşı, həmçinin, mənimsəmə və sənədləri saxtalaşdırma maddələri ilə də əlavə ittihamlar elan olunub.
2015-ci ilin aprelində o altı il altı ay müddətinə azadlıqdan məhrum edilib.
http://www.bbc.com/azeri/azerbaijan/2015/07/150731_rasul_jafarov

Комментариев нет:

Отправить комментарий