- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

7.06.2015

Rusiyanın erməni iddiasından yaratdığı böyük itki

Moskva  Qafqazda uzunmüddətli nə müharibə, nə sülh şəraitinə nail oldu
Bu günlərdə orta məktəbdə dərs aldığım ədəbiyyat müəllimimlə Ermənistandakı hadisələri müzakirə edirdik. Müəllimim ermənilərin 1988-ci ildə Dağlıq Qarabağı istəməklə çox böyük səhv etdiyini söyləyib dedi ki, həmin səhv bu gün də davam edir, ruslar onları o vaxt da, indi də istədikləri kimi oynadır. Səhvin nədən ibarət olduğunu soruşduqda müəllimim 30-35 il əvvələ ekskurs etdi: "1965-77-ci illərdə Sumqayıtda zavodda işlədiyimdən yataqxanada qalırdım. O zaman şəhərdə gəzərkən qarşına çıxan 3 adamdan biri erməniydi, amma yataqxanalarda onlara rast gəlməzdin, hamısı mərkəzdəki (İcra hakimiyyətinin ətrafı, 3-cü mikrorayon və s.) binalarda yaşayırdı.
Onların şəhər rəhbərliyində, zavodlarda, fabriklərdə, idarələrdə ən aşağı vəzifəsi katibə və mühasibat olduğu halda, azərbaycanlı qadın xadimədən, kişilər isə zibilyığan maşın sürməkdən artıq heç nəyə nail ola bilməzdi. Elə şəhərin özündə də, erməni qadını olsa-olsa su satırdısa, azərbaycanlı qadın... süpürgəçi idi. Kişilərə gəldikdə, bərbər, çəkməçi peşəsi onlarlıq idi. Təsəvvür edirsənmi, şəhər əllərindəydi, hələ Azərbaycanı demirəm. Ancaq indi Ermənistanın bütün sənaye obyektləri ruslarda, işıqlarını, qazlarını Moskavadan alırlar və üstəlik Rusiya hərbi bazalarının nəzarətindədirlər. Rusiyanın fitnəsilə işğal etdikləri Qarabağda, azərbaycanlılardan təmizlədikləri Zəngəzurda da rahat həyat qura bilmədilər. Bax, nə qazandılar “Miatsum”la? Heç nə, hər iki xalq itirdi, həm insan itkisi, həm də iqtisadiyyat və ən əsası uzun sürəcək münasibətlər itkisi". 
Bunlar bir ədəbiyyat müəlliminin düşüncəsiydi, məntiqli və faktla əsaslandırılan. 
Ermənilərin nəzarət etdiyi DQMV-nin ağır sosial-iqtisadi durumu
Bu mənada professor Çapay Sultanovun “Azərbaycanın “soyuq müharibə”də Ermənistana qalib gəlməsi” kitabındakı faktları görəndə dəhşətə gəlməmək olmur. 
Birinci, ermənilər 1987-ci ildə Dağlıq Qarabağa iddialarına start verəndə vilayətin sosial-iqtisadi durumunun ağır olduğunu və Azərbaycanın onlara diqqət göstərmədiyini əsas göstərib, problemlərdən çıxış yolu kimi Ermənistana birləşdirilmələrini tələb etdilər. Amma SSRİ Plan Komitəsinin statistik rəqəmlərinə baxdıqda fərqli mənzərə görünür. Komitə 10 min nəfərə Azərbaycanda,  DQMV-da, Ermənistanda xəstəxanaların, kitabxanaların, mədəniyyət evlərinin, məktəb və bağçaların statistikasını verib. 
1. 10 min nəfər üşün xəstəxana çarpayısı Azərbaycanda 97,7 faiz, Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) 101,7 faiz, Ermənistanda 86,2 faiz.
2. 10 min nəfərə Azərbaycanda orta tibb personalı 93,5 faiz, DQMV-da 122,7 faiz, Ermənistanda 93,5 faiz.
3. 10 min nəfər üçün Azərbaycanda 6 faiz, DQMV-da 13 faiz,  Ermənistanda 4,1 faiz kütləvi kitabxana olub.
4. 10 min nəfər üçün Azərbaycanda 5 faiz, DQMV-da 15 faiz, Ermənistanda 3,8 faiz mədəniyyət klubu olub.
5. Əhalinin sayı baxımından bağçalar Azərbaycanda 20 faiz, DQMV-da 35 faiz, Ermənistanda 39 faiz. 
6. Yaşayış binası-şəhərlərdə, Azərbaycanda 12,2 faiz, DQMV-da 14,6 faiz, Ermənistanda 13,1 faiz.
7. Kəndlərdə - Azərbaycanda 9,2 faiz, DQMV-da 14,6 faiz, Ermənistanda 15,0faiz.
İkinci, DQMV-nin seçkili orqanlarına nəzər salaq, 1979-cu ilin statiskasına əsasən vilayətdə 23 faiz azərbaycanlı yaşadığı halda 1987-ci ildə yerli xalq deputatları sovetində azərbaycanlılar 16,7 faiz təşkil edib. Əsgəran rayonunda 26 faiz azərbaycanlı olduğu halda xalq deputatları sovetində 14,2 faizdən artıq deputat olmayıb. Hadrut rayonunda 14,9 faiz azərbaycanlıya yerli sovetə 5,9, Martuni rayonunda 19,8 faiz qarşlığında 8,9 faiz deputat yeri ayırdıqları halda azərbaycanlıların çoxluq təşkil etdiyi Şuşada 18,1 faiz ermənini yerli sovetdə 28,2 faiz erməni deputat təmsil edib. Şuşa istisna olmaqla DQMV-nin partiya orqanlarında 165 nəfərdən 24-ü azərbaycanlıydı, partiya aparatı bütünlüklə ermənilərdən ibarət idi. Ümumiyyətlə, 1988-ci ildə DQMV-də təsərrüfat idarələrinin rəhbərləri arasında bir azərbaycanlı yox idi.      
Əgər DQMV-da sosial-iqtisadi vəziyyət ağır idisə, məsuliyyət vilayət rəhbərliyinin və bölgə rayonlarının birinci katiblərinin üzərinə düşürdü. DQMV yerli partiya komitəsinin birinci katibi B.Gevorkov olub və onun aparatında bir azərbaycanlı yox idi. O dövrdə Şuşa istisna olmaqla DQMV-nin rayonlarının birinci katibləri ermənilər idi və azərbaycanlılar heç ikinci, üçüncü katib də ola bilmirdi. Amma azərbaycanlıların çox olduğu Şuşa rayon partiya komitəsinin ikinci katibi də M.A.Xaçaturyan olub. Stepanakert, Mardaket, Martuni, Hadrut, Əsgəran rayonlarının yerli partiya, komsomol komitələrində, yerli idarələrin rəhbərliyində bir azərbaycanlı yox idi. 

Haşiyə: Professor Ç.Sultanovun sitat gətirdiyimiz nəşrindən məlum olur ki, mövcud vəziyyətlə bağlı Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi hələ məlum hadisələrdən 3- 4 il əvvəl “1983-84-cü illərdə DQMV-da kadrların yerləşdirilməsi istiqamətində partiya prinsiplərinin pozulması və azərbaycanlılara münasibətdə kobud səhvlər” adlı analizini SSRİ Mərkəzi Komitəsinin müvafiq katibliyinə təqdim etsə də, heç bir tədbir görülmədi. Və nəticə özünü çox gözlətmədi, 1988-ci il hadisələri silahlı münaqişənin əsasını qoydu. 

Azərbaycandakı ermənilər, Ermənistandakı azərbaycanlılar
Ermənilərin Azərbaycanda, azərbaycanlıların Ermənistanda vəzifə və səlahiyyətlərinə müqayisəli şəkildə diqqət yetirdikdə, dəhşətli mənzərəylə rastlaşırsan. 1988-ci ildə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsində (KP MK) 4 azərbaycanlı üzv, Ali Sovetində 13 azərbaycanlı deputat var idisə, Azərbaycan KP MK-də 19 erməni üzv, Ali Sovetdə isə 30 erməni millətindən olan deputat vardı. Təəssüf ki, Ermənistanın azərbaycanlılar sıx yaşayan bölgələrindən yalnız Amasiya rayonunun partiya komitəsinin birinci katibi azərbaycanlıydı, İ.Bağırov. Həmin illərin statistikasında Ermənistanın partiya, idarəetmə, güc və digər nazirliklərində azərbaycanlılara rast gəlinmir. Baxmayaraq ki, 17 oktyabr 1984-cü ildə SSRİ KP MK-nin “Ermənistan SSRİ partiya təşkilatlarının 1983-cü il iyun plenumu qərarlarının yerinə yetirilməsi haqqında”  qətnaməsində əhalinin sayına görə kadrların yerləşdirilməsinə də toxunulub.  Ancaq yenə də “dəyirman öz bildiyi kimi fırlanıb”.
Bütün bunlara rəğmən Azərbaycan SSRİ-nin əksər nazirliklərində, rayon rəhbərliyində, şəhər, rayon xalq deputatları sovetində ermənilər çoxluq təşkil edirdi.

Faktlar göz deşir
Professor Çapay Sultanovun “Azərbaycanın “soyuq müharibə”də Ermənistana qalib gəlməsi” kitabındakı siyahıdan bəzi faktlara nəzər yetirək: 
Meşə, ağac emalı sənayesi naziri A.A.Ayriyan.
Bakı şəhər xalq deputatları sovetinin sədr müavini B.A. Ayrapetov. 
“Xəzərdənizneftqaz” Birliyinin rəis müavini R.S. Bağıryans. 
“Azərittifaq”ın sədr müavini N.V. Qaberilyan.
DTK-nın bölmə rəisi S.R. Kazımov.
Ticarət Nazirliyinin idarə rəisi P.R.Yurxanov.
Yüngül sənaye nazirliyinin müavini D.Q. Avetisov.
Kirov rayonu (indiki Binəqədi) partiya komitəsinin birinci katibi V.A. Nersisyan.
Nizami rayon icraiyyə komitəsinin (RİK) sədri İ.P.Şaxnazaryan.
Nərimanov RİK-nin sədri V.S.İvanyan.
Kirovabad (indiki Gəncə) şəhər partiya komitəsinin katibi V.V.Osipov.
Daşkəsən rayon partiya komitəsinin ikinci katibi S.N. Şeruns.
Bir daha deyirəm, siyahını uzatmaq da olar. 
1988-ci il hadisələri ilə Azərbaycandakı ermənilər bunları itirməklə Ermənistana köç etdilər. Müharibənin gətirdiyi səfalət nəticəsində Ermənistanda 1993-2000-ci illərdə 335 min ermənindən 238 min nəfəri oranı da tərk etdi, yəni 100 min nəfərə yaxın. Ümumiyyətlə, 1988-ci il hadisələrindən sonra Ermənistanı tərk edən ermənilərin sayı Azərbaycandan gedən ermənilərdən 7 dəfə çoxdur. Bu barədə Ermənistanın “Akkord” jurnalı yazıb. 

Sovet təbliğatının yaratdığı saxta dostluğun sıraladığı tabutlar
Başqa bir fakt, xristian Gürcüstanla müqayisədə ermənilərin müsəlman Azərbaycanında həmişə çoxluq təşkil etməsi danılmazdır. Ona görə də onların Azərbaycanda təzyiqlərə məruz qalmaları barədə iddiaları cəfəngiyyatdan başqa bir şey deyil. Yenə də Çapay Sultanovun “Azərbaycanın “soyuq müharibə”də Ermənistana qalib gəlməsi” kitabına müraciət edək. 1959-70-ci illərdə Azərbaycanda ermənilərin sayında 9,38 faiz artım olubsa, 1970-79-cu illərdə bu say 1,66 faiz də artıb. Gürcüstanda isə 1959-70-ci illərdə 2,12 faiz erməni olduğu halda 1970-79-cu illərdə 0,05 faiz artım qeydə alınıb. Beləliklə, 1959-79-cu illərdə müsəlman Azərbaycanında ermənilərin sayı xristian Gürcüstanından fərqli olaraq 6,6 faiz artıb, yəni 442 mindən 475 min nəfərə qədər.   
Ona görə də sadaladıqlarımız ermənilərə Azərbaycanda dini-etnik ayrı-seçkiliyin olması barədə deyilənlərin absurd və izahı olmayan fərziyyə olduğunu təsdiqləyir.
Beləliklə, Rusiya ötən əsrin əvvəlində olduğu kimi Qafqazda istədiyinə nail oldu, iki xalq arasında uzunmüddətli inamsızlıq uçurumu yaratmaqla regionun inkişafını əngəllədi. Moskva Baltikyanı respublikaların Avropa dəyərlərinə inteqrasiyasının oxşar gedişatla Cənubi Qafqazda təkrarlanmasına imkan vermədi. Təsəvvür edin ki, Cənubi Qafqazda Dağlıq Qarabağ başda olmaqla Abxaziya və Osetiya münaqişələri olmasaydı, region Avropa Birliyinə və NATO-ya üzv olmasa da, vizasız gediş-gəliş əldə etmişdi. Mövcud durumun yaranmasında çoxlu səbəblər gətirmək olar, ancaq Moskva 200 ildə regionu yaxşı öyrəndiyindən bilirdi ki, “Böyük Ermənistan”, “uydurma soyqırım” erməni xalqının zəif yeridir və bundan istifadə edib Qafqazda uzunmüddətli nə müharibə, nə sülh şəraitinə nail oldular. Hətta ötən əsrin əvvəlində böyük dramaturq Cəfər Cabbarlının “atan kazaklardır” mesajı gələcək nəsillər üçün təsiredici rolunu oynaya bilmədi. Görünür, 70 ildə bu xalqlar arasında sovet təbliğatının yaratdığı dostluq da saxta və qurama idi. O dərəcədə saxta idi ki, erməni xalqı Qarabağı əldə edəcəyi halda xoşbəxt gələcək quracaqlarını düşünürdü. Amma hər şey əksinə oldu, hər iki xalq itirdi, həm insan itkisi, həm iqtisadiyyat, həm də sosial həyat dağıldı, bu gün onminlərlə azərbaycanlı və erməni ölkələrindən kənarda çörək qazanırlar. Bu qazanc da itkilərsiz olmur, hər il onlarla ailələrə tabutlar gəlir...
http://www.meydan.tv/az/site/politics/6797/Rusiyan%C4%B1n-erm%C9%99ni-iddias%C4%B1ndan-yaratd%C4%B1%C4%9F%C4%B1-b%C3%B6y%C3%BCk-itki.htm

Комментариев нет:

Отправить комментарий