- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

8.24.2015

Mingəçevirdəki aksiya vaxtı "21 nəfər saxlanılıb"

Azərbaycanın qərbindəki Mingəçevir şəhərində 27 yaşlı gəncin polis bölməsində ölümündən sonra etiraz nümayişi keçirilib. Cümə axşamı polis idarəsində intihar etdiyi bildirilən Bəhruz Hacıyev dəfn olunub.
Turan agentliyinə əsasən şəhərə xüsusi polis dəstələri cəlb edilib. Daxili İşlər Nazirliyi hadisədən "sui-istifadə edən destruktiv elementlərin təhriki ilə" şəhərdə ictimai qaydanı pozmağa yol verməyəcəyini bildirir.
Şənbə günü nümayişə toplaşan etirazçılar «Qardaşımızın qanı yerdə qalmayacaq», «Qanını yerdə qoymayacağıq» şüarlarını səsləndiriblər.

Azadlıq.orq saytında yerləşdirilmiş videoda nümayişçilər üzərinə hərəkət edən əli dəyənəkli polis əməkdaşlarını görmək olar. Onlar qalxanlara vura-vura etirazçıların ərazidən çəkilməsini tələb edirlər. Videoda səs bombaları partlayışlarını da eşitmək olar. Məlumatda etirazçılara qarşı gücün tətbiq olunduğu deyilir.
DİN nümayiş vaxtı 4 polis əməkdaşının bədən xəsarəti aldığını bildirir.
"Avqustun 22-də dəfn mərasimindən sonra bir qrup sakin ictimai asayişi kobud şəkildə pozaraq polisin qanuni tələblərinə tabe olmadan xuliqanlıq hərəkətlərinə yol verib və şəhərin mərkəzi hissəsində yürüş keçirməyə cəhd göstərib", DİN açıqlamasında deyilir.
Polis 21 nəfərin saxlanıldığını qeyd edib.
Bəhruz Haciyev avqustun 20-də polis bölməsinə aparılıb. Daha sonra polis şübhəli şəxs qismində saxlanılmış gəncin 3-cü mərtəbədən özünü yerə ataraq intihar etdiyini bildirilib.
“İnzibati binadakı xidməti otaqlardan birində əməkdaşlar tərəfindən dindirilən B.Hacıyev, qəfildən özünü pəncərədən aşağı atıb və nəticədə hadisə yerindəcə keçinib. Mərhumun yaxın qohumlarının iştirakı ilə məhkəmə tibbi ekspertizasında müayinə olunan meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib”, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib.
Mərhumun yaxınları ölümə görə polisin məsuliyyət daşıdığını deyirlər. Ehsan Zahidov “istintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəyini” bildirib.
http://www.bbc.com/azeri/azerbaijan/2015/08/150822_mingechevir_protest

Комментариев нет:

Отправить комментарий