- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

9.04.2015

Mətbuat icmalı: Britaniya və Azərbaycan arasında "növbəti qalmaqal"

“Azadlıq”: “The Washington Post”: «Qərb dözümlü yanaşmasa, Azərbaycandakı repressiya maşını çökəcək»
““The Washington Post”da araşdırmaçı jurnalist Xədicə Ismayılova barəsində çıxarılmış hökm fonunda Azərbaycandakı repressiyalardan bəhs edən redaksiya məqaləsi dərc olunub. Məqalədə Azərbaycanın sərt polis dövlətinə çevrilməsinə imkan yaratdıqlarına görə ABŞ və digər Qərb dövlətləri ittiham olunub.”

Qəzet “Azərbaycanlı jurnalist biabırçı məhkəmənin nəticəsi olaraq 7 il 6 ay azadlıqdan məhrum edildi” başlığıyla dərc edilmiş məqalənin tərcüməsini oxucularına təqdim edib:
“Azərbaycan prezidenti Ilham Əliyev son illərdə təxminən 100-ə qədər jurnalist, hüquq müdafiəçisi, dindar və müxalifət fəalını həbsxanaya saldıraraq, ölkədəki rejimi yumşaq avtoritarizmdən Avrasiyanın ən sərt polis dövlətlərindən birinə çevirib.”
…Xədicə İsmayılovanın məhkəmədə etdiyi cəsur çıxış ölkəsinin demokratik inkişafı üçün çalışan azərbaycanlılar üçün ilham mənbəyi olacaq.
“Düşünürəm ki, repressiya maşını çökmək üzrədir. Əlbəttə, bunu neft bazarındakı çöküşün nəticəsi kimi də qiymətləndirə bilərik, amma başqa səbəblər də var. Səbəbin biri də bizik!", - deyə İsmayılova vurğulayıb.
Əgər Birləşmiş Ştatlar və Qərbin digər demokratik dövlətləri Azərbaycandakı neft-qazı və Rusiyadan asılılığın azaldılması baxımından onun əhəmiyyətini nəzərə almayaraq, cənab Əliyevin bu cür hərəkətlərinə dözümlü yanaşmasalar, jurnalistin proqnozu güman ki, özünü doğruldacaq.
Inanılmazdır ki, Azərbaycan hələ də demokratiya, insan haqları və qanunun aliliyini rəhbər tutan Avropa Şurasının üzvü olaraq qalır. Cənab Əliyevə bu yay keçirilən birinci Avropa Oyunlarına ev sahibliyi etmək imkanı verildi.
ABŞ Dövlət Departamenti xanım İsmayılovanın barəsindəki hökmdən narahatlığını ifadə etsə də, onu pisləmədi. Departament yalnız onun azadlığa buraxılmasına çağırış etməklə kifayətləndi, amma cənab Əliyev və ya bu işlərdə əli olan vəzifəli şəxslər üçün ciddi mənfi nəticələri olacağına işarə etmədi. Onlar cəzalanmalıdır.”
“Azadlıq”: "Avropa İttifaqı Azərbaycanda tənqidçi səslərin həbsxanaya salınması ilə əlaqədar təcili tədbir görməlidir"
“Avropa Parlamentində Liberal-Demokratlardan ibarət fraksiya Azərbaycanda hakimiyyəti tənqid edən şəxslərin barəsində çıxarılan hökmləri kəskin şəkildə pisləyərək, Avropa İttifaqını bu ölkədə insan haqlarının sistematik pozulmasına cavab verməyə çağırıb. Fraksiya bu haqda bəyanatı "Avropa İttifaqı Azərbaycanda tənqidçi səslərin həbsxanaya salınması ilə əlaqədar təcili tədbir görməlidir" başlığıyla yayımlayıb. Bəyanatda deyilir:
"Araşdırmaçı jurnalist Xədicə İsmayılovanın 7 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökmdən sonra fraksiyanın lideri Qay Verhofştadt bildirib: "Birinci dəfə deyil ki, Azərbaycan hakimiyyəti onu məsuliyyətli olmağa çağıran, ölkədəki korrupsiyanı ifşa edən jurnalistləri həbsxanaya salır. Bu tendensiya dayandırılmalıdır. Avropa İttifaqı Azərbaycandan insan haqlarının qorunmasına dair beynəlxalq öhdəliklərinə əməl etməsini, siyasi məhbusların azadlığa buraxılmasını, mətbuat azadlığına təminat verməsini tələb etməlidir".
Həmin fraksiyanın üzvü olan Avropa Parlamentinin vitse-prezidenti, Azərbaycan üzrə məruzəçi Anneli Jaatenmaki və fraksiyanın Niderlanddan olan üzvü Mariette Şake də Azərbaycanda insan haqlarının vəziyyəti barədə narahatlıq ifadə ediblər.
“Yeni Müsavat”: Aran zonasına zəlzələ
Sakinlər qəzetə xəbər veriblər ki, zəlzələnin təkanları Mingəçevirdə, İsmayıllıda, Ağcabədidə, Şirvanda, Şamaxıda, Göyçayda, Ağdaşda və başqa yaxın rayonlarda da hiss edilib.
“AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən bildiriblər ki, zəlzələ bu gün saat 09.49-da Şəki ərazisində qeydə alınıb. …Zəlzələnin episentri olan Şəki ərazisində zəlzələ 7 bala yaxın olub. Mingəçevir, Yevlax, Gəncə, Göyçay və digər bölgələrdə isə 5-6 bala yaxın hiss olunub. Dağıntılar barədə hələlik məlumat yoxdur”. …Zəlzələnin dərinliyi 13 km olub. Zəlzələ nəticəsində ölkə ərazisində hər hansı dağıntı və tələfatın olması haqqında hazırda heç bir məlumat yoxdur.”
Bir neçə gün əvvəlsə Şəkidə zəlzələ olubmuş.
Fövqəladə Hallar Nazirliyinin rəsmisi bildirib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi zəlzələdən sonra yaranmış durumu izləyir və vəziyyət nəzarətdədir.
“Yeni Müsavat”: Britaniyanın Azərbaycan hakimiyyətini tənqid etməsi yeni və gözlənilməz hadisədir
“İngilis şirkətləri Azərbaycana ən çox investisiya yatırdığı halda niyə münasibətlər bu qədər gərgindir?
Azərbaycan hökuməti ilə Britaniya hökuməti arasında növbəti qalmaqal yaşanıb. Jurnalist Xədicə İsmayılova barəsində məhkəmə hökmünü tənqid edən Birləşmiş Krallığın Avropa üzrə naziri David Lidinqtonun bəyanatı sərt etiraza səbəb olub. Xarici İşlər Nazirliyinin cavab bəyanatından sonra Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov britaniyalı naziri sərt tənqid edib.
N.Məmmədov rəsmi mediaya müsahibəsində David Lidinqtonu Azərbaycana qarşı qərəzlilikdə, “Azərbaycanla bağlı hər dəfə bir qərəzli bəyanat vermək üçün sanki fürsət axtarmaq”da ittiham edib.
N.Məmmədov Avropanın özündə insan haqları ilə bağı ciddi problemlərin olduğunu sadalayıb, qitə üzrə mediaya təzyiq faktlarını qeyd edib. PA rəsmisi əlavə edib ki, bütün bunlar Azərbaycana qarşı qərəzli və məkrli niyyətlərin göstəricisindən başqa bir şey deyil.
...Bu ilin iyun ayında Britaniyanın Bakıdakı səfiri İrfan Siddiqin ingilis jurnalistlərin Azərbaycanda akkreditasiya edilməməsini tənqid etməsinə sərt qarşılıq vermiş, səfiri Azərbaycanla bağlı istədiyini danışmaqda günahlandırmışdı: “Görünür, Birləşmiş Krallığın səfiri hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər. Təəssüf...”
Təbii ki, son illərdə Azərbaycanda jurnalist və hüquq müdafiəçilərinin həbsləri Qərb ölkələrində tənqidlərə səbəb olub. Azərbaycana qarşı sanksiya çağırışları, sərt çıxışlar səsləndirilib. Xüsusən də bu hadisələr ABŞ-da ciddi reaksiya doğurur. Lakin Britaniyanın bu prosesə cəlb olunması müəyyən mənada yeni və gözlənilməz hadisə sayılır. Çünki Azərbaycan hökuməti ilə Britaniya arasında müstəqilliyin ilk illərindən geniş iqtisadi əməkdaşlıq mövcuddur. Britaniyanın iri şirkətləri xüsusən də neft-qaz sektoruna böyük yatırıb qoyub, BP şirkəti “Əsrin müqaviləsi” layihəsinin aparıcı şirkəti kimi çıxış edib. Məhz iqtisadi əməkdaşlıq sonradan Bakı ilə London arasında siyasi münasibətlərə də təsir edib. Azərbaycan hakimiyyəti ilə Britaniyanın siyasi elitası, o cümlədən kral ailəsi arasında əlaqələr yaranıb. Bu səbəbdən də Britaniya uzun zaman Bakıya qarşı “güzəştli” davranıb, münasibətləri isti saxlamağa çalışıb.
...Maraqlıdır ki, Azərbaycana ən çox pul yatıran ölkə məhz Britaniya olub. Belə ki, 2015-ci ilin 7 ayında Böyük Britaniya Azərbaycana 1 milyard 231 milyon 516 min manat sərmayə yatırıb.”
“Azərbaycan”: Neft Akademiyasının adı dəyişdirildi
Prezident Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılması barədə sərəncam imzalayıb.
“Xalq qəzeti”: Samux və Qusarda əmək yarmarkaları
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunan əmək yarmarkaları davam edir. Bu gün – sentyabrın 4-də Samux və Qusar rayonlarında belə yarmarkalar keçiriləcək.
…Tədbirlər zamanı həmin rayonlarda fəaliyyət göstərən müəssisələrdən əvvəlcədən siyahısı tutulmuş boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaqdır. Yarmarkalarda həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerlərinin təqdim edilməsi də nəzərdə tutulur. Bundan başqa əmək yarmarkasında həm də peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.”
http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150904_media_review_09_04

Комментариев нет:

Отправить комментарий