- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

9.04.2015

Tərtər: Şahidlər toy mağarının atəşə tutulmasından danışır

Azərbaycanın Tərtər rayonunda toy çadırının atəşə tutulması nəticəsində yaralanmış qadının vəziyyəti əməliyyatdan sonra "normaldır", yaxınları həkimlərə istinadən deyir.
Qapanlı kənd sakini Nofəl Əliyev BBC Azərbaycancaya danışıb ki, sentyabrın 1-də həyat yoldaşı Müşkinaz Tanrıverdiyeva ilə birgə qohumlarının toyuna gəliblər.
"Sünnət toyuna dəvətli idik, yoldaşım bacısıyla çörək yediyi zaman düz yaxınlıqdakı ağaca vurdular, güllə istiqamətini dəyişib yoldaşımı yaraladı, güllə mədəsini, dalaq və diafraqmasını, döş qəfəsini deşib içəri keçib", Nofəl Əliyev deyir.

Onun sözlərinə görə, güllə zərbəsindən qırılan ağac da mağarın üzərinə düşüb, nəticə də Əliyevin baldızı və nəvəsi də xəsarət alıb.
63 yaşlı Müşkinaz Tanrıverdiyeva gecə saat 1-də Bərdə Mərkəzi Rayon Xəstəxanasında əməliyyat edilib, onun vəziyyəti "normaldır", Nofəl Əliyev deyir.
Müşkinaz Tanrıverdiyevaya nisbətən daha yüngül xəsarət alan bacısı Mədinə Əhmədova Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Nofəl Əliyevin 3 yaşlı nəvəsi də yüngül zədə aldığından tibbi müayinədən sonra evə buraxılıb.
Ermənistan Silahlı Qüvvələri sentyabrın 1-də Tərtərin Qapanlı kəndini atəşə tutub və 3 nəfər yaralanıb.
Nofəl Əliyevin sözlərinə görə, hadisə "təsadüfi olmayıb".
"Toyun səsləri onlarda eşidilir, ona görə də düz mağarı hədəf alıblar", Əliyev BBC Azərbaycancaya danışıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib ki, Tanrıverdiyeva xəstəxanaya qəbul edildikdən sonra müayinə olunub və güllə onun bədənindən xaric edilib, APA yazır.
Hadisəni "hərbi cinayət" kimi qiymətləndirən Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, Azərbaycanın diplomatik nümayəndəlikləri hadisəni beynəlxalq təşkilatlar qarşısında qaldıracaq.
Cənab Hacıyev belə hücumların "qəti qadağan edildiyini" bildirib.
"Silahlı münaqişələr vaxtı mülki əhali, o cümlədən fərdi mülki şəxslər heç bir halda silahlı hücumun hədəf obyekti ola bilməz. Beynəlxalq cinayət hüququna uyğun olaraq Ermənistan silahlı qüvvələrinin qəsdən törətdiyi bu əməl hərbi cinayətidir", Hacıyev əlavə edib.
Nofəl Əliyev qeyd edib ki, kəndlərin atəşə tutulması hər axşam baş verir.
"Axır vaxtlar hər gün atırlar, srağagün minaatanlardan bəlkə də 100 dəfədən çox atdılar, indi özü də avtomatdan yox, iriçaplı silahlardan atırlar".

Ermənistanda kəndlər "atəşə tutulur"

Bu arada isə Ermənistanda kəndlərin Azərbaycan ordusu tərəfindən atəşə tutulmasına dair xəbərlər yayılıb.
Ermənistan informasiya vasitələri, Ermənistan Müdafiə Nazirliyinə istinadən, Azərbaycan tərəfindən sentyabrın 1-də Ermənistanın Tavuş vilayətinin Ayqepar və Çinari kəndlərinin bir neçə saat ərzində atəşə tutulduğunu bildirirlər.
Nəticədə müddətli hərbi xidmətdə olan əsgərlər 19 yaşlı Vladimir Gevorqyan və 22 yaşlı Qor Gevorqyan ağır xəsarətlər alıblar, Ermənistan MN mətbuat katibi Artsrun Hovhannisyan jurnalistlərə deyib.
Ermənistan tərəfi həmçinin avqustun 1-nə keçən gecə Azərbaycan tərəfinin “atəşkəs rejimini pozaraq, Dağlıq Qarabağda erməni mövqelərini minaatan və qumbaraatanlarla” atəşə tutduğunu bəyan edib.Son aylarda həm Azərbaycan, həm də Ermənistan tərəfdən cəbhə xəttində atəşkəsin pozulması xəbərləri verilir. Hər iki tərəf atəşkəsin pozulmasında bir-birini ittiham edir.
"Azərbaycan-Ermənistan sərhəddində, eləcə də Qarabağ və Azərbaycan silahlı qüvvələri arasında vəziyyət nəzarət altındadır. Həmişəki kimi, erməni qoşunları öz döyüş vəzifələrini yerinə yetirir və insanlar özünü təhlükəsiz hiss edə bilər", Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib.
Azərbaycanın Müdafiə Nazirliyi isə hər gün cəhbə xəttində yüzdən çox atışma olduğunu açıqlayır və bildirir ki, "qarşı tərəf atəşlə susdurulur".
20 ildən çoxdur ki Ermənistanla Azərbaycan arasında beynəlxalq birliklər tərəfindən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağ uğrunda münaqişə davam edir.
http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150902_terter_qapanli_injured

Комментариев нет:

Отправить комментарий