- "Birləşmiş imkanlar" Məcburi Köçkünlərlə iş şəbəkəsinin qəzeti

Газета Сети по работе с вынужденными переселенцами "Объединенные возможности"

12.29.2014

Azərbaycan 2014: ilin əsas hadisələri

Başa çatan 2014-cü ilin əsas hadisələri barədə xülasə Milli Məclisdə smartfonların yasaqlanması barədə məlumatla başlayır.
Yanvarın 10-da Milli Məclisə daxil olan şəxslərin istisnasız olaraq smartfon keçirilməsinə qadağa qoyulması haqda məlumat yayılıb. Parlamentin sözçücü yeni qaydanın “sırf təhlükəsizliyə” görə tətbiq olunduğunu desə də, ekspertlər bu qadağanın hüquqi əsasının olmadığını və jurnalistlərə də aid edilməsinin informasiyaya azad çıxış imkanının azaldılması anlamına gəldiyini bildiriblər. 2013-cü ildə yerli mediada deputatların öz həmkarlarının yerinə qanunların səsverməsi zamanı səs verməsi ilə bağlı fotoşəkillər yayımlanmışdı.

“Sovetski”nin sökülməsi
İlin əvvəlində Bakının mərkəzi hesab olunan “Sovetski”, “Papanin” və “Kubinka”məhəllələrinin söküntü işlərinə (ilkin olaraq “Sovetski”nin - red) başlanacağı haqda rəsmi məlumat yayıldı. Hökümət bu əraziləri “heç bir tarixi əhəmiyyəti” olmadığını və hər kvadat metrə görə 1500 manatdan ödəniləcəyini açıqladıqda fevralın 16-da “Sovetski” sakinləri etiraz aksiyası keçirdilər. 2 gün sonra baş nazirin müavini və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun narazı sakinlərlə görüşündən sonra martın 3-də hökümət kampensasiyadan narazı sakinlərin evlərinin sökülməyəcəyini açıqladı. Eyni gündə aksiya keçirməyə cəhd edən narazı sakinlərdən bir neçəsinin sutkalıq həbs cəzası aldığı məlum olub. Hakimiyyət ilin sonunda sökülən ərazilərin ölçülməsi və inventarlaşma işlərinn birinci mərhələsinin başa çatdığını və 1500-dən çox evin və yaşayış sahəsinin söküldüyünü açıqlayıb.

“Nurçu” əməliyyatı
Mart ayında yerli mediada Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov tərəfindən Pensilvaniyada yaşayan "Hizmet" hərəkatının lideri Fethullah Gülene yazıldığı iddia olunan məktubun dərc olunmasından sonra Aslanov vəzifəsindən azad edildi. Aprel ayında Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Bakıya səfərinin ardınca Daxili İşlər NazirliyiGöyçayda və Bakıda keçirilən əməliyyatlarda "nurçu" təriqətinə aid "yayılması qadağan olunan" ədəbiyyat və bəzi əşyalar götürüldüyünü açıqlasa da, saxlanılanların sayı və hansı cinayətdə ittiham olunmaları açıqlanmayıb. Rəsmi qurumlar saxlanılanların dindirildikdən sonra sərbəst buraxıldığını bildiriblər.

N!DA fəallarına hökm
Mayın əvvəlində kütləvi iğtişaşların təşkili və narkotik maddə ittihamı ilə həbs edilən və 2013-cü ilin sonunda məhkəmə istintaqı başlayan səkkiz N!DA fəalına hökm oxunub. Beynəlxalq ictimaiyyət və insan hüquqları təşkilatı bu qərarı tənqid edib Gənc fəallara 6-8 il həbs cəzası verilməsinə etiraz edən və onları dəstəkləmək üçün məhkəmə önünə toplaşanlar “Azad et” şüarı səsləndirərək aksiya keçirməyə cəhd edib. Aksiyanı işıqlandıran jurnalistlərə zorakılıq edilib, ondan çox ictimai fəal saxlanılıb. Polislə qarşıdurmada saxlanılan fəallardan üçü 400-600 manat cərimə olunub, beş gənc fəal inzibati həbs cəzası verilib, üç nəfərə xəbərdarlıq olunub, iki gənc fəalın aksiya günü cərimə olunaraq sərbəst buraxıldığı məlum olub. Saxlanılanlar "yeri, vaxtı, küçə yürüşünə münasibətdə marşrutu qanunla müəyyən edilmiş qaydada razılaşdırılmamış toplantıda iştirak etməyə görə" cərimə və 1 sutkalıq həbs olunub.

AŞ Nazirlər Kabinetinə sədrlik
Mayın 6-dan Azərbaycan Avropa Şurası Nazirlər Kabinetinə 6 aylıq müddətində sədrlik vəzifəsinin icrasına başlayıb. İyunun 24-də Avropa Şurası Parlament Assambleyasında prezident İlham Əliyev təşkilatın prezidenti AŞ-ın baş katibi Thorbjorn Jaglandla görüşündə İsmayıllı hadisələrinə görə mart ayında 7 illik həbs cəzası alan REAL Hərəkatının sədri İlqar Məmmədovun məsələsi qaldırılıb. Prezident hökümətin Avropa Məhkəməsinin Məmmədovla bağlı 22 min dollar cərimə ödəməsi ilə bağlı qərarından şikayət etmək hüququnun olduğunu desə də, onun azad olunacağı haqda bir söz deməyib. Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın sədrliyinin prioritetlərini açıqladıqdan sonra ölkədə insan hüquqları vəziyyəti barədə sualları cavablandırarkən deyib ki, “bəzi nöqsanlar, neqativ hallar əlbəttə var və bu məsələlərin arxasında bəzi qüvvələr var, bunlar da bəzən qonşu ölkələrdən, bəzən Avropadan gəlir”. Prezidentin AŞPA-da çıxışı zamanı daha çox Dağlıq Qarabağ münaqişəsindən danışsa da, Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı suala ölkədə “siyasi məhbuslar yoxdur” deyə cavablandırıb və bu sualları “ qərəzli və xüsusi adamlar tərəfindən yazıldığını deyib.
“Türk lisey”lərinin bağlanması
İyunun 18-də "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" (ABTM) təsisçilərinin keçirdiyi yığıncaqda 11 lisey və Araz Kurslarının fəaliyyətinin dayandırması qərara alınıb. Mərkəzin təsisçilərindən biri Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev liseylərin Təhsil Nazirliyinin balansına verilməsini şərh edərkən deyib ki, “neftçi neft çıxarmaqla məşğul olmalıdır”. Nazirlik liseylərdə oxuyan şagirdlərin sərbəst seçim əsasında təhsil müəssisələrinə yerləşdiriləcəyini, pedaqoji heyətin yerləşdirilməsi üçün isə işçi qrupun yaradıldığını açıqlayıb. Ekspertlər Azərbaycanda "türk liseyləri" kimi tanınan orta ümumtəhsil məktəbləri və hazırlıq kurslarının faəliyyətini dayandırmasını "siyasi qərar” adlandırıb və hətta Erdoğanın səfəri zamanı həmkarı Əliyevdən bu məktəblərin bağlanmasını xahiş etdiyini iddia edənlər də var.

Həbslər
Aprelin 29-da “Ayna-Zerkalo” qəzetinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi şərhlər yazan jurnalisti Rauf Mirqədirov saxlanıldıqdan sonra ona qarşı “dövlətə xəyanət” ittihamı irəli sürüldü. Ardınca ölkədə fəaliyyət göstərən və əsasən hakimiyyəti tənqid edən yerli insan hüquqları ilə məşğul olan qeyri-hökümət təşkilatları və bu sahədə layihələr həyata keçirən xarici QHT-lərin yerli nümayəndəliklərinin bank hesabına Baş Prokurorluğun vəsatəti əsasında həbslər qoyuldu. Üstəlik parlamentdə QHT-lərlə bağlı qanunda dəyişikliklər bu sahədə fəaliyyət göstərən QHT-lərin çoxunun bağlanması və fəaliyyətsiz qalması ili nəticələndi. Avqust ayının əvvəlində Azərbaycan-Ermənistanın vətəndaş cəmiyyətlərinin “xalq diplomatiyası” çərçivəsində görüşlərində iştirak edən hüquü müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, konfliktoloq Arif Yunus casusluqda ittiham edilərək həbs olundu. Bir həftə içərisində hüquq müdafiəçisi və Bakıda keçirilən “Eurovision” yarışması öncəsi “Demokratiya naminə oxu” kampaniyasının rəhbəri Rəsul Cəfərov, Avropa Məhkəməsinə hüquqlarının pozulması ilə müraciət edən siyasi fəalların hüquqşünası və hüquq müdafiəçisi İntiqam Əliyev QHT-lərə qarşı açılan cinayət işi ilə əlaqədar həbs olundu. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda Baş Prokurorluğun müstəntiqləri yoxlamalar apardı və ofis fəaliyyətini dayandırdı. İnstitutun rəhbəri, hüquq müdafiəçisi Emin Hüseynovun harada olduğu bu günə qədər məlum deyil.

Onun qardaşı Mehman Hüseynov bir neçə aylıq fasilədən sonra ictimaiyyət arasına çıxdı və onun həm ölkədən çıxışına qadağa qoyuldu, həm də şəxsiyyət vəsiqəsi hüquq-mühafizə orqanları tərəfindən götürüldü. Həbs dalğasının arxasınca avqustun sonunda hakimiyyəti tənqid edən “Azərbaycan saatı” proqramının aparıcısı və “Azadlıq” qəzetinin redaktoru Seymur Həzi xuliqanlıqda ittiham olunaraq həbs olundu. Vətəndaş cəmiyyətinin bir neçə üzvü Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dəfələrlə dindirildi. Son olaraq Azərbaycan hökümətini tənqid edən araşdırmalar yazan Xədicə İsmayıl ölüm həddinə çatdırma maddəsi ilə dekabrın 5-də həbs olundu.
Təmas xətti
Avqustun əvvəlində Azərbaycanla-Ermənistan sərhəddində intensive atışmalardan sonra cəbhədə atışmalar zamanı Azərbaycan Müdafiə Nazirliyi 13 əsgərin öldüyünü açıqlayıb. Tanınmamış Dağlıq Qarabağ Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlərdə 5 erməni əsgəri ölüb, 7-i isə yaralıdır. Atəşkəsin pozulmasına görə tərəflər bir-birini "kəşfiyyat-diversiya cəhdləri”ndə ittiham edib. Hər iki tərəf bir-birini itkiləri gizlətməkdə ittiham edib və digərinin daha çox itki verdiyini iddia edib. Bundan sonra Soçidə Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan üçtərəfli görüş keçirilib. Tərəflər Putinə atəşkəsin pozulmayacağı ilə bağlı vəd versələr də, Azərbaycanda təhlilçilər prezidentlərin görüşünün Rusiyanın regionda “güc nümayişi” kimi şərh edərək nəticə gözləmədiklərini bildiriblər.

Helikopterin vurulması
Noyabrın 12-də Azərbaycan hava məkanını pozduğunu dediyi və "Ermənistan Respublikası Silahlı Qüvvələrinə" məxsus Azərbaycan-Ermənistan sərhəddində Mi-24 tipli helikopteri vurulub, 3 ekipaj üzvü partlayışdan sonra yanaraq ölüb. Azərbaycan Müdafiə Nazirliyi helikopterin “döyüş kursuna enərək Azərbaycanın mövqelərini hücuma cəhd etdiyini” açıqlayıb. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinə hədəli bəyanatla cavab verib. Ermənistan Azərbaycanla sərhəddə geniş hərbi təlimlər keçirdiyindən Azərbaycanda təhlilçilər və Müdafiə Nazirliyi erməni tərəfinin “provokasiya xarakterli uçuşlar həyata keçirdiyini” bildirib. ATƏT helikopterin vurulmasını müharibəni qızışdıra biləcəyi ilə bağlı “narahat olduğunu” desə də, Bakı sakinləri hadisəni şərh edərkən müharibənin olacağına inanmadıqlarını deyiblər. Beynəlxalq qurumlar, o cümlədən ABŞ və Avropa tərəfləri “təmkinli olmağa” və məsələni araşdırmağa çağırıb. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, işğal olunmuş ərazilərin üzərindəki hava məkanı "uçuşlar üçün bağlı" elan edib, bu barədə beynəlxalq mülki aviasiya təşkilatının bütün üzvlərini məlumatlandırıb. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin cəsədləri götürməyə icazə vermədiyinə görə “vəziyyəti gərginləşdirməkdə” ittiham edib.

Bələdiyyə seçkiləri
Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. Namizədlərin qeydiyyatı və təbliğat təşviqat kampaniyası şərh edən Müsavat Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi seçki kampaniyasına “icra hakimiyyətlərinin müdaxilə” etdiyini və namizədlərin “əsassız” olaraq qeydiyyata alınmadığını qeyd edirdilər. Mərkəzi Seçki Komissiyası iddiaları qəbul etməyib.

Seçki günü məntəqələrdə müşahidə aparan Müsavat Partiyası seçki günü “saysız-hesabsız saxtakarlıqlara və çox saylı qanun pozuntularına yol verildiyini” açıqlayıb və yaydığı hesabatda və nəticələrin ləğv olunmasını tələb edib.

Demokratik Təşəbbüslər İnstitutunun müşahidəçilərinə əsasən MSK-nın seçici fəallığı ilə bağlı yaydığı məlumatlara alternative rəqəmlər yayıb və fərqin hər məntəqədə bir neçə min olduğunu iddia edib. MSK sədri Məzahir Pənahov 118 dairə və 5015 seçki məntəqəsi üzrə keçirilən seçkilərdə 1607 bələdiyyənin formalaşıb və 15035 lider namizədin müəyyənləşdiyini və komissiyaya heç bir rəsmi şikayət və ya müraciətin daxil olmadığını bildirib.

 http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/12/141226_azerbaijan_2014_events


Комментариев нет:

Отправить комментарий